Regionların sosial-iqtisadi inkişaf proqramları Şəkidə ənənəvi sahələrin inkişafına təkan verib

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çərçivsində Şəki rayonunda kənd təsərrüfatının nkişafı istiqamətində bir sıra uğurlara imza atılıb. Belə ki, ənənəvi sahələrdən olan baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində "Şəki-İpək" ASC-nin fəaliyyətində ciddi dönüş yaranıb. İki il əvvəl Şəkidə 200 kiloqram barama istehsal edildiyi halda, ötən il istehsalın həcmi 18 tona çatdırılıb. Dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün 2018-ci ildə rayonda barama istehsalının 70 tona çatdırılması nəzərdə tutulur. Şəki Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, ötən ildə Şəkidə 406 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 25 faiz artıb. Hesabat dövründə rayonda iqtisadi və sosial sahələrin inkişafına 91 milyon manat həcmində investisiya yönəldilib. İnvestisiya qoyuluşu əvvəlki illə müqayisədə 3 dəfə artıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5 faiz artaraq 93 milyon manat olub. İl ərzində 2 min 985 yeni və daimi iş yeri açılıb. Respublikamızın ən iri aqrar rayonlarından olan Şəkidə məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, rayonun iqtisadiyyatında mühüm yer tutan taxılçılığın, həmçinin ənənəvi sahələrdən olan baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2017-ci ildə Şəkidə taxıl istehsalı əvvəlki illə müqayisədə 21 min ton artaraq 214 min ton olub. Baramaçılığın gələcək inkişafını təmin etmək, onun yem bazasını möhkəmləndirmək məqsədilə ötən ilin payız mövsümündə rayon ərazisində 140 min ədəd tut tingi əkilib. Əkilən tinglərin 67 mini intensiv tipli tut bağlarının salınması məqsədilə Çindən ölkəmizə gətirilən calaq olunmuş tinglərdir. Ötən ildə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 58 hektar artırılaraq 843 hektara çatdırılıb. Hesabat ilində rayonda 2 min 631 ton quru tütün istehsal olunub. İstehsalın həcmi əvvəlki illə müqayisədə 200 ton artıb. 2018-ci ildə tütün əkini sahələrinin artırılaraq 900 hektara çatdırılması planlaşdırılır. İxracyönümlü məhsullardan olan fındıqçılığı inkişaf etdirmək məqsədi ilə 2017-ci ildə rayon ərazisində 469 hektar sahədə yeni fındıq bağları salınıb və bu istiqamətdə işlər davam etdirilir. Hazırda rayonda fındıq bağlarının ümumi sahəsi 2 min 262 hektardır.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası zamanı rayonda tikinti-abadlıq işləri də diqqət mərkzində olub. Belə ki, 2017-ci ildə Şəkidə əsas kapitala yönəldilmiş investisiyanın 83 milyon manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sifarişi ilə Şəki şəhərində "ASAN həyat" kompleksinin tikintisi işlərinə başlanılıb. "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində "ABAD"ın keramika üzrə xalq sənətkarlıq mərkəzinin fəaliyyət göstərəcəyi binada aparılan yenidənqurma işləri başa çatıb. Azərbaycan Prezidentinin 2017-ci il 27 sentyabr tarixli Sərəncamına əsasən Kiş kəndindəki qədim alban məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması işlərinə başlanılıb. 2016-cı ilin iyulunda baş vermiş güclü leysan yağışları nəticəsində sel sularının dağıtdığı Kiş çayının üzərindəki körpünün yerində inşa edilən bir aşırımlı 80 metr uzunluğunda körpünün tikintisi başa çatdırılıb. Ümumi uzunluğu 17,1 kilometr olan Şəki-Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunda tikinti işləri davam etdirilib. Dövlət proqramlarının icrası əhalinin kommunal xidmətlərlə təmin olunmasında da əhəmiyyətli rol oynayıb. Təkcə ötən il 1311 mənzil təbii qazla təmin edilib. Şəki şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində işlər görülüb.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları Şəkidə cari ildə də uğurla icra edilib. Belə ki, 2018-ci ilin birinci rübündə Şəki rayonunda faktiki qiymətlərlə 95 milyon 232 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artıb. Buraxılan məhsulun 9 faizi dövlət, 91 faizi isə özəl bölmənin payına düşür. Cari ilin birinci rübündə Şəkidə bütün maliyyə mənbələri hesabına iqtisadiyyatın inkişafına yönəldilən investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə mqayisədə 4 dəfə artaraq 14 milyon 751 min manat olub. Bu müddət ərzində rayonda 257 yeni iş yeri açılıb. Üç ay ərzində rayonda məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, rayonun