Samir Əliyev: "Qiymət artımının məntiqi izahı var"
31 İyul 2018 12:50 İqtisadiyyatMəlum olduğu kimi, Tarif (qiymət) Şurasının keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
İqtisadçı Samir Əliyev açıqlamasında bildirib ki, ayrı-ayrı ölkələrdə stimullaşdırıcı tədbirlər görülür: "Azərbaycanda da, bu istiqamətdə işlər görülməlidir. Tıxacların qarşısının alınması məqsədilə ilə hökumət dəmiryolu nəqliyyatına daha həssas yanaşmalıdır".
S.Əliyevin fikrincə, hökumət dəmiryolu nəqliyyatını subsidiyalaşdırmalıdır: "Subsidiyalaşma odur ki, xidmət maya dəyərindən 50 faiz ucuza satılır. Geridə qalan 50 faizi xidmət üçün dövlət ödəyir. İndiki dövrdə bu istiqamətdə işlər aparılmalıdır. Qiymətin artırılması insanları yenicə üz tutduqları dəmiryolları nəqliyyatından uzaqlaşdıra bilər".
Onu da vurğulamaq yerinə düşər ki, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağıdır. Belə ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.
SİA