Özəlləşdirilmə siyasəti müsbət nəticəsini verməkdədir

Azərbaycanda həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf kursunun mühüm istiqamətlərindən birini də özəlləşdirmə təşkil edir. Təsadüfi deyil ki, ötən müddət ərzində ölkəmizdə özəlləşdirmə siyasəti gözlənilən effektiv nəticələri verib və iqtisadi inkişafın sürətlənməsində, azad biznesin dərinləşməsində, xarici sərmayədarların respublikamıza axınında və milyardlarla dollar investisiyaların qoyuluşunda mühüm rol oynayıb.

Yeni iş yerləri yaradılır, ixrac imkanları genişlənir

Azərbaycanda həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf kursunun mühüm istiqamətlərindən birini də özəlləşdirmə təşkil edir. Təsadüfi deyil ki, ötən müddət ərzində ölkəmizdə özəlləşdirmə siyasəti gözlənilən effektiv nəticələri verib və iqtisadi inkişafın sürətlənməsində, azad biznesin dərinləşməsində, xarici sərmayədarların respublikamıza axınında və milyardlarla dollar investisiyaların qoyuluşunda mühüm rol oynayıb. Özəlləşdirmənin bütün iqtisadi-sosial sferaları əhatə etməsi qiymətlərin və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasına imkan yaradıb, valyuta bazarı formalaşdırılıb, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolu məhdudlaşdırılmaqla sahibkarlığın inkişafı üçün əlverişli mühit təmin edilib. Məlum olduğu kimi özəlləşdirmə sahəsində qarşıya qoyulan əsas məqsəd planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidi təmin etmək, sahibkarlıq sektorunu formalaşdırmaq, əhalinin geniş kütləsini bu prosesə cəlb etməkdən ibarətdir. Bu istiqamətdə əsasən ticarət, ictimai iaşə və xidmət sahələrinin özəlləşdirilməsi təmin edilib. Artıq özəlləşdirmə prosesi getdikcə iqtisadiyyatın daha geniş və aparıcı sahələrini (nəqliyyat, rabitə, tikinti, kimya, quşçuluq, şərabçılıq və s.) əhatə edib. Təhlillər göstərir ki, investisiya müsabiqəsi yolu ilə özəlləşdirilmiş dövlət müəssisələrinin fəaliyyətində özəlləşdirmədən sonra əsaslı dönüş yaranıb, müəssisələrin istehsal ahəngi bərpa edilib, zəruri investisiyalar cəlb olunub və rəqabətqabiliyyətli istehsal-texniki və istehlak təyinatlı məhsulların istehsalına nail olunub. Eyni zamanda, həmin müəssisələrdə yeni iş yerləri açılmış, minlərlə insan işlə təmin edilib. Bu gün ölkədə uğurla fəaliyyət göstərən bir çox müəssisələrə, o cümlədən iri müəssisələrə diqqət yetirsək görərik ki, əksəriyyəti vaxtilə özəlləşdirilmiş müəssisələrdir. Belə müəssisələrə iqtisadiyyatımızın bütün sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm, bankçılıq, rabitə, nəqliyyat və digər sahələrdə rast gəlmək olar. İndinin özündə də milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, ağır sənaye və maşınqayırmanın inkişaf etdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilməlidir ki, metallurgiya və digər iqtisadi sahələrə aid müəssisələrin özəlləşdirilməsi istehsal həcminin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Özəlləşən müəssisələr infrastruktur baxımından yenilənir, müasir avadanlıqlarla, yeni texnologiya ilə təchizatlanır. Belə müəssisələrin fəaliyyəti yeni iş yeri yaratmaqla məşğulluq səviyyəsinin artmasına, ixrac potensiallı məhsulların istehsalının çoxalmasına imkan verir. Nəzərə alsaq ki, özəlləşdirilən əksər müəssisələr regionlarda yerləşir, həmçinin bu, bölgələrin sosial-iqtisadi inkişafına da səbəb olur. Bir sıra qabaqcıl iqtisadi sahələrlə yanaşı dağ-mədən sənayesinə də özəl investisiyalar cəlb etməklə qara metallurgiya kompleksindən tam həcmdə istifadə olunması vacib əhəmiyyət daşıyır. Belə müəssisələrdən biri də 270 milyon tondan artıq dəmir filizi ehtiyatlarına malik olan "Daşkəsən Filizsaflaşdırma" Açıq Səhmdar Cəmiyyətidir. "Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar "Daşkəsən Filizsaflaşdırma" ASC-nin dövlətə məxsus səhmləri investisiya müsabiqəsinə çıxarılıb. Bu Açıq Səhmdar Cəmiyyəti qeyri-neft sektorunda ölkənin ən strateji metallurgiya müəssisəsi olmaqla investorlar üçün olduqca cəlbedicidir. Müsabiqənin dövlətin strateji maraqlarına uyğun və daha səmərəli keçirilməsi məqsədi ilə "KPMG" şirkəti açıq tender əsasında məsləhətçi qismində cəlb edilib. Özəlləşən səhm zərfinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi aparılıb, gələcək iqtisadi faydaların əldə edilməsi ilə müəyyən edilən investisiya dəyəri çıxarılıb. Mövcud qanunvericiliyə uyğun olaraq təşkilatlararası müsabiqə komissiyası yaradılıb. Müsabiqə komissiyasına daxil olan İqtisadiyyat, Maliyyə, Ədliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmlak Məsələləri Dövlət Komitəsi, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən məsləhətçi şirkətin tövsiyələri nəzərə alınıb. Eyni zamanda, müəssisənin özəlləşdirilməsi prosesinə strateji investorların cəlb olunması məqsədi ilə polad istehsalı üzrə ixtisaslaşan 50-dən artıq xarici şirkətə ünvanlı dəvət məktubları göndərilib. Yeri gəlmişkən qeyd edək ki, müəssisənin özəlləşdirilməsinə yerli şirkətlərlə yanaşı, ABŞ, Avropa, BƏƏ, Hindistandan olan potensial investorlar və konsorsiumlar maraq göstərir. Artıq həmin şirkətlərdən bəziləri ilə memorandumlar imzalanıb. Beynəlxalq səviyyəli ekspert, mühəndis və geoloqlardan ibarət nümayəndə heyətləri müəssisəyə səfər edərək çox sayda texniki və geoloji hesabatları yerində incələmişdir. Hazırda müəssisənin özəlləşdirilməsi istiqamətində həmin investorlar tərəfindən təhlillər davam etdirilir. Müsabiqə şərtlərinə əsasən müəssisəni özəlləşdirən investor dövlət büdcəsinə 100 milyon manatdan az olmayaraq ödəniş etməlidir. Həmçinin xammaldan hazır məhsuladək istehsal klasterinin qurulması məqsədi ilə 5 il ərzində yeni zavodların tikintisinə 600 milyon ABŞ dollarından az olmayaraq investisiya yatırmalıdır. Bundan başqa 1000 nəfərdən az olmayaraq yeni iş yeri təsis etməli, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarına olan borcları ödəməlidir. Müsabiqə üzrə ərizə və təkliflərin qəbulu müddəti 31 may 2018-ci il tarixinə qədər müəyyən edilib.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31