Azərbaycan-İordaniya iqtisadi əlaqələri müzakirə edilib
Azərbaycan nümayəndə heyətinin İordaniyaya səfəri çərçivəsində Əmmanda iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri, Komissiyanın həmsədri Yarub Qudah ilə görüşüb.
21 Fevral 2018 12:52 İqtisadiyyatAzərbaycan nümayəndə heyətinin İordaniyaya səfəri çərçivəsində Əmmanda iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri, Komissiyanın həmsədri Yarub Qudah ilə görüşüb. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, Azərbaycan-İordaniya iqtisadi əlaqələrinin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələrin aparıldığı görüşdə Şahin Mustafayev bildirib ki, İordaniyada sabitlik hökm sürür və sərmayə yatırılması üçün münbit şərait yaradılıb. İran və Azərbaycan ərazilərindən keçməklə Rusiya və Avropaya kimi uzanan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İordaniya üçün də əhəmiyyətli ola bilər. Qeyd edilib ki, iş adamlarının əlaqələrinin genişləndirilməsi üçün AZPROMO və İordaniyanın aidiyyəti qurumu arasında əməkdaşlığın qurulması, ixrac missiyalarının təşkili, potensial ixrac məhsullarına dair qarşılıqlı məlumat mübadiləsinin aparılması məqsədəuyğundur.
Görüşdə investisiya sahəsində əməkdaşlığın inkişafı üçün Azərbaycan İnvestisiya Şirkəti ilə əməkdaşlıq, Ələt Azad Ticarət Zonasında və Azərbaycanda yaradılan sənaye parklarında İordaniya şirkətlərinin investor kimi iştirakı imkanları diqqətə çatdırılıb. Azərbaycanda birgə əczaçılıq müəssisəsinin yaradılması imkanlarını qeyd edən Şahin Mustafayev nəzərə çatdırıb ki, İordaniyadan Azərbaycana dərman preparatları ixrac edilir. Azərbaycan ilə birgə müəssisə yaradıldıqdan sonra isə istehsal olunan məhsulun çeşidi artar və bu əczaçılıq məhsullarının üçüncü ölkələrə ixracını da təşkil etmək olar. Bundan başqa, Azərbaycanda yaradılmış aqroparklarda İordaniya ilə birgə kənd təsərrüfatı avadanlıqları, aqrar və qida məhsulları istehsal oluna bilər. Nazir Şahin Mustafayev İordaniya şirkətlərini bu ilin mayında Bakıda keçiriləcək "Caspian Agro" və "WorldFood Azerbaijan" Sərgilərinə dəvət edib. Enerji, turizm, nəqliyyat, təhsil və səhiyyə sahələrində də əməkdaşlıq imkanları genişdir. Vurğulanıb ki, e-vizanın tətbiqi nəticəsində ötən il İordaniyadan Azərbaycana gələn turistlərin sayı 55% artıb. Turizm və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Bakı-Əmman birbaşa aviareysi açıla bilər.