Azərbaycan uğurla inkişaf edir
Azərbaycanın 2017-ci ili uğurla başa vurması və bir sıra sahələrdə, xüsusilə də iqtisadi sferada yeni-yeni nailiyyətlərə imza atması ilk günlərini yaşadığımız 2018-ci ilin də ölkəmiz üçün uğurlu olacağından xəbər verir.
8 Yanvar 2018 15:01 İqtisadiyyatDünyada davam edən sosial-iqtisadi, maliyyə böhranına baxmayaraq Azərbaycan ötən ili də uğurla başa vurub
Azərbaycanın 2017-ci ili uğurla başa vurması və bir sıra sahələrdə, xüsusilə də iqtisadi sferada yeni-yeni nailiyyətlərə imza atması ilk günlərini yaşadığımız 2018-ci ilin də ölkəmiz üçün uğurlu olacağından xəbər verir. Ən azı ötən ilin statistik göstəriciləri və cari ilin dövlət büdcəsi belə deməyə əsas verir. Bunun üzərinə keçən il ərzində ölkəmizin də iştirakı ilə reallaşdırılan bir sıra qlobal əhəmiyyətli layihələr və həmin layihələrdən əldə ediləcək gəlirləri də əlavə etsək, o zaman kifayət qədər nikbin olmağa əsas var. Elə əksəriyyət də bu qənaətdədir. Millət vəkili Rauf Əliyev deyir ki, dünyada davam edən sosial-iqtisadi, maliyyə böhranına baxmayaraq Azərbaycan ötən ili də uğurla başa vurub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycan uğurla inkişaf edir: "Ötən ilin əvvəlindən sosial-iqtisadi inkişaf üzrə nəzərdə tutulan bütün proqnoz göstəricilər yerinə yetirilib. İqtisadi artım qeyri-neft