Aqrar sektorun inkişafına nə mane olur?

Ölkədə kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi diqqət yetirilir. Bu səbəbdən də aqrar sahənin inkişafını təmin edəcək qanunvericililk bazasının yaradılması istiqamətində ciddi iş aparılır.

Tahir Rzayev: "Ölkədə baytarlıq üzrə mütəxəssislər çatışmır"

Ölkədə kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi diqqət yetirilir. Bu səbəbdən də aqrar sahənin inkişafını təmin edəcək qanunvericililk bazasının yaradılması istiqamətində ciddi iş aparılır. Burada əsas məqsədin ixracyönümlü məhsulun istehsal edilməsi olduğundan mövcud qanunlarımız beynəlxalq standartlara uyğunlaşdırılır. Artıq ölkədə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb ki, sözügedən orqan satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət edəcək. Ancaq o da etiraf edilməlidir ki, bütün görülən işlərə baxmayaraq hələ də satışa keyfiyyətsiz, mənşəyi bəlli olmayan, eləcə də geni dəyişdirilmiş kənd təsərrüfatı məhsullarının çıxarılmasının şahidi oluruq. Qeyri-rəsmi məlumata görə, ölkədəki pomidorun 70, kartofun 40 faizinin GMO məhsulu olduğu iddia edilir.
Millət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev bildirib ki, ölkəyə GMO məhsulların 90 faizi xaricdən gətirilir: "Qanunla qadağan olunmasına baxmayaraq, bizdə də 10 faiz GMO məhsulu yetişdirildiyi istisna edilmir. Bunu dəqiq şəkildə aidiyyatı qurumlar açıqlaya bilər. Amma tamamilə razıyam ki, keçmişdə meyvə-tərəvəzdən aldığımız tamı ala bilmirik. Bəlkə də yetişdirilmə, saxlama müddəti təsir edir. Amma istənilən halda bu, faktdır. Götürək 20 il əvvəlki çiyələklə indiki çiyələyin müqayisəsini. Qabaqkı çiyələk 1 gün qalandan sonra xarab olurdu, amma ətri, dadı vardı. İndi çiyələk 20 gün qalır, nə ətri var, nə də dadı. Demək ki, tərkib dəyişib. Onun GMO olub-olmadığını mütəxəssislər yoxlamalıdır. Olsun alma, armud, naringi, portağal-heç biri özünəməxsus dadı, ətri vermir. Təkcə meyvə-tərəvəz deyil, ətin də dadı dəyişib. Bu da birbaşa yemləmədən, saxlama şəraitindən asılıdır. Otlaqda saxlanan mal-qara ilə, tövlədə jımıx, samanla qidalanan heyvanın ətindən fərqlənəcək. Yaxud qapalı şəraitdə, broylerdə yetişdirilən toyuqla, kənddə yetişdirilən toyuqlar fərqlənəcək. Yumurtalar da həmçinin. Ümid edirik ki, yeni yaradılan qurum bütün problemlərin aradan qaldırılmasında səmərəli çalışacaq, bizi də, sağlamlığımızı da qoruyacaq".
Millət vəkili Tahir Rzayev isə bildirib ki, bu gün ölkədə baytarlıq üzrə mütəxəssislərin çatışmazlığı hökm sürür: "Kolxoz və sovxozların dağılmasından sonra bu sahəyə diqqət xeyli zəifləyib. Bu gün ölkədə peşəkar, öz işini mükəmməl bilən mütəxəssislərə çox ciddi ehtiyac var. Digər tərəfdən, hazırda əhali arasında baytarlıq maarifləndirilməsi işlər günün tələblərinə cavab vermir. Məlum olduğu kimi fəsillərin dəyişməsi ilə əlaqədar heyvanlar və quşlar arasında kütləvi qırılma və təlafatlar baş verir ki, bunun səbəbləri hələ də əhaliyə aydın deyil. Yaxşı olardı ki, fəsillərin dəyişməsi ilə əlaqədar olaraq baytarlıq xidməti orqanları əhali arasında kütləvi izahat işlərinə lazımi əhəmiyyət versinlər. Bizim elektron və çap mətbuatında mütəmadi olaraq maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Lakin belə bir təbliğatın olması görünmür. Elə hallar olur ki, kütləvi şəkildə quşlar, yaxud kiçik buynuzlu heyvanlar qırılır, tələf olur, lakin bunun səbələri insanlara aydın şəkildə çatdırılmır. Başqa ölkələrdə olduğu kimi bizdə də müəyyən təcrübə var və həmuin təcrübədən istifadə etməklə istər hevandarlıq fermalarında, isətsə də quşçuluq müəssisələrində açıq verilişlərin təşkili, baş verən təlafatların səbələri, onların aradan qaldırılması yollarınin insanlara izah olunması olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, ticarət