Bölgələrdə yeni istehsal və emal müəssisələri açılır
31 İyul 2018 12:11 İqtisadiyyatBu sahədə regionların sosial iqtisadi inkişaf proqramları xüsusi əhəmiyyətə malikdir
Regionların sosial iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları çərçivəsində bölgələrdə yeni-yeni emal və istehsal müəssisələri yaradılmaqdadır. Sözügedən proqramların icrası nəticəsində yeni sənaye parkları və sənaye məhəllələri yaradılıb ki, bu da ölkə iqtisadiyyatının ümumi inkişafında əhəmiyyətli rol oynayır. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın davamlı inkişaf etdirilməsi və diversifikasiyası, qeyri-neft sektorunun inkişafi, sənayedə rəqabətqabiliyyətli və ixracyönümlü, innovasiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması, iqtisadi fəallığın artırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Diqqətə çatdırıb ki, sənaye sahəsində biznes fəaliyyətinin dəstəklənməsi və istehsal sahəsində məşğulluğun artırılması məqsədi ilə sənaye zonaları yaradılır, sənayenin inkişafında əhəmiyyətli olan sənaye parklarında və sənaye məhəllələrində sahibkarların səmərəli fəaliyyəti üçün zəruri infrastruktur qurulur, güzəştli rejim tətbiq olunur və sənaye zonalarına sahibkarların marağı artır. Hazırda ölkədə kimya, təkrar emal, gəmiqayırma, yüngül sənaye, əczaçılıq və digər sahələrdə ixtisaslaşmış 5 sənaye parkı və 4 sənaye məhəlləsi yaradılıb. İxracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə investisiya təşviqi mexanizminin tətbiqi öz töhfəsini verir. Belə ki, indiyədək 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan artıq investisiyanın yatırılması və 19 minədək yeni iş yeri açılması imkanı yaradılıb, bunlardan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərir. Sənaye zonalarında rezidentlərin sayı 50-yə yaxınlaşır. Ümumi dəyəri 3,6 milyard dollar olan layihələr üzrə sənaye parklarına indiyədək 2,6 milyard ABŞ dollarınadək investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1 milyard dollaradan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Nazim Talıbov sənaye parkları, burada rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastuktur barədə məlumat verib, rezidentlərin 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eyni zamanda parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azad olunduğunu qeyd edib. Bildirib ki, regionun ən iri sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında bu ilin 18 iyul tarixində Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə "SOCAR Polymer"in Polipropilen İstehsalı Zavodu istismara verilib. Hazırda Sənaye Parkında 8 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisənin, o cümlədən SOCAR Polymerin Yüksək sıxlıqlı polietilen istehsalı zavodunun istifadəyə verilməsi nəzərdə tutulur. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov kiçik və orta sahibkarların fəaliyyətinin əlaqələndirilməsi, onlara göstərilən dəstəyin ünvanlılığının təmin edilməsi və bu sahənin inkişafının stimullaşdırılması məqsədilə yaradılmış agentliyin fəaliyyətinin təşkili istiqamətində tədbirlərin görüldüyünü, qurumun KOS-lara dəstək tədbirləri barədə danışıb, göstərilən xidmətlərin bir məkanda - "Kiçik və Orta Sahibkarlıq Evi"ndə birləşdirəcəyini qeyd edib.
Regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində bölgələrdə, xüsusən cəbhə bölgələrində müasir tələblərə cavab verən istehsal obyektlərinin açılması reallaşdırılır. Belə ki, İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində istixana və arıçılıq təsərrüfatları yaradılıb. İyulun 27-də bu təsərrüfatlar Cocuq Mərcanlı sakinlərinin istifadəsinə verilib. Bununla əlaqədar Cocuq Mərcanlıda İqtisadiyyat Nazirliyinin, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD" publik hüquqi şəxsin, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin, sahibkarların və Cocuq Mərcanlı sakinlərinin iştirakı ilə tədbir keçirilib.Tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və 2016-cı ilin aprel ayında həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı ilə strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayışın bərpa olunması və sakinlərin öz ata-baba yurdlarına dönməsi üçün əlverişli şəraitin yaradıldığını vurğulayaraq, Böyük Qayıdışa Cocuq Mərcanlıdan başlayan Azərbaycanın işğaldan azad olunacaq bütün torpaqlarımızda tikinti-quruculuq işləri aparmağa qadir olduğunu qeyd edib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin sürətlə aparılması 24 illik fasilədən sonra həyatın əvvəlki axarına qayıtması bunun əyani göstəricisidir. Şahin Musatafayev Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib, dövlət başçısının yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyata keçirilən birgə layihələrin Azərbaycan-Türkiyə dostluğunun daha bir nümunəsi olduğunu qeyd edib. Azərbaycanda regionların, xüsusilə sərhəd rayonlarının inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayan iqtisadiyyat naziri birgə layihənin Cocuq Mərcanlının sosial-iqtisadi inkişafında və sakinlərin məşğulluğunun təmin olunmasında əhəmiyyətini qeyd edib. Bildirilib ki, burada məhsullar "Cocuq Mərcanlı" brendi altında istehsal olunacaq. İqtisadiyyat naziri assosiasiya rəhbərlərini və sahibkarları Cocuq Mərcanlıda layihələrin icrasına dəvət edib.Türkiyənin Azərbaycandakı Səfirliyinin iqtisadiyyat müşaviri Can Memduh Erdem və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin Proqram Kordinatoru Adəm Urfa Türkiyə-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, birgə layihələrin reallaşdırıldığını diqqətə çatdırıb, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə kənd təsərrüfatının inkişafında önəmini vurğulayıblar.
Qeyd edək ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 15 ədəd hər biri 160 m2 sahəyə malik polietilen örtüklü tunel tipli istixanalar qurulub. İstixanalar damcı suvarma sistemi ilə təchiz olunub, istifadəçilərə toxum, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlar verilib. Bunlarla yanaşı, layihə iştiraçılarına tərəvəzin becərilməsi ilə bağlı 3 ay müddətində təlim və məsləhət xidməti göstəriləcək. Birgə həyata keçirilən layihələr çərçivəsində həmçinin, Cocuq Mərcanlıda 15 ailənin hər birinə 10 arı ailəsi olmaqla 150 arı ailəsi verilib. Arı təsərrüfatlarının hər biri 10 ədəd iki mərtəbəli iyirmi çərçivəli yeşiklə, arıçılıq avadanlıqları və materiallarla (gəzdirmə qutusu, qəfəs, fırça, arıcı libası və s.), xəstəliklərə qarşı dərman vasitələri ilə təmin olunub. Birgə layihənin birinci mərhələsi çərçivəsində 30-dan çox Cocuq Mərcanlı sakininin məşğulluğu təmin edilib. Cocuq Mərcanlıda Türkiyə ilə birgə layihələrin həyata keçirilməsi davam etdirilir. Belə ki, burada daha bir layihənin - suvenir istehsalı müəssisəsinin tikintisinə başlanılıb. Müəssisədə istehsal sahəsi, sərgi zalı, yeməkxana və s. fəaliyyət göstərəcək. Müəssisənin bu ilin sonuna istifadəyə verilməsi nəzərdə tutulur. Burada istehsal olunacaq məhsullar "Cocuq Mərcanlı" brendi ilə satışa çıxarılacaq. Bunlarla yanaşı, Cocuq Mərcanlıda Türkiyə ilə daha bir birgə layihə çərçivəsində ilkin mərhələdə 150 başlıq cins heyvandarlıq kompleksinin yaradılması işlərinə başlanılıb. Birgə layihələrdə türkiyəli mütəxəssislərin təcrübəsindən də istifadə olunacaq.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir