Azərbaycan İnvestisiya Şirkəti 1,2 mlrd. dollar investisiya cəlb edib
Martın 5-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) fəaliyyətinə dair Mətbuat Konfransı keçirilib.
5 Mart 2018 14:45 İqtisadiyyatMartın 5-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) fəaliyyətinə dair Mətbuat Konfransı keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə AİŞ-in icraçı direktoru Rövşən Nəcəf şirkətin fəaliyyəti barədə məlumat verərək, AİŞ-in sənaye, kənd təsərrüfatı, əczaçılıq, logistika və qida sənayesi sahələrində reallaşdırılan layihələrdə payçı qismində iştirak etdiyini vurğulayıb. Bildirilib ki, layihələrin ümumi dəyəri 1,2 mlrd. ABŞ dolları təşkil edir ki, bunun da 450 mln. ABŞ dolları xarici investisiyalardır. AİŞ-in payçı qismində iştirak etdiyi layihələr 2600 yeni iş yerinin açılmasına imkan yaradıb. Məlumat verilib ki, sənaye sahəsində dəyəri 300 mln. avro olan və quru istehsal texnologiyasına əsaslanan yeni sement zavodu layihəsində 10% paya malik olan AİŞ 2012-2015-ci illərdə layihədə uğurla iştirak edib. AİŞ-in payçı qismində iştirak etdiyi layihələrdən biri də ümumi dəyəri 470 mln. ABŞ dolları olan Bakı Gəmiqayırma Zavodudur. Bu zavod yeni gəmilərin və iri tonnajlı tankerlərin tikintisi və təmiri üzrə Xəzər dənizi hövzəsində ən müasir zavoddur. Artıq müəssisədə bir sıra gəmilər, o cümlədən "Xankəndi" sualtı tikinti gəmisi inşa edilərək istifadəyə verilib. Dünyada yalnız 10 ədəd olan və mürəkkəb mühəndislik həlləri tələb edən "Xankəndi" gəmisinin tikintisinin Azərbaycanda reallaşdırılması ölkəmizin bu sahədə mühüm uğurdur. Qazaxıstanda yerləşən Azərbaycanın xarici ölkədəki ilk Logistika Mərkəzi, "Milk-Pro" zavodu, "Səba" və "Azərtoxum" müəssisələri, "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" QSC də AİŞ-in payçı olduğu layihələrdəndir.Artıq Masazırda yodlaşdırılmış və rafinadlaşdırılmış qida duzunun istehsalı üzrə "Azərbaycan Duz İstehsalat Birliyi" QSC-nin, Sanqaçalda yeni logistik terminalının inşası məqsədilə yaradılmış "Sanqaçal Terminalı" QSC-nin və Ağstafada aqrotexniki xidmətləri kompleks şəkildə həyata keçirən "Ağstafa Aqroservis" MMC-də AİŞ payçı qismində iştirakını yekunlaşdırıb.