Azərbaycan nümayəndə heyəti Çində səfərdədir

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, səfərin ilk günü - fevralın 5-də İqtisadiyyat naziri Şahin Mustafayev bir sıra görüşlər keçirib. Çinin Nəqliyyat naziri Li Siaopan ilə keçirilmiş görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Çin ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edib.

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, səfərin ilk günü - fevralın 5-də İqtisadiyyat naziri Şahin Mustafayev bir sıra görüşlər keçirib. Çinin Nəqliyyat naziri Li Siaopan ilə keçirilmiş görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Çin ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti Çinə 5 səfər edib, dövlət başçısının səfərləri zamanı mühüm razılaşmalar əldə olunub, 2015-ci ildə "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair sənəd imzalanıb. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdəndir. Nazir Şahin Mustafayev Azərbaycan-Çin iqtisadi əlaqələri barədə məlumat verib, ölkələrimizin ticarət, investisiya, maliyyə və texniki əməkdaşlıq sahələrində əməkdaşlıq etdiyini, Çin şirkətlərinin Azərbaycanda müxtəlif layihələrdə iştirakını diqqətə çatdırıb. Azərbaycanın böyük nəqliyyat-tranzit potensialına malik olduğunu qeyd edən Şahin Mustafayev ölkəmizdə enerji resurslarının daşınması üçün müvafiq infrastrukturun yaradıldığını, Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyət göstərdiyini, Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan TANAP və TAP layihələrinin icrasının davam etdirildiyini bildirib. Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində ötən il Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verilib. Azərbaycanın hava, avtomobil və dəniz nəqliyyatı barədə danışan iqtisadiyyat naziri ölkəmizdə 6 beynəlxalq müasir hava limanının fəaliyyət göstərdiyini, Azərbaycanın Xəzər dənizində ən böyük donanmaya sahib olduğunu, Ələt Limanının tikintisinin davam etdirildiyini qeyd edib. "Trans-Xəzər Nəqliyyat Dəhlizi"nin üstünlüklərini diqqətə çatdıran Şahin Mustafayev bu dəhlizin coğrafi-iqtisadi, məsafənin və müddətin qısa olması, müvafiq infrastrukturun mövcudluğu baxımından əlverişli olduğunu deyib. İqtisadiyyat naziri Azərbaycan nümayəndə heyətinin sabah Pekində təşkil olunan "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında "Trans-Xəzər Nəqliyyat Dəhlizinin rolu"na həsr edilən Beynəlxalq Konfransda iştirak edəcəyini bildirib.
Nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan "Trans-Xəzər Nəqliyyat Dəhlizi"nin Çinin "Kəmər və Yol" təşəbbüsünün tərkib hissəsi olaraq dəstəklənməsində maraqlıdır. Bundan başqa, "Kəmər-Yol" təşviqinə dair Azərbaycanda tədbir keçirilə, Çin şirkətləri Ələt azad ticarət zonasına cəlb oluna, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ilə konteyner terminalının tikintisi və idarə edilməsi üzrə əməkdaşlıq həyata keçirilə bilər.Çinin Nəqliyyat naziri Li Siaopan Azərbaycan ilə Çin arasında əlaqələrin qədim tarixi olduğunu, son illər əməkdaşlığın bütün sahələrdə, o cümlədən nəqliyyat sahəsində inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Çinə rəsmi səfəri zamanı imzalanan sənədlər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın genişlənməsinə yeni imkanlar açıb. Azərbaycana Çin ilə əlaqələrin inkişafına və "Kəmər və yol" strategiyasının həyata keçirilməsinə verdiyi dəstəyə görə təşəkkür edən Li Siaopan ölkəmizin tarixən Avropa ilə Asiya arasında dəhliz rolunu oynadığını, Çin ilə Avropa arasında dəmir yolu əlaqəsində vacib tranzit ölkə olduğunu diqqətə çatdırıb. Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin Çinin "Kəmər və yol" strategiyası ilə üst-üstə düşdüyünü bildirən Çinli nazir Azərbaycanın İpək Yolunun bərpasına, bu istiqamətdə Transxəzər dəhlizinin yaranmasına yönəlmiş səylərini dəstəklədiyini, ölkəmizlə bundan sonra da tranzit sahəsində əməkdaşlığı davam etdirəcəyini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31