iqtisadiyyatı üçün ənənəvi sahələrdən hesab olunan taxılçılıq, heyvandarlıq, tütünçülük və baramaçılığın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2018-cı ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 67 min 121 hektar sahəyə aqrotexniki qulluq olunub. Cari ildə rayonda 8 min hektar sahədə yazlıq bitkilərin əkini nəzərdə tutulur. Artıq 1310 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilib. Hazırda 2018-ci ildə rayonda 860 hektar sahədə tütün əkini planlaşdırılır. Əkin zamanı əsasən "Virciniya", "Berley", "İmunni-580", "Zaqatala-67" tütün sortlarından istifadə olunacaq. Tütün əkini üçün 40 min kvadratmetr sahədə şitil yetişdirilib və aprelin 20-dən sonra şitillər sahələrə köçürüləcək. Eyni zamanda, bu il rayonda 62 ton yaş barama istehsalı nəzərdə tutulur. Yaz mövsümündə rayon ərazisində 97 hektar sahədə yeni fındıq bağları salınıb və bu iş davam etdirilir. Cari ilin birinci rübündə rayonda həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş Heydər Əliyev Mərkəzinin tikintisi hazırda sürətlə davam etdirilir. Bu ərazidə, həmçinin Ulu Öndərin adını daşıyan park, Bayraq Meydanı və şəhər icra hakimiyyəti üçün yeni binanın tikintisi də nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sifarişi ilə şəhərin Zərifə Əliyeva küçəsində inşa olunan "ASAN həyat" kompleksinin tikintisi də sürətlə davam etdirilir. "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində "ABAD"ın keramika üzrə xalq sənətkarlıq mərkəzinin fəaliyyət göstərəcəyi binada aparılan yenidənqurma işləri artıq başa çatıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Kiş kəndindəki qədim alban məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması işləri davam etdirilib. Şəki-Kiş kəndi-Marxal istirahət zonasına gedən və ümumi uzunluğu 7,2 kilometr olan avtomobil yolunun torpaq yatağı hazırlanıb, yola birinci qat asfalt örtüyü döşənib, beton arxlar, piyada səkiləri və istinad divarları tikilib. Hazırda ərazidə tikinti işləri davam etdirilir. Üç ayda 1406 mənzil təbii qazla təmin edilib. Şəki şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində bir sıra işlər görülüb.
Refionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çərçivəsində infrastruktur layihələrinə də xüsusi diqqət yetirilib. Belə ki, Şəki rayonunda xüsusi əhəmiyyətə malik, uzunluğu 50,9 kilometr olan Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Sözügedən yolun 21 kilometri respublika əhəmiyyətli R56 Kərimli avtomobil yoluna düşür. Odur ki, yolun bu hissəsi 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun yenidən qurulacaq. Yolun hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni 2,5 metr olmaqla, ümumi eni 12 metr təşkil edəcək. Başlanğıcını M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 17-ci kilometrindən götürən Kərimli avtomobil yolu R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna birləşməklə, bölgələri birləşdirmək baxımından xüsusi əhəmiyyətə malikdir. Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun qalan 29,9 kilometrlik hissəsi isə 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Burada yolun hərəkət hissəsi 7 metr, çiyinlər 2 metr olmaqla ümumi eni 10 metrdir. Hazırda layihə çərçivəsində yol boyu yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının inşası işləri aparılır. Daha sonra yol əsasının tikintisi və asfaltlanma işləri görüləcək. Ümumilikdə isə yolun 300 min kvadratmetrdən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Bundan başqa, yol boyu mövcud olan suötürücü borular yeniləri ilə əvəzlənəcək, zəruri yerlərdə yeniləri inşa ediləcək. Belə ki, yola müxtəlif diametrli 290 metr uzunluğunda beton, 450 metr uzunluğunda isə dəmir boruların quraşdırılması, mövcud 2 körpünün isə əsaslı şəkildə təmiri planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Xatırladaq ki, Şəki rayonunun Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolu 11 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Yenidənqurma işləri yol boyu yaşayan vətəndaşların xüsusən payız-qış aylarında gediş-gəlişlə bağlı yaşadıqları çətinlikləri aradan qaldıracaq, yük və sərnişin daşınmasını asanlaşdıracaq. Həmçinin respublikanın iki əsas avtomobil yoluna çıxış əldə olunmaqla rayonlararası məsafə dəfələrlə qısaldılacaq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31