Dövlət büdcəsinə yenidən baxılma hansı zərurətdən yaranıb?

Daxil olan əlavə vəsait hara xərclənəcək?

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi  2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsini keçirib. Adıçəkilən komitənin sədri, millət vəkili Ziyad Səmədzadə bildirib ki, ölkə Prezidenti İlham Əliyevin təqdimatı ilə parlamentə bir neçə qanun layihəsi daxil olub: "Həmin layihələrdən ilk öncəsi 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı sənəddir. Həmçinin, bununla bağlı başqa bir neçə qanun layihəsi də gündəmimizdədir. Qeyd edim ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ildə də uğurla inkişaf edib. Bu il bizim üçün çox uğurlu olub. Dünyada baş verən qlobal maliyyə-iqtisadi böhrana, qlobal risqlərə baxmayaraq, Azərbaycan öz inkişaf tempini, sabitliyini qoruyub saxlaya bilib. Bütün bunlar isə nəticə etibarı ilə ölkə büdcəsində dəyişiklikləri zəruri edib. Hesab edirik ki, bu dəyişikliklər Azərbaycan iqtisadiyyatını daha gücləndirəcək, ölkənin iqtisadi inkişaf tempinə əlavə impuls, stimul verəcək".

Büdcə dəyişiklikləri ilə bağlı məlumatı isə maliyyə naziri Samir Şərifov məlumat verib. Bildirib ki, dövlət və ictimai büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi 2018-ci ilin büdcəsinə yenidən baxılmasını zəruri edib. Bundan başqa, dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur. Samir Şərifov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin mənfəətindən 500 mln. manat vəsaitin daxil olması proqnozlaşdırılır: "Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektoru üzrə gəlirin dürüstləşdirilməsinə də ehtiyac yaranıb. 1 milyard 27 milyon manat azaldılması zərurəti yaranıb ki, bu da Vergilər Nazirliyi xətti ilə bir sıra vergilərin əvvəlcədən ödənilməsindən irəli gəlir. Həmin vergilərin əvəzləşdirilməsi hesabına Vergilər Nazirliyi xətti ilə toplanan daxilolmaların məbləği qanunda nəzərdə tutulan büdcədən daha az toplanması ehtimal olunur. Həmin azalma 1 milyard 27 mln. manat məbləğində qiymətləndirilir. Vergilər Nazirliyi xətti ilə 500 mln. manat əlavə daxilolma nəzərə alınarsa, vəsaitin 527 mln. manat azaldılması təklif olunur. 2018-ci ilin dövlət büdcəsində gəlirləri 22 mlrd. 110 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 593,3 milyon manat çoxdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bəzi neft yataqları (Ümid, Qarabağ və Babək yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq Şirkətin nizamnamə kapitalının artırılması, idxal olunan təbii qazın "Azerenerji" Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün 300 milyon manat vəsaitin subsidiya şəklində ayrılması nəzərə tutulub". S.Şərifov qeyd edib ki, yenidən baxılma ilə bu ilin dövlət büdcəsində xərclərin 2 mlrd. 14 mln. manat artırılaraq 23 mlrd. 61 mln. manata çatdırılması nəzərdə tutulur. Bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 466,5 mln. manat və ya 31,1% çoxdur. Yenidənbaxılma ilə icmal büdcənin gəlirləri 28 mln. 86,8 mln. manat olacaq ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 3 mlrd. 981,1 mln. manat və ya 16,5% artacaq: "İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 6,4% və ya 1 mlrd. 600,2 mln. manat artırılaraq 26 mlrd. 537 mln. manat səviyyəsində proqnozlaşdırılır. Yenidənbaxılma ilə icmal büdcə kəsirlə deyil, 1 mlrd. 549,8 mln. manat profisitlə proqnozlaşdırılır". Nazir əlavə edib ki, büdcəyə daxil olan vəsaitdən Şərq-Qərb dəmir yolu dəhlizinin yenidən qurulması üçün "Azərbaycan Dəmir Yolları" QSC-yə 100 mln. manat ayrılması nəzərdə tutulur. Bundan başqa, kənd təsərrüfatına dövlət qayğısının artırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinə 98 mln. manat, təbii fəlakətlərin nəticələrinin daha çevik aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinə 20 mln. manat, turizmin inkişafı üçün Dövlət Turizm Agentliyinə 20 mln. manat, Bakı şəhərinin arxitekturası ilə bağlı yeni layihələrin icrasına üçün isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 9 mln. manat ayrılması nəzərdə tutulur. Eyni zamanda, "Ümid", "Babək", "Qarabağ" yataqlarının işlənməsinə 663 mln. manat ayrılması planlaşdırılır. 

Müzakirələr zamanı millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib ki, Azərbaycanın dövlət büdcəsindən xərcləmələr səmərəsiz və ədalətsizdir. 2018-ci il dövlət büdcəsi haqqında qanun"a dəyişikliklərlə bağlı qanun layihəsinə münasibət bildirən deputat büdcədə tikinti xərclərinin çox olmasını korrpusiyaya yol açan amil kimi qiymətləndirib: "Dövlət büdcəsinin 8,9%-i təhsilə, 1,1%-i elmə, 0,6%-i mədəniyyətə yönəldilir. Büdcədən insan inkişafına az vəsait ayrılır". Millət vəkili eyni zamanda, dövlət zəmanəti ilə götürülən vəsaitlərin, kreditləırin taleyi məsələsinə toxunub: "Bu məsələdə də çox ciddi problemlər var. Çünki bir çox qurumlar bu məsələdə şəffaflığa əməl etmirlər, həmin vəsaitləri təyinatı üzrə sərf etmirlər. Ona görə də bu məsələnin ciddi təhlili lazımdır". Ə. Məsimli bununla yanaşı, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılmasını təklif edib: "Bu il bir dəfə bu istiqamətdə artım baş verib. Ancaq yaxşı olardı ki, ən azı Cümhuriyyətimizin 100 illiyi ilə bağlı bir dəfə dəartım olsun. Çünki büdcədən maliyyələşən təşkilatlarda işləyən insanlarımızın əmək haqları çox azdır".

Millət vəkili Vahid Əhmədov isə deyib ki, son 4 ayın iqtisadi göstəricilərinə baxarkən, inkişafın baş verdiyi görünür: müsbət saldo yaranıb, Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 1,2 faiz artıb və bunlar yaxşı nəticələrdir. Onun sözlərinə görə, ancaq dövlət büdcəsinə dəyişikliklərdə Dövlət Neft Şirkətinə 1 milyard manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da düzgün deyil: "Axı biz özümüz neft-qaz istehsal və ixrac edən ölkəyik. Amma kompensayaya üçün 1 milyard manat vəsitin ayrılması nəzərdə tutulur. Bunu heç cür anlamaq olmur". Millət vəkili həmçinin yerlərdə, bölgələrdə problemlərin yaşandığını və bu problemlərin həlli üçün maliyyə vəsaitinin ayrılmasının daha zəruri olduğunu söyləyib: "Çünki yerlərdə bizlər oluruq. İnsanlar bizim üstümüzə gəlir. Yerlərdə elə problemlər var ki, həmin insanlarımızı, həm də onların təmsilçiləri olaraq bizləri narahat edir. Ona görə də bu problemlərin həlii üçün maliyyə ayrılması daha düzgün olardı".

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, 2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanıb. V. Gülməmmədov Hesablama Palatası adından qanun layihəsinin Milli Məclis tərəfindən qəbul olunmasını tövsiyə edib. Qeyd edək ki, dövlət büdcəsinin xərclər hissəsinin 2 milyard 13 milyon manat artırılması, neftin qiymətinin isə 55 dollar götürülməsi nəzərdə tutulur.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31