Dövlət proqramlarının icrası qeyri-neft sektorunun inkişafına təkan verib

2004-cü ildən etibarən ölkədə uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının əsas hədəf və məqsədi, qarşısına qoyduğu vəzifələr ölkədə qeyri-neft sektorunun inkişaf etdirilmısinə nail olmaq idi. Etiraf edək ki, ötən illər ərzində sözügedən proqramların icrasının nəticəsində Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsaslı dərəcədə artım qeydə alınıb, bu sahədə ciddi irəliləyişlər əldə olunub. Təsadüfi deyil ki, elə ilk Dövlət Proqramı da qəbul edilərkən onun əsas məqsədi, vəzifələri və regional inkişafın prioritet istiqamətləri ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusi ilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarət olmuşdu. Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusi ilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulurdu. Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə nail olunması, eləcə də qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün ölkədə makroiqtisadi sabitliyin qorunması mühüm əhəmiyyət kəsb edirdi. Makroiqtisadi sabitliyi nəzərə alaraq dövlətin büdcə siyasətində iqtisadiyyatın prioritet sahələrinin modernləşməsi və onun effektivliyinin, uzunmüddətli dayanıqlılığının təmin edilməsi üçün şəraitin yaradılması, investisiya mühitinin daha da yaxşılaşdırılması prioritet vəzifələrdən sayılırdı. İqtisadi artımın, məşğulluğun, büdcə və valyuta gəlirlərinin əsas mənbəyi kimi qeyri-neft sektoru tarazlı və dayanıqlı iqtisadi artıma nail olunmasında və yüksək gəlirli iqtisadiyyatın formalaşmasında strateji amil rolunu davam etdirəcəkdi.

Təkcə 2004-2008, eləcə də 2008-2013-cü illəri əhatə edən Dövlət Proqramları deyil, həmçinin icrası yekun mərhələdə olan 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında da Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, 2004-cü ildən başlanılan prosesin davam etdirilməsi başlıca vəzifələrdən idi.  Bu istiqamətdə 2014-2018-ci illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtləri kimi orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi və gömrük dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının stimullaşdırılması tədbirlərinin davam etdirilməsi, taxıl istehsalının artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi, istehsalçıların ixrac yönümlü fəaliyyətinin stimullaşdırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması, Ümumi Daxili Məhsulda qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisinin yüksəldilməsi, ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə aqrar sektorun inkişafı davam etdirilib. Dövlətin məşğulluq siyasəti əhalinin məşğulluğunun inkişafına təsir edən investisiya mühitinin yaradılmasına, vergi, gömrük, təhsil və digər müvafiq sahələrlə bağlı siyasətin daha da təkmilləşdirilməsinə, yeni iş yerlərinin açılmasını stimullaşdıran institusional mühitin formalaşmasına yönəldilən tədbirlərin həyata keçirilməsindən ibarət olub. Qarşıdakı illərdə isə məşğulluq sahəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bura regional iqtisadi əlaqələrin genişləndirilməsi, ədalətli rəqabət mühitinin formalaşdırılması və inkişafı, əmək qanunvericiliyinə riayət olunmasına nəzarətin təmin edilməsi, neft ixracından əldə olunan gəlirlərin bir hissəsinin insan kapitalının inkişafına istiqamətləndirilməsi və elmi tutumlu sahələrin inkişafı ilə bağlı qabaqcıl texnologiya və innovasiyaların tətbiq edilməsi, təklif olunan işçi qüvvəsi ilə mövcud iş yerlərinin sayı arasında tarazlığı təmin edən şəraitin yaradılması, kənd yerlərində sosial və kommunal infrastrukturun daha da inkişaf etdirilməsi yolu ilə əhalinin miqrasiya səviyyəsinin azaldılması, qadınların və gənclərin məşğulluğunun səviyyəsinin artırılması daxildir. Qarşıdakı illərdə isə Azərbaycan Respublikasının vergi siyasətinin əsas istiqamətləri aşağıdakılardan ibarət olacaq. Vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin genişləndirilməsi, müasir informasiya kommunikasiyalardan istifadə etməklə elektron xidmətlərin genişləndirilməsi və təkmilləşdirilməsi, regionların iqtisadiyyatına investisiya qoyuluşunun və innovasiya fəaliyyətinin stimullaşdırılması, regionlarda sahibkarlıq fəaliyyəti üçün daha əlverişli vergi mühitinin yaradılması və s. Azərbaycan iqtisadiyyatının dünya iqtisadi məkanına inteqrasiya olunmasında, ölkənin iqtisadi təhlükəsizliyinin və daxili bazarının qorunmasında gömrük siyasətinin rolu əhəmiyyətli dərəcədə artır və ölkənin sosial-iqtisadi inkişafının təmin olunmasında əsas vasitələrdən biri kimi gömrük idarəçiliyinin daha da təkmilləşdirilməsi və şəffaflığa əsaslanan sistemin inkişaf etdirilməsi, sahibkarların və fiziki şəxslərin hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi, gömrük infrastrukturunun modernləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi işinin davam etdirilməsi 2014-2018-ci illərdə gömrük siyasətinin əsas prioritetləri olub. Qarşıdakı illərdə də iqtisadiyyatda maliyyə vasitəçisi rolunun dəstəklənməsi məqsədilə bank sisteminin likvidliyinin adekvat səviyyədə saxlanması siyasəti davam etdiriləcək və qeyri-neft sektorunun davamlı inkişafı hesabına iqtisadiyyatın diversifikasiyasının təmin edilməsində, regional inkişafın sürətləndirilməsində, sahibkarlıq təşəbbüsünün genişləndirilməsində və bu əsasda yoxsulluğun səviyyəsinin azaldılmasında bank sisteminin rolu əhəmiyyətli dərəcədə artırılacaq. Eyni zamanda  qarşıdakı illərdə bank sistemində daha sağlam rəqabət mühiti formalaşdırılacaq, regionlar keyfiyyətli və geniş çeşidli bank xidmətləri ilə tam təmin ediləcək, bankların kredit və investisiya imkanları artırılacaq, bank xidmətləri bazarında bərabər hüquqlu rəqabət mühitinin təşkilinə nail olunacaq. Bazar iqtisadiyyatının səmərəli və stabil fəaliyyətini təmin edən, sahibkarlıq fəaliyyətini potensial risklərdən qoruyan, iqtisadiyyatın inkişafı üçün uzunmüddətli investisiya mənbələrini yaradan səmərəli milli sığorta sisteminin formalaşdırılması ilə bağlı zəruri tədbirlər davam etdiriləcək. Ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafının təmin edilməsi baxımından iqtisadiyyata investisiyaların cəlb edilməsi xüsusi rol oynayacaq ki, investisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədilə əlverişli investisiya mühitinin yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Bu məqsədlə 2014- 2018-ci illər üçün dövlətin investisiya siyasətinin əsas istiqamətlərini bu prioritetlər təşkil edir. İnvestisiyaların qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsi, regional investisiya siyasətinin müasir inkişaf tendensiyalarına uyğun olaraq prioritetləşdirilməsi, ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin daha da gücləndirilməsi, insan kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyinin təmin edilməsi, nanotexnologiyalar və azkarbonlu istehsal sahəsinə dövlət investisiyalarının qoyuluşunun prioritetləşdirilməsi,  iqtisadiyyatın prioritet sahələrinə, o cümlədən ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə stimullaşdırıcı tədbirlərin sürətləndirilməsi, yaradılmaqda olan sənaye parklarına yerli və xarici investisiyaların cəlb edilməsi. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması nəticəsində yüksək keyfiyyətli, ixracyönümlü və rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi dövlətin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir. Bu sahədə həyata keçirilən dövlət siyasəti sahibkarlığa yaradılmış fəaliyyət mühitinin daha da yaxşılaşdırılmasına, dövlət himayəsinin təkmilləşdirilməsinə və dövlət-sahibkar münasibətlərinin yaxşılaşdırılmasının təmin edilməsinə yönəldiləcək. Qarşıdakı illərdə sahibkarlığın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçiriləcək ki, bura sahibkarlıq fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsi işinin davam etdirilməsi, dövlət-sahibkar münasibətlərinin digər institusional mexanizmlərinin daha da təkmilləşdirilməsi,  regionlarda sahibkarların maliyyə təminatının daha da yaxşılaşdırılması, sahibkarlığın istehsal, bazar və sosial infrastruktur təminatının yaxşılaşdırılması, o cümlədən, müasir bazar infrastrukturu mexanizmlərinin (maliyyə, bank və sığorta sisteminin, fond bazarının, audit, ipoteka, lizinq, françayzinq kimi xidmətlərin) inkişafının sürətləndirilməsi, regioinlarda kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi və gücləndirilməsi üzrə səylərin dəstəklənməsi. Sənayeləşmə siyasətinə uyğun olaraq, regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin, sənaye məhəllələrinin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək, innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye parklarının yaradılması istiqamətində işlər davam etdiriləcək. Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının inkişafına, modernləşməsinə, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının və ölkənin ixrac qabiliyyətinin daha da genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərəcəkdir. Sənayeləşmə siyasəti çərçivəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli və ixracyönümlü sənaye məhsulları istehsalı sahələrinin yaradılmasının təşviqi, qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesi və s.) inkişaf etdirilməsi, istehsal sahibkarlığının dəstəklənməsi üzrə dünya təcrübəsində müvəffəqiyyətlə tətbiq edilən təşkilati modellərin, o cümlədən sənaye parkları və biznes-inkubatorların yaradılması işlərinin davam etdirilməsi, özəlləşdirməyə açılmış sənaye müəssisələrində daha da şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi, mövcud sənaye müəssisələrində istehsalın texnoloji cəhətdən yenidən qurulması və ixtisaslı kadrlarla təminat mexanizminiın hazırlanması.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31