Azərbaycanın iqtisadi imkanları daha da genişlənir

Ayrı-ayrı dövlətlər öz rifahını beynəlxalq əmtəə dövriyyəsinin genişlənməsi hesabına artırırlar. Bu iqtisadi fikir azad ticarət nəzəriyyəsinin formalaşması və inkişafına xidmət edir. Lakin, qeyd etmək lazımdır ki, sözün əsl mənasında azad ticarət praktiki olaraq mövcud deyildir. Tarif və kvotaların mövcud olmadığı yeganə müasir dövlət demək olar ki, Honq Konqdur.

Ələt Azad Ticarət Zonası ölkənin gəlirlərini daha da artıracaq

Ayrı-ayrı dövlətlər öz rifahını beynəlxalq əmtəə dövriyyəsinin genişlənməsi hesabına artırırlar. Bu iqtisadi fikir azad ticarət nəzəriyyəsinin formalaşması və inkişafına xidmət edir. Lakin, qeyd etmək lazımdır ki, sözün əsl mənasında azad ticarət praktiki olaraq mövcud deyildir. Tarif və kvotaların mövcud olmadığı yeganə müasir dövlət demək olar ki, Honq Konqdur. Göstərilənlərlə yanaşı, bir çox dövlətlər üçün bazar münasibətlərinin inkişafına zəruri olan əsas amil xarici investisiyaların cəlb edilməsidir. Beynəlxalq iqtisadi münasibətlərdə tədricən öz yerini tapmış ümumi qaydaya əsasən, xarici investorlar ölkə ərazisinə yalnız kapital deyil, həmçinin, nəticə etibarilə ölkənin iqtisadi artımına xidmət edən təcrübə və biliklər də gətirirlər. Dünya sivilizasiyasının inkişafının müasir reallıqları müxtəlif regionlar, bloklar və ölkə qrupları arasında ziddiyyətlərin dərinləşdiyini göstərir. Müxtəlif dövlətlər arasında xarici kapitalın cəlb edilməsi uğrunda rəqabət getdikcə daha da artır. Bu, investorların cəlb edilməsi üçün istifadə edilən müxtəlif üsul və mexanizmlərin rolunu artırır. Son ilərdə isə bu üsul və mexanizmlərdən özünü ən çox doğruldanı kimi azad iqtisadi zonaların yaradılmasını göstərmək olar. XX əsrin ikinci yarısından etibarən azad (xüsusi) iqtisadi zonalar beynəlxalq iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmişlər. Dünya təsərrüfat əlaqələri üçün azad iqtisadi zonalar əsasən beynəlxalq əmtəə dövriyyəsinin fəallaşdırılması, investisiyaların səfərbər edilməsi, iqtisadi inteqrasiya proseslərinin dərinləşdirilməsi hesabına iqtisadi artımın sürətləndirilməsi faktoru və eyni zamanda inteqrasiya proseslərinin təşkilati formalarından biri kimi çıxış edir. Azad iqtisadi zonaların yaradılmasını Azərbaycanda da həyata keçirilən iqtisadi siyasətin tərkib hissəi kimi qəbul etmək olar. Elə bu səbədən də Ələt Azad Ticarət Zonası haqqında qanun layihəsinin Milli Məclisdə müzakirəsinə start verilib. Məlumata görə, qanun layihəsi Azərbaycanda Azad Ticarət Zonasının (ATZ) yaradılması üzrə konsaltinq xidmətləri göstərən dünyanın ən iri liman operatorlarından biri olan "Dubai Port World" şirkətinin mütəxəssislərinin iştirakı ilə hazırlanıb. Layihənin qısa müddət ərzində müzakirələrdən keçiriləcəyi gözlənilir. ATZ-nin bu ilin sonunadək fəaliyyətə başlayacağı gözlənilir. Maraqlıdır, bəs Azad Ticarət Zonasının yaradılması Azərbaycana nə verəcək?
Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, son illər dünyada baş verən hadisələr nəqliyyat və logistika sahəsində alternativlərin olmasını obyektiv zərurətə çevirib: "Hərtərəfli əsaslandırılmış strateji yanaşma əsasında əlverişli şərtlər təklif etməklə, alternativ kimi Bakı Beynəlxalq Dəniz Ticarət Limanının xeyli dərəcədə logistik mərkəzə çevrilməsinə nail olmaq olar. Ona görə də xüsusən son 2 ildə xüsusi prezident sərəncamları ilə bu məsələnin uğurlu həllinə yönəlik cox ciddi yanaşma və işlər ortaya qoyulub. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi timsalında ölkəmizdə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsinə təkan verəcək. İşlər nəzərdə tutulduğu səviyyədə qurulsa, Ələt Azad İqtisadi Zonasının sözügedən geosiyasi və geoiqtisadi effektləri ilə yanaşı, quruculuq, iqtisadi, innovasion, sosial və sair səpkili effektləri də olacaq. Çox güman ki, Ələt Azad İqtisadi Zonasının (AİZ) əsas həlqəsi xeyli müddət Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi olacaq və onun fəaliyyətinin genişləndirilməsi daşınmaların həcminin də artmasına müsbət təsir göstərəcək". Bu sahə ilə məşğul olan rəsmilərin açıqlamalarına görə, Ələt Azad İqtisadi Zonasının eyni zamanda həm də istehsal zonası xarakterli olacağı düşünülür. Ə.Məsimli hesab edir ki, bu işin təməli düzgün qurulsa, qeyri-neft sektoruna əlavə şirkətlər cəlb etmək olar: "Qeyri-neft sektoruna xarici investorların gəlməsi isə əlavə sərmayə, maliyyə, qabaqcıl texnologiya, müasir tələblərə cavab verən idarəetmə təcrübəsi və mədəniyyəti, rəqabət qabiliyyətli çoxsaylı təsərrüfat subyektlərinin yaradılmasıdır. Və bu, ölkənin qeyri-neft ixrac potensialının əhəmiyyətli dərəcədə yüksəlməsi, bütün bunlar isə qeyri- neft ÜDM-in artması və Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması istiqamətində zəruri bir addımın atılması deməkdir".
Qanunla Ələt Azad İqtisadi Zonasına yüksək müstəqillik verilməsi nəzərdə tutulur. Millət vəkili deyir ki, dünyada yaradılan azad iqtisadi zonaların xeyli hissəsi postsovet məkanında, xüsusən də Rusiyada yaradılan zonaların isə əksəriyyəti öz potensialına uyğun səviyyədə səmərəli fəaliyyət göstərə bilmir: "Ələt Azad İqtisadi Zonası haqqında qanun layihəsi daha çox 1985-ci ildə Dubayda yaranmış və dünya praktikasında uğurla fəaliyyət göstərən azad iqtisadi zonalardan biri kimi özünü təsdiq etmiş Cəbələli azad ticarət zonasının fəaliyyət prinsiplərini özündə əks etdirən modelə uyğun hazırlanıb. Bu sahə ilə məşğul olan rəsmilərin açıqlamalarına görə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ətrafında da Dubaydakına bənzər bir AİZ modelinin reallaşdırılması nəzərdə tutulur. Qanunun fəlsəfəsi təsərrüfat subyektləri üçün maksimum əlverişli vergi, gömrük, lisenziyalaşdırma, viza rəsmiləşdirilməsi və sair rejimləri yaratmaqla Ələt Azad İqtisadi Zonasını xarici şirkərlər, investorlar üçün cəlbedici etməkdir. Yəni belə zonalarda kənar müdaxilələr ehtimallarını məhdudlaşdırmaqla, AİZ-in səlahiyyətli qurumuna geniş səlahiyyətlər verilir və səmərəli fəaliyyət imkanları yaradılır. Təsərrüfat subyektləri xüsusi rejim altında fəaliyyət göstərirlər. Dubaydakı AİZ-dəki kimi Ələtdə də birpəncərəli sistemin tətbiqi nəzərdə tutulur. Azad iqtisadi zonalar yaradılarkən mühüm şərtlərdən biri də tətbiq olunan modeldə həmin ölkənin spesifikliklərinin çox zəruri məqamlarının nəzərə alınması mütləq şərt almaqla mükəmməl hüquqi bazanın yaradılması olduğundan, təbii ki, Milli Məclisdəki müzakirələr zamanı qanun layihəsində investorların və Azərbaycan dövlətinin mənafelərinin balanslaşdırılması istiqamətində təkliflər olacaq".
