İqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafını təmin edəcək
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar beynəlxalq təşkilatlar ərəfindən də müsbət dəyərlədirlir. Məlum olduğu kimi bir müddət öncə Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun (DİF) ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutub. Belə ki, ümumi daxili məhsulun alternativi kimi işlənib hazırlanmış inklüziv inkişaf indeksi insanların öz ölkələrində iqtisadi tərəqqini qiymətləndirdikləri meyarları daha dəqiq əks etdirir.
15 Fevral 2018 14:51 İqtisadiyyatBeynəlxalq təşkilatlar bu qənaətdədirlər
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar beynəlxalq təşkilatlar ərəfindən də müsbət dəyərlədirlir. Məlum olduğu kimi bir müddət öncə Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun (DİF) ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutub. Belə ki, ümumi daxili məhsulun alternativi kimi işlənib hazırlanmış inklüziv inkişaf indeksi insanların öz ölkələrində iqtisadi tərəqqini qiymətləndirdikləri meyarları daha dəqiq əks etdirir. Builki hesabatda Azərbaycan yalnız Litva və Macarıstandan geri qalaraq yeddi mümkün baldan 4,69 bal alıb. İnkişaf etmiş ölkələrin indeksində Norveç, İslandiya və Lüksemburq liderlik edirlər. Bu günlərdə isə Moody's beynəlxalq reytinq agentliyinin hesabatında Azərbaycanda gedən iqtisadi proseslərin müsbət qiymətləndirilib. Moody's ekspertlərinin gəldikləri qənaət bundan ibarətdir ki, Azərbaycanda iqtisadi şaxələndirmə ilə bağlı aparılan islahatlar ortamüddətli və uzunmüddətli dövrdə dayanıqlı iqtisadiyyatın güclənməsinə və genişlənməsinə xidmət edəcək. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, agentlik Azərbaycan iqtisadiyyatındakı sektorları ayrı-ayrılıqda dəyərləndirib. Moody's Azərbaycanda turizmi, beynəlxalq yükdaşımaları ayrıca xarakterizə edib və bu sahələrdən əldə edilən vəsaitlərdə artım olacağını proqnozlaşdırır. Agentlik Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində hökumətin apardığı islahatları və təşviqedici siyasəti müsbət dəyərləndirib. Hesabatda dəyərləndirildiyi kimi, təşviqedici siyasət və fiskal konsolidasiya ilə yanaşı, islahatlara maliyyə dəstəyi Azərbaycan iqtisadiyyatının dayanıqlılığını artıran amildir. İqtisadiyyatdakı artım dövlət vəsaiti hesabına baş verəcək. Bundan başqa, hesabatda Azərbaycan hökumətinin qeyri-neft sektorunun müxtəlif sahələrinin inkişafını sürətləndirdiyi qeyd olunur: "Hesabatda bildirilir ki, 2016-cı ilin dekabrında Prezident İlham Əliyev tərəfindən Strateji Yol xəritələri imzalanaraq qüvvəyə minib. Yol xəritələrində qeyd edilən sahələr arasında daha çox turizm, nəqliyyat və logistika inkişaf edib. Turizm infrastrukturunun inkişafı növbəti illərdə Azərbaycana əlavə turist axınına səbəb olacaq. Bundan başqa, Azərbaycan Çini və Mərkəzi Asiyanı Avropa (Şərq-Qərb dəhlizi), Rusiyanı İran və Cənubi Asiya (Şimal-Cənub dəhlizi) ilə birləşdirən əsas nəqliyyat və logistika mərkəzinə çevrilmək niyyətindədir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı artıq Xəzər dənizinin ən böyük limanı hesab edilir. Limanın Ələtdə ilk mərhələsinin qurulması isə 2018-ci ilin ortalarına təsadüf edəcək. Yeni liman azad ticarət zonasında yerləşməklə Bakının beynəlxalq hava limanı və dəmir yollarını əhatə edəcək ki, bununla da Azərbaycanın nəqliyyat infrastrukturu Rusiya, Gürcüstan və Türkiyə (Bakı-Tbilisi-Qars), eləcə də İranla birləşməklə daha da inkişaf edəcək.Sənəddə o da qeyd olunub ki, Azərbaycan hökumətinin şaxələndirmə planları fiskal xərclər hesabına başa gələcək. Vergi və gömrük təşviqatı qeyri-neft sektorunun inkişafının bir hissəsidir. Qiymətləndirməyə görə, təkcə nəqliyyat və logistika mərkəzinin qurulması üçün infrastruktur üzrə investisiya xərcləri 2017-ci ildə ümumi daxili məhsulun 5 faizinə bərabər olub".
Milləıt vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, ölkəmiz son illər ərzində sözün həqiqi mənasında mühüm iqtisadi inkişafa nail olub. Azərbaycan bu illər ərzində mühüm inkişaf yolu keçib, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar bu sahənin daha da inkişafına şərait yaradıb. Ümumilikdə Azərbaycanın son illərdə iqtisadiyyatının inkişafı həm də ölkəmizin nüfuzunun artması ilə bağlıdır: "Azərbaycan Prezidentinin qeyd etdiyi kimi ölkəmizin iqtisadi inkişafı Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması və onların sosial problemlərinin həllinə yönəlib. Görülən işlərin nəticəsində ölkəmizə investisiya qoyuluşu xeyli artıb. Ölkəmizdə kənd təsərrüfatına dair dövlət dəstəyi də keyfiyyət dəyişiklikləri ilə xarakterizə olunur. Kənd təsərrüfatı torpaq vergisindən başqa vergilərdən azadır. Azərbaycanda eyni zamanda ərzaq təhlükəsizliyi ilə bağlı böyük işlər görülür. Azərbaycan kənd təsərrüfatına göstərilən dəstəyə görə digər ölkələrdən fərqlənir. Azərbaycan Prezidentinin də söylədiyi kimi, bütün görülən işlərə baxmayaraq, qarşıda görəcəyimiz işlər çoxdur". Millət vəkili, fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə bildirib ki, Azərbaycan sosialyönümlü dövlətdir. Son 15 ildə Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin ən uğurlu nəticələrindən biri məhz sosial sfera ilə bağlıdır. H.Rəcəbli bildirib ki, ölkədə həyata keçirilən dövlət proqramları, aparılan islahatlar, reallaşdırılan mühüm tədbirlər son 14 ildə respublikada milli iqtisadiyyatın 3 dəfədən çox genişlənməsini, strateji valyuta ehtiyatlarının 23 dəfə artaraq 42 milyard dollara çatmasını, müasir sənaye quruculuğunu, aqrar sektorun istehsal və ixrac imkanlarının artmasını, milli sahibkarlar ordusunun güclənməsini təmin edib: "Ölkənin iqtisadi gücünün artması, maliyyə imkanlarının genişlənməsi isə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına, gəlir imkanlarının artırılmasına, hətta ən ucqar kəndlərdə belə əhalinin kommunal rahatlıqlarla təmin edilməsinə yönəldilib. Regionların dərin konseptual əsaslarla inkişaf etdirilməsi, ölkənin infrastruktur təminatının möhkəmləndirilməsi iqtisadi önəmi ilə yanaşı, həm də çox ciddi sosial mahiyyət daşıyır. İnsanlar ölkənin dinamik inkişafını bilavasitə yaşadıqları bölgələrdə, şəxsi həyatlarında hiss edirlər. Əlamətdar haldır ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Respublikada bütün sosial proqramlar uğurla yerinə yetirilir və yeni sosial təşəbbüslər irəli sürülür".
Zəka