Dünya Bankının GGFR təşkilatı Azərbaycanın təcrübəsini öyrənmək və dünyaya yaymaq istəyir
7 May 2018 15:44 İqtisadiyyatDünya Bankının "Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq" (GGFR) Təşkilatının illik toplantısı bu il mayın 7-də SOCAR-ın təşəbbüsü ilə, ilk dəfə olaraq, Azərbaycanda keçirilir.
"OLAYLAR" SOCAR-a istinadən xəbər verir ki, toplantı SOCAR ilə Dünya Bankının GGFR Təşkilatı arasında qlobal istiləşmə və iqlim dəyişmələrinin təsirinin azaldılması istiqamətində həyata keçirilən əməkdaşlığın 10-cu ildönümünə təsadüf edir. SOCAR, BP və Dünya Bankının GGFR Təşkilatının birgə layihəsi nəticəsində son illərdə atmosferə atılan ümumi 4,5 milyard kubmetrə qədər səmt qazı platformalarda tutularaq ölkənin qaz təsərrüfatına verilmişdir.
7-8 may tarixlərində keçiriləcək tədbir zamanı şamda yandırılan qazın azaldılması istiqamətində Azərbaycanın təcrübəsinin öyrənilməsi, əldə olunan yüksək nailiyyətlərlə yaxından tanışlıq və bu təcrübənin xaricdə tətbiqi məsələlərinin mümkünlüyünün müzakirəsi məqsədilə SOCAR-ın istehsalat ərazilərinə səfər təşkil olunacaqdır. Tədbirin işində dünyanın 18 ölkəsindən və 13 beynəlxalq neft-qaz şirkətindən 50 nəfər rəhbər şəxs və mütəxəssis nümayəndə təmsil olunur. Tədbirin açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, Dünya Bankının ölkə üzrə meneceri Nəvid Nəqvi, GGFR Təşkilatının rəhbəri Kristofer Qilbert, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramı üzrə Rezident nümayəndəsi Qulam İsakzai və BP, Chevron, Exxon, "Norwegian Petroleum", "Shell", "Statoil", "Total" və digər bu kimi beynəlxalq neft-qaz şirkətlərinin yüksək vəzifəli nümayəndələri iştirak edir.
Toplantıda çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: "Bu gün bəşəriyyət bir neçə qlobal xarakterli problemlə üzləşib ki, bunlardan biri də ətraf mühitin qorunmasıdır. Ekoloji problemlər bir ölkənin sərhədləri ilə məhdudlaşmır, bütün yer kürəsini əhatə edir. Bu səbəbdən SOCAR bu istiqamətdə əsas çalışmaları məhz beynəlxalq təşkilatlarla birgə həyata keçirir. Səmt qazının yandırılmasının azaldılması ətraf mühitin qorunmasına töhfə verməklə yanaşı, həm də bu dəyərli resursu ölkə iqtisadiyyatına qazandırır, iqtisadi dayanıqlığa xidmət edir".
.