Azərbaycanın ərzaq təhlükəsizliyi problemi yoxdur

Ərzaq problemi insanın yarandığı gündən mövcud olmuş və insanın inkişafı ilə öz xüsusiyyət və miqyaslarını dəyişmişdir. Artıq XX əsrin ikinci yarısından başlayaraq ümumbəşəri problemə çevrilmişdir. Ərzaq məhsulları lazımi həcmdə istehsal olunmadıqda bu cəmiyyətdə o, nəzərə çarpan bir fakta-ərzaq çatışmamazlığına, bu isə öz növbəsində ciddi sosial–siyasi problemə çevrilir.

Eldar İbrahimov: "Amma bu, o, demək deyil ki, bu məsələ bizim maraqımızda, nəzərimizdə olmamalıdır"

Ərzaq problemi insanın yarandığı gündən mövcud olmuş və insanın inkişafı ilə öz xüsusiyyət və miqyaslarını dəyişmişdir. Artıq XX əsrin ikinci yarısından başlayaraq ümumbəşəri problemə çevrilmişdir. Ərzaq məhsulları lazımi həcmdə istehsal olunmadıqda bu cəmiyyətdə o, nəzərə çarpan bir fakta-ərzaq çatışmamazlığına, bu isə öz növbəsində ciddi sosial-siyasi problemə çevrilir. Təbii fəlakətlər, müharibələr, ölkədə iqtisadi böhranlar, ictimai quruluşda radikal dəyişikliklər, əhalinin və ərzaq istehsalı obyektlərinin əraziyə görə qeyriproporsional yerləşməsi və s. ərzaq çatışmazlığı problemini yaradan səbəblərdəndir. Bununla əlaqədar olaraq, dövlət və eləcə də bütün bəşəriyyət üçün ərzaq və ərzaq təhlükəsizliyinin stabil təminatı ən vacib problemlərdəndir. Ərzaq təhlükəsizliyi insanların istənilən vaxt aktiv və sağlam həyat tərzi sürmək üçün kifayət qədər keyfiyyətli qida məhsullarına fiziki və iqtisadi çıxış imkanlarına malik olması deməkdir. Bunun əsas elementlərindən birini isə hər bir vətəndaşın keyfiyyətli qidaya fiziki və iqtisadi çıxış imkanlarının olması ilə yanaşı, ölkənin milli ərzaq sisteminin iqtisadi baxımdan müstəqilliyini - əsas ərzaq malları üzrə ixracdan asılı olmamasını, etibarlılığı, ərzaq sisteminin mövsüm, hava və digər amillərlə bağlı risklərdən qorunması, dayanıqlılığı, milli ərzaq sistemi istehsalının genişləndirilməsi rejimində inkişafını nəzərdə tutur. Ölkənin ərzaq təhlükəsizliyi onun iqtisadi və milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Əhalinin ərzaq məhsulları ilə təmin edilməsi dövlət üçün mühüm əhəmiyyət kəsb edən və həlli vacib olan sosial-iqtisadi problemlərdən biridir. Qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Belə ki, bu problemin həlli milli, iqtisadi, sosial, demoqrafik və ekoloji faktorların geniş spektrini əhatə edir. Buna görə də dövlət səviyyəsində sosial-iqtisadi sistem ərzaq təhlükəsizliyi ilə sıx əlaqədardır. Məhz bu baxımdan ərzaq təhlükəsizliyinin təmini daxili resursların mobilizə edilməsinə əsaslanmışdır. Bu yanaşma milli iqtisadi islahatlar strategiyasının işlənib hazırlanması, dayanıqlı inkişafı, effektiv hüquqi normaların istifadəsi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı bir çox dəyişikliklərə əsaslanır. Qeyd etmək lazımdır ki, bəşəriyyət səviyyəsində ərzaq təhlükəsizliyi "beynəlxalq əmək bölgüsündə maksimal iştirak və dünya bazarında özünəməxsus şəkildə "ərimə və ya aqrar proteksionizm"dir, bəşəriyyətin gələcəyini təyin edən dayanıqlı inkişafdır. Dayanıqlı inkişaf isə ərzaq da daxil olmaqla təbii resurslardan balanslaşdırılmış istehlaka əsaslanır. Məhz bu kimi amillər nəzərə alınaraq "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı"ı təsdiq edilib. Beynəlxalq mütəxəssislərin fikrincə, Azərbaycanda ərzaq təhlükəsizliyi göstəriciləri ötən 10 il ərzində xeyli yaxşılaşmışdır. Aqrar sektorun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur. Dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri kimi məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun meydanının daha da genişləndirilməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsi əsas götürülür. Dövlət tərəfindən ayrılan kreditlər və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər də özəl sektorun inkişafına çox böyük dəstəkdir. Son illərdə dünyanın bir çox ölkələri iqtisadi böhran bataqlığında çırpındığı halda, Azərbaycan nəinki makroiqtisadi sabitliyi qoruyub saxlayıb, həm də iqtisadi artıma görə dünyanın aparıcı dövlətlərindən birinə çevrilib. Son illərdə isə ölkənin taxıl ehtiyatının artırılması məsələsinə ciddə diqqət yetirilir. Respublikamızda bu məqsədlə pilot layihələr də uğurla icra edilməkdədir. Beyləqan və Ağcabədi rayonlarında 5 min hektardan artıq yeni əkin sahəsinin dövriyyəyə buraxılması dediklərimizin əyani sübutudur. Bundan başqa, Cəlilabad, Şamaxı və Hacıqabul rayonlarında da pilot taxılçılıq təsərrüfatlarının yaradılması sahəsində zəruri işlər görülüb. Mütəxəssislərin fikrincə əgər yeni əkin sahələrində aqrotexniki qaydalara düzgün əməl olunsa, hər hektardan azı 55 sentner taxıl əldə etmək mümkün olacaq ki, bu da indiyədək əldə olunmuş göstəricilərdən 2 dəfə çoxdur. Hazırda respublikamızda kənd təsərrüfatının daha yüksək inkişafı üçün kompleks tədbirlər görülməkdədir. Yeni texnikalar alınır, aqroservislər yaradılır, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrələr verilir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, ölkədə kənd təsərrüfatının, aqrar sektorun inkişafı iki məsələni daha çox özündə ehtiva edir: birincisi, ərzaq təhlükəsizliyi məsələsi, ikincisi isə yeni emal müəssislərin açılması, yeni texnologiyanın tətbiqi. O, deyib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi olduqca vacib və aktual bir məsələdir: "Bildiyiniz kimi, artıq neçə illərdir dünyada maliyyə-iqtisadi böhran yaşanır və bunu sonu da hələ ki görünmür. Heç şübhəsiz ki, bu böhrandan çıxmağın ən əsas yollarlından biri vaxtında ərzaq təhlükəsizliyi məsələsinə ciddi diqqət yetirmək, ərzaq təhlükəsizliyini təmin etməkdir.Çox şükürlər olsun ki, ölkə Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu böhrandan yan keçə, zərərsiz ötüşə bildi. Bu gün Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsində, ümumiyyətlə, insanların ərzaq məhsullarına olan tələbatında hansısa bir problem yoxdur. Amma bu, o, demək deyil ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi bizim maraqımızda, nəzərimizdə olmamalıdır. Bu məsələ bizim də marağımızda, diqqətimizdədir. Odur ki, ölkədə kənd təsərrüfatının inkişafına önəm verilməsində ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi daha öndə gəlir. Bununla bağlı ayrıca dövlət proqramı da mövcuddur. Hətta, bir zamanlar ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ayrıca qanun layihəsinin hazırlanıb, qəbul olunması da müzakirə mövzusu idi. Mən özüm də bir neçə dəfə bununla bağlı danışmış, fikrimi bildirmişdim və bu baxımdan, əgər lazım gələrsə, gələcəkdə bu yöndə də ayrıca qanun layihəsi hazırlanıb, müzakirələrə təqdim olun bilər". Millət vəkili, adıçəkilən komitənin üzvü Eldəniz Səlimov qeyd edib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi bir an belə diqqətdən kənarda olmamalıdır: "Bu gün hamımız şahidiyik ki, dünyada, ətrafımızda nələr yaşanır. Müharibələr, qanlı qarşıdurmalar, terrorizm, qaçqınlar ordusu dünyanı başına götürüb, hər gün bu sıraya az qala "yeniləri" əlavə olunur. Eyni zamanda, dünyanın az qala yarısından çoxunda aclıq, yoxsulluq, səfalət baş alıb gedir. Bunlar isə hər kəsi ciddi düşünməyə vadar edir və etməlidir. Yəni, burada da ərzaq təhlükəsizliyinin təmin edilməsi bir nömrəli məsələ kimi qarşıya çıxır. Əlbəttə, çox sevindirici və qürürlandırıcı haldır ki, ölkədə aparılan məqsədyönlü siyasi-iqtisadi kurs nəticəsində Azərbaycanda ərzaq təhlükəsizliyinin təmini problemi yoxdur. Amma bununla belə, bu məsələ hər an diqqət mərkəzində saxlanılmalı bir məsələdir. Bir anlıq da olsa belə, bu məsələ diqqətdən kənarda qalmamalıdır".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31