Lənkəranda turizmin inkişafına təkan verəcək yol yenidən qurulur

Lənkəranda uzunluğu 22 km olan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.

Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki,  bu başlanğıcını M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürən yerli əhəmiyyətli Hirkan-Daştatük-Biləsər avtomobil yoludur.

Lənkəran rayonu Hirkan-Daştatük-Biləsər avtomobil yolunun ilk 10 km-lik hissəsi qara örtüklü, qalan 12 km-lik hissəsi isə torpaq örtüklüdür. Lakin uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Hazırda aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılır.

Hirkan-Daştatük-Biləsər avtomobil yolunun qalan 12 km-lik torpaq örtüklü hissəsinin çınqıl örtüklü olmaqla tikintisi nəzərdə tutulub. Bu çərçivədə yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə  27.5 min kub.m həcmdə yol yatağının karxana çınqılı ilə tikintisi, torpaq yatağının layihə hündürlüyünə qaldırlması üçün 130 min kub.m qruntun mexanizmlə kəsilərək, daşınması, yatağın normativ eninin alınması üçün 13 min kub.m III qrup qruntun daşınaraq avtoqreyderlə yayılması və vərdənə ilə kipləşdirilməsi işləri aparılır. Sadalanan işlər yekunlaşandan sonra 80 min kv.m sahədə yol əsasının 24 sm qalınlıqda qum-çınqıl  qarışığı ilə alt, 16 sm qalınlıqda isə optimal-qırmadaş qarışığı ilə üst layının tikintisi işlərinin aparılması nəzərdə tutulub.

Bundan başqa yolun müxtəlif nöqtələrində 800 m-ə yaxın istinad divarının dəmir-betonla tikilməsi və izolyasiyası, mövcud suötürücü borular istismara yaramadığı üçün yenisi ilə əvəz edilməsi və zəruri yerlərdə yenilərinin quraşdırılması, başlıqlarının dəmir-betonla təmiri və izolyasıyasi nəzərdə tutulub. Bu çərçivədə yol boyu 780 paqon-metr uzunluğunda 750, 1000, 1250 və 1500 mm diametrli suötürücü dəmir-beton boru quraşdırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31