bazarlarında mənşəyi bəlli olmayan heyvandarlıq məhsulları satışa çıxarılır. Belə məhsullar açıq şəkildə efirlərə verilir və insanlar arasında qorxu və təlaş yaradır. Belə halda insanlar başqa ətləri də almaq istəmirlər. Məhz lazımi izahat işlərinin aparılmaması səbəbindən insanlar nə edəcəklərini bilmirlər. Yaxşı olardı ki, həmin məhsulu satışa çıxaran insanlar haqqında görülən tədbirlər barədə də məlumat verilsin. Çox təəssüf ki, belə hallar aşkar olunmur, əgər belə hallar varsa, onun aradan qaldırıması yolları haqqında baytarlıq mütəxəssisləri və müvafiq orqanların nümayəndələri tərəfindən lazımi məlumat verilsin. Belə halda insanlarda müəyyən rahatçılıq yaranar".
Millət vəkili, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, prezident İlham Əliyev tərəfindən imzalanan "Aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam ölkədə aqrar sektorun inkişafına böyük təkan verəcək: "Dövlət büdcəsindən 160 milyon manat vəsaitin ayrılması ölkədə kənd təsərrüfatının, aqrar sektorun inkişafına çox müsbət təsir göstərəcək və çox böyük töhfə verəcək. Azərbaycanda aqrar sektorun, kənd təsərrüfatının inkişafına dövlət qayığısı göz önündədir. Ümummilli lider Heydər Əliyevin dövründən başlayan, yəni, kənd təsərrüfatının inkişafına dövlət dəstəyi siyasəti ölkə Prezidenti İlham Əliyevin 15 illik hakimiyyəti dövründə də uğurla davam etdirilib, bu dəstək daha da artırılıb. Məhz bunun nəticəsidir ki, dünyada iqtisadi böhranın, qlobal kataklizmlərin yaşanmasına baxmayaraq, Azərbaycanda dinamik və sürətli inkişaf mümkün olub, kənd təsərrüfatının, aqrar sektorun dirçəliş prosesi, mərhələsi yaşanıb və bu yöndə işlər uğurla davam etdirilməkdədir. Azərbaycan bu gün özünü kənd təsərrüfatı,yerli ərzaq, qida məhsulları ilə tam təmin edir. Ölkədə taxıla tələbat tam ödənilib. Həmçinin, pambıqçılıq, tütünçülük, çaycılıq, çəltikçilik, baramaçılıq və digər sahələrlə bağlı önəmli addımlar atılıb və atılmaqdadır. Bu yöndə bir sıra sərəncam və fərmanlar imzalanıb, dövlət proqramları qəbul olunub.Kənd təsərrüfatının, aqrar sektorun inkişafına həsr olunmuş ümumrespublika müşavirələri keçirilib, ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən bu, yüksək səviyyəli dövlət tədbirlərində dövlət başçısı tərəfindən önəmli mesajlar verilib, mühüm tapşırıq və göstərişlər verilib. Eyni zamanda, kənd təsərrüfatı, aqrar sektor ilə məşğul olan insanlar, kənd əməkçiləri torpaq vergisindən başqa bütün növ vergilərdən azad olunublar. Bununla yanaşı, ölkədə kənd təsərrüfatının inkişafı yönümündə yeni əkinə yararlı torpaq sahələri istifadəyə verilib və sairə. Yəni, Azərbaycan dövlətinin, ölkə Prezidentinin aqrar sektorun inkişafına münasibəti, diqqət və qayğısı, bu qayğının nəticəsində də yaşanan inkişaf, intibah göz qabağındadır. Ancaq Sərəncamda da vurğulandığı kimi, uzun müddət istismarda olmuş kənd təsərrüfatı texnikasının bir hissəsinin texniki parametrlərinin və keyfiyyət göstəricilərinin müasir standartlara uyğun gəlməməsi səbəbindən, innovativ və yeni mütərəqqi becərmə texnologiyalarının tətbiqi ilə əlaqədar texnika parkının yenilənməsi, məhsul istehsalçılarının müasir kənd təsərrüfatı texnikasına tələbatının fasiləsiz və davamlı ödənilməsi sahəsində əlavə tədbirlər görülməsi zəruridir. Bu baxımdan da, ölkə Prezidenti bu məsələyə 160 milyon manat vəsait ayırıb. Hesab edirik ki, bu vəsait də balaca vəsait deyil, çox böyük vəsaitdir və tezliklə bu yöndə-nəzərdə tutulan məqsədlərin reallaşdırılması istiqamətində böyük töhfəsini verəcək. Azərbaycanın kənd təsərrüfatının inkişafında, onun texniki təminatının təmin edilməsində növbəti mərhələ yaşanacaq, Azərbaycan həm də güclü, inkişaf etmiş kənd təsərrüfatı ölkəsi kimi, dünyaya nümunə olacaq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31