Ələt qəsəbəsi Azərbaycanın ərazisindən keçən mühüm beynəlxalq nəqliyyat dəhlizləri - Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir. Ə.Məsimlinin fikrincə, işlər yüksək səviyyədə qurulsa, Ələtin bu sahədəki müqayisəli üstünlükləri Xəzər dənizinin dünya okeanına birbaşa çıxışının olmaması ilə bağlı məhdudiyyətləri müəyyən dərəcədə kompensasiya edə bilər: "Üstəgəl, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ətrafında Ələt Azad İqtisadi Zonası yaradılması ilə bu siyahıya su nəqliyyat vasitələrinin geniş fəaliyyətinin də əlavə edilməsi, həmin ərazinin mühüm nəqliyyat qovşağına çevrilməsinə imkan verəcək və daşımalar üçün geniş logistik imkanlar yaradacaq. Ələt Azad İqtisadi Zonasının özəyini təşkil edən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının dövriyyəsinin artması kontekstində səmərəli işləyə bilər. Xəzər hövzəsi regionunun iqtisadi potensialını və ixrac infrastrukturunu yeni geosiyasi və geoiqtisadi reallıqlar baxımından dəyərləndirdikdə, belə qənaətə gəlmək olar ki, Ələt Azad İqtisadi Zonası tam gücü ilə işləməyə başlayanda Azərbaycan tranzit ölkə olaraq öz imkanlarını genişləndirə biləcək və daha çox yükdaşımalara nail olacağıq. Ələt qəsəbəsində yaranmaqda olan AİZ beynəlxalq yük daşınma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, investisiyaların cəlb ediilməsi hədəfinə dolğun şəkildə çatılması, yerli istehsalın təşviqi, "Made in Azerbaijan" brendinin dünya üzrə tanınmasında da xüsusi rol oynayacaq. Onun fəaliyyətinin istehsal zonası yönündə təmin edilməsi, həm də yüksək dərəcədə səmərəli təmin edilməsi ideyasını reallığa çevirməkdən ötrü isə Ələt Azad İqtisadi Zonasının yaradılması zamanı nəzərdə tutulan 3 təməl prinsip-şəffaflıq, beynəlxalq standartlara uyğun və müasirlik prinsipi əsasında çox geniş planlı və həm də gərgin işlər görmək lazım gələcək. Bu işin təməli sözügedən prinsiplər əsasında düzgün qurulsa, həm daşımaların xeyli artmasına, həm də qeyri-neft sektoruna xarici investorların gəlməsinə əlverişli şərait yaradacaq. Bununla belə, fikrimizcə, Ələt Azad İqtisadi Zonasının daha çox yükdaşımalara nail olunması sahəsindəki fəaliyyətinin nəticələri özünü nisbətən tez göstərəcək. Amma yüksək eksport potensiallı istehsal zonasına çevrilməsinin ilkin real nəticələri, birbaşa bu sahədə görülməsi zəruri olan işlərin intensivliyindən, keyfiyyətindən və səmərəlilik dərəcəsindən asılı olaraq bir neçə ildən sonra-yəni orta perspektivdə məlum olacaq".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31