“Davos forumu bizim üçün həmişə önəmli olub”
“Təbii ki, Azərbaycan özünü dünyada tanıtmaq, etibarlı tərəfdaşlar əldə etmək üçün mümkün olan bütün beynəlxalq, qlobal tribunalardan istifadə edir. Bu baxımdan İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi forumu əlavə bir imkan deməkdir. Biz müşahidə edirik ki, Prezident İlham Əliyev şəxsən özü bu forumlarda iştirak edir”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
23 Yanvar 2018 12:23 İqtisadiyyat"Təbii ki, Azərbaycan özünü dünyada tanıtmaq, etibarlı tərəfdaşlar əldə etmək üçün mümkün olan bütün beynəlxalq, qlobal tribunalardan istifadə edir. Bu baxımdan İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi forumu əlavə bir imkan deməkdir. Biz müşahidə edirik ki, Prezident İlham Əliyev şəxsən özü bu forumlarda iştirak edir". Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, dövlət başçısı forumda Azərbaycanla bağlı fikirlərini dilə gətirir və orada olan iştirakçıların diqqətinə çatdırır: "Bununla belə cənab Prezident şəxsən həmin forumda iştirak edən ayrı-ayrı ölkə təmsilçiləri, şirkət rəhbərləri və s. ikitərəfli görüşlər keçirir və onların Azərbaycana cəlb edilməsi, ölkəmizə investisiya yatırmağa cəlb edilməsi üçün təkliflər irəli sürür. Təbii ki, nəticə də göz önündədir. Bu gün Azərbaycan dünyanın ən çox diqqət cəlb edən ölkələrindən biridir. Yəni istər investisiya yatırılması baxımından, istərsə də siyasi proseslər baxımından dünyanın ən aparıcı ölkələri xüsusən də dünya siyasətinin önündə gedən qlobal güclər Azərbaycanı mütləq diqqətə alırlar.
Bax, Davos forumu və bu cür qlobal yüksək səviyyəli tədbirlərin keçirilməsində Azərbaycanın fəal iştirakı, eyni zamanda şəxsən cənab Prezidentin özünün bu tribunalardan istifadə etməsinin faydası dediyim məqamlardır. Yəni Azərbaycanın bir tərəfdən özünün təqdim edilməsi, digər tərəfdən də ölkəmizin problemlərinin dilə gətirilib bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılması, üçüncü bir tərəfdən də xarici ölkələrin maliyyə imkanlarının, həmçinin siyasi dəstəyinin Azərbaycana cəlb edilməsidir. Bu məqamlar baxımından Davos forumu bizim üçün həmişə önəmli olub". Sia.az