İri şirkətlər əcnəbilərə niyə üstünlük verirlər?

Yerli kadrlar əcnəbi mütəxəssislərlə rəqabətdə heç də geridə qalmırlar
 

Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə dünya ölkələrinin diqqətini cəlb etməyə başlayıb. Xüsüsən, xarici ölkə vətəndaşlarının ölkəmizə marağı və işləmək həvəsi yüksək səviyyədədir. Buna səbəb Azərbaycanın iş bazarında real iş yerlərinin kifayət qədər olması və müasir tələblərə cavab verməsidir. Elə bu səbəbdən də Azərbaycanda çalışmaq istəyən əcnəbilərin sayı ildən-ilə artmaqdadır. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, öz milli kadrlarımız arasında müəyyən işsizlik problemi yaşansa da, bəzi iri xarici şirkətlər məhz əcnəbi mütəxəssislərə üstünlük verirlər. Təbii ki, aldıqları əmək haqqı da Azərbaycan vətəndaşları ilə müqayisədə xeyli artıq olur. Ekspertlərin qənaətinə görə, Azərbaycanın əmək bazarında çalışan kifayət qədər əcnəbi miqrantlar var ki, onların Azərbaycan bazarında yer tutmaları elə də çətin məsələ deyil. Məlum olduğu kimi həm milli, həm də transmilli şirkətlər peşəkar işçiyə üstünlük verir və yüksək əmək haqqı da təklif edirlər. Təklifin cəlbedici olması istənilən şəxsin iş üçün müraciətinə əsas yaradır. Üstəlik Azərbaycanda fəqliyyət göstərən transmilli şirkətlər qeydiyyatda olduqları ölkənin vətəndaşları ilə işləməjdə maraqlı olurlar. Məsələ orasındadır ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlər nədənsə əcnəbi vətəndaşlara üstünlük verirlər. Hazırda bu sahədəki vəziyyət müqayisə edilməz dərəcədə fərqlidir. Məlumata görə, əmək haqqı məsələsində işə götürülən yerli kadrlarla əcnəbi mütəxəssilər arasında kifəyət qədər ciddi fərq var. Belə ki, eyni işi icra edən, eyni məsuliyyəti daşıyan xarici işçilər yerli kadrlardan 2-3 dəfə artıq əmək haqqı alırlar. İlkin məlumata görə, hazırda Azərbaycanda 30 mindən artıq əcnəbinin əmək fəaliyyəti ilə məşğul olması qeydə alınıb. Onların 10 mini sırf əmək kvotası çərçivəsində əmək fəaliyyətinə cəlb olunan insanlardır. 20 mindən bir qədər çox əcnəbi isə əmək kvotasından kənar, yəni qanunun icazə verdiyi sahələr üzrə (kvota tətbiq edilməyən sahələr, məsələn, xidmət, tikinti, ticarət, iaşə sahəsi) çalışır. 10 min işçi əsasən kimya, neft-qaz sahəsi, sənayenin müxtəlif sahələrində çalışanlardır.
Məlumata görə, əcnəbi vətəndaşlara üstünlük verənlər adətən xarici şirkətlər olur. Olar əcnəbini öz kanalları vasitəsilə xaricdən mütəxəssis kimi dəvət edirlər. Təcrübə də göstərir ki, həmin işçilər məhz şirkətin aid olduğu ölkədən dəvət olunur. Təbii ki, belə olduğu halda əcnəbiyə təklif olunan məbləğ onun ölkəsində olan orta əmək haqqından artıq olur. Məbləğ yüksək olmalıdır ki, mütəxəssis gəlib Azərbaycanda fəaliyyət göstərsin. O başqa məsələ ki, bəzən Avropa ölkələrindən gəlib Azərbaycanda fəaliyyət göstərən insanların aldıqları maaş öz ölkələrində aldıqları orta aylıq əmək haqqıdan çox olur. Hansı ki, həmin məbləğ Azərbaycanın orta aylıq əmək haqqından bir neçə dəfə artıqdır. Ancaq elə sahələr də var ki, həqiqətən də ona uyğun yerli kadrlar olmadığndan əcnəbi kadrlara ehtiyac yaranır.
İşə düzəlmə agentliyinin əməkdaşı Lalə Babayeva deyir ki, son zamanlar ölkəmizdə işə düzəlmək üçün xeyli sayda əcnəbi vətəndaşlar müraciət edirlər. Azərbaycanda işləməyə icazəsi olan əcnəbi vətəndaşları bir çox xarici şirkətlər məmuniyyətlə işə götürürlər. Məlum olduğu kimi əksər iri şirkətlərdə əcnəbi işçilərə üstünlük verilir. Əsasən neft şirkətləri, dəblə bağlı sahələr, butiklər, tikinti şirkətləri, təhsil kurslarında əcnəbi işçilərə ehtiyac müşahidə olunur. Həmçinin təhsil kurslarında ingilis və fransız dili müəllimlərinin də əcnəbilərdən olmasına üstünlük verilir. Xəstəxanalarda da xarici həkimlərin işləməsi həmin xəstəxanaların üstünlüyü kimi sayılır. Məhz bu kimi tələblər əcnəbilərin Azərbaycanda müxtəlif işgüzar sahələrdə karyera qurmaq, inkişaf etmək şanslarını artırır. Nəticədə yüksək səviyyəli kadrlar üçün elan edilmiş işlə bağlı müraciət edən yerli kadrlar ya kənarda qalır, ya da az əmək haqqı təklif olunur. Bununla da yerli mütəxəssislər qarşıda duran maneələri aşmaqda çətinlik çəkirlər. Buna baxmayaraq ölkəmizdə fəaliyyət göstərən transmilli şirkətlərdə, beynəlxalq müəssisələrdə və qurumlarda yüksək əmək haqqına işləyən vətəndaşlarımız çoxdur. Bəzən isə bu cür şirkətlərə vakansiya elan olunanda, yüksək əmək haqqı muqabilində işçi axtaranda kadr tapılmasında çətinliklər də üzə çıxır. Mütəxəssislər hesab edirlər ki, yüksək əmək haqqı yüksək texnoloji biliklər, dil bilgiləri ilə yanaşı, ixtisası mükəmməl bilməkdən asılıdır. Yəni bu meyarlar varsa, istənilən müsabiqədə nəinki iştirak etmək, hətta uğur qazanmaq şansı var. Lakin onu da qeyd edək ki, ölkədə fəliyyət göstərən bəzi şirkətlər nəinki mütəxəssiləri, eləcə də sıravi işçiləri xaricdən dəvət edirlər. Hansı ki, transmilli şirkətlərin üzərinə qoyulan vəzifələrdən biri də ondan ibarətdir ki, həmin şirkətlərdə çalışan işçilərin 80 faizini azərbaycanlılar təşkil etməlidir. Hələ əlillər üçün ayrılan kvotadan, belə şirkətlərin sosial məsuliyyət məsələlərindən danışmırıq.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, xaricdən ölkəmizə əcnəbi fəhlələr gətirilir və yerli işçilərimiz işsiz qalır: "Mənim əlimdə dəqiq məlumatlar var ki, Azərbaycanda birgə müəssisələr Əfqanıstandan, Pakistandan, Hindistandan çox ucuz işçi qüvvələri gətirirlər. Onları buradakı şirkətlərdə işlədirlər. 10-15 nəfər bir otaqda qalır. Bunun nəticəsində də yerli mütəxəssislərimiz işsiz qalır". Deputat bildirib ki, Azərbaycanda tikinti sektorunun 70-80 faizində şənbə və bazar günləri də işlər görülür: "Ya da insanlar 7-8 saatdan çox işlədilir. İnsanlar istismar olunur. Qara mühasibatlıq tərtib olunur. İnsanların həyatı gedir. Bu çox çətin və ağır məsələdir. Bunu yoluna qoymaq lazımdır". T.Kərimli deyib ki, ölkəmizdə çalışan əcnəbi şəxslərə yerli mütəxəssislərdən çox maaş verilir: "Yerli mütəxəssislərimizin maaşı onlarınkından çox aşağıdır. Bu halı da aradan qaldırmaq üçün müəyyən addımlar atılmalıdır".
Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31