Ölkənin sosial-iqtisadi inkişafında yeni mərhələ

Regionların sosial-iqtisadi inkişaf proqramları bölgələrin inkişafında mühüm rol oynayır

Azərbaycan Respublikasında regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək  dövlətin qarşısında duran əsas vəzifələrdəndən hesab olunur. Bu baxımdan regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuş, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynamışdır. Xatırladaq ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının əsas mahiyətini  bölgələrdə sahibkarlığın inkişafı, dövlət dəstəyinin gücləndirilməsi və bütün bu məsələlərin bir-biri ilə əlaqəli şəkildə həll edilməsi təşkil edir. Odur ki, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, iş yerlərinin yaradılması və beləliklə, yoxsulluğun, işsizliyin aradan qaldırılması məsələlərin həllində sözügedən proqramların  böyük əhəmiyyət kəsb edir. Yəni, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdir. Ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq dövlət proqramlarında qarşıya qoyulan məqsədlərdəndir.  Məhz bu kimi amillər nəzərə alınaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın (2004-2008-ci illər) məntiqi davamı olaraq hazırlanmış sənəddə ölkə regionlarının inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, başlanmış inkişaf tədbirlərinin 2009-2013-cü illərdə də davam etdirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, yeni Dövlət Proqramı əvvəlkindən fərqli olaraq mühüm prioritet kimi Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına yönəldilmiş tədbirləri də özündə əks etdirib. Məhz ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu Dövlət Proqramının nəticəsi Azərbaycanda bütün infrastrukturun dünya səviyyəsinə çatmasına və Avropa Birliyinin meyarlarına bərabər olmasına şərait yaradacaqdır. Bu baxımdan Dövlət Proqramında ölkə iqtisadiyyatının bütün sahələri və regionlar üzrə indiyədək həll olunmamış bütün məsələlərin, o cümlədən bütün bölgələrdə hər bir kəndin konkret problemlərinin, əhalini narahat edən məsələlərin əks olunması prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Yeni sosial-iqtisadi inkişaf mərhələsində olan ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində dövlətin məqsədyönlü siyasətinə uyğun olaraq Dövlət Proqramında bütün regionlarda, eləcə də paytaxtda mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən müasir standartlara cavab verən təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidən qurulması, əlil və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulmuşdu.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatında mühüm əhəmiyyət kəsb etməklə, 2013-cü il ərzində makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və yeni iş yerlərinin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq aşağı düşməsində və əhalinin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynamışdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində həyata keçirilən təbdirlər nəticəsində ölkə iqtisadiyyatı üç dəfədən çox artıb. Sənaye istehsalı təxminən üç dəfə artıb, ölkə iqtisadiyyatına təxminən 130 milyard dollar sərmayə qoyulub. Dövlət proqramı çərçivəsində görülən işlər nəticəsində yalnız doqquz il ərzində ölkədə 2500-ə yaxın məktəb, 500-dən çox tibb müəssisəsi, 35 Olimpiya İdman Kompleksi və digər sosialyönümlü obyektlər istifadəyə verilmişdir. Təsadüfi deyil ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının əhəmiyyətini qiymətləndirən prezident İlham Əliyev qeyd edib ki, infrastruktur layihələri regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir: "Çünki biz bölgələrdə infrastruktur layihələrini demək olar ki, sıfırdan başlamalı idik. Bölgələrdə çalışan sahibkarlar bunu yaxşı bilir. Elektrik enerjisi, qaz, içməli su ilə bağlı problemlər tədricən aradan qaldırılır. İndi biz kənd yollarının tikintisi ilə ciddi məşğuluq. Əlbəttə, biz bütün işləri, yenə də demək istəyirəm ki, ardıcıllıqla və prioritetlər çərçivəsində həll etməli idik. Xüsusilə infrastruktur layihələrinə gəldikdə, ilk növbədə, magistral yolların tikintisi və təmiri aparılmalı idi. Ondan sonra kənd yollarının tikintisi aparılır. Yəni, bu proses davam edir və bölgələrdə yaşayış səviyyəsinin yaxşılaşdırılması, iş yerlərinin açılması, infrastruktur, o cümlədən sosial infrastruktur layihələrinin icrası bu gün reallıqdır. Bölgələr, şəhərlərimiz gözəlləşir, abadlaşır. Bölgələrdə yaşamaq üçün yeni şərait yaradılır".

Dövlət proqramları çərçivəsində görülən işlər deməyə əsas verir ki,  bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları müstəsna əhəmiyyətə malikdir. Məhz bu amil nəzərə alınaraq regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynamaqla, ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edir. Sosial-iqtisadi inkişafında yeni mərhələdə olan ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində dövlətin məqsədyönlü siyasətinə uyğun olaraq Dövlət Proqramında bütün regionlarda mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidənqurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulmuşdur. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarətdir. Ümumilikdə, Dövlət Proqramının Tədbirlər Planında ölkə üzrə 1127 tədbir, o cümlədən ölkə əhəmiyyətli 43, iqtisadi və inzibati rayonlar üzrə 1084 tədbir nəzərdə tutulmuşdur. Dövlət Proqramının icrasına ölkə başçısının xüsusi diqqət və qayğısı nəticəsində 2014-cü ildə də regionlarda davamlı iqtisadi inkişaf təmin edilmiş, makroiqtisadi göstəricilərin daha da yaxşılaşmasına nail olunmuşdur. Hesabat ili ərzində ölkə iqtisadiyyatında istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki illə müqayisədə 2,8% artaraq 59,0 milyard manata çatmış, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 6264,1 manat (7985,9 ABŞ dolları) təşkil etmişdir. Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 7% artmışdır. 2014-cü il ərzində ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17,6 milyard manat vəsait yönəldilmişdir. Ölkə üzrə həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi və iqtisadi sabitliyin qorunub saxlanması nəticəsində 2014-cü il ərzində 9,1 mindən çox yeni müəssisə və 100 mini daimi olmaqla 123 min yeni iş yeri yaradılmışdır. Ümumilkdə, 2014-cü il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 4,8% artaraq 39,4 milyard manata çatmış, onun hər nəfərinə düşən həcmi isə 3,5% artaraq 4180,5 manat təşkil etmişdir. Sadalanan faktlar isə regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının əhəmiyətini bir daha sübut etmiş olur.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31