ABŞ-ın Azərbaycandakı səfiri Energetika Nazirliyində olub
28 Mart 2018 11:32 İqtisadiyyatAzərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, görüşdə Azərbaycanla ABŞ arasında enerji sahəsində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı "Cənub Qaz Dəhlizi" layihəsinin ayrı-ayrı seqmentlərinin yekunlaşmaq üzrə olduğu vurğulanaraq cari ildə layihənin reallaşması ilə bağlı mühüm hadisələrin qeyd olunacağı bildirilib.
Görüşdə regional enerji əməkdaşlığına dair məsələlər, eləcə də Azərbaycanın OPEC+ formatında dünya neft bazarında sabitliyin qərarlaşmasında rolu və gələcək perspektivlərdən danışılıb. Hazırda neftin qiymətində müşahidə olunan artım, neft bazarında ehtiyatların azalması və tələb-təklif tarazlığının tədricən formalaşması Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin əməkdaşlığının nəticələri kimi qiymətləndirilib. Energetika naziri Robert Sekutanın ölkəmizdə diplomatik fəaliyyəti dövründə enerji sektorunda ikitərəfli əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfəni bir daha vurğulayaraq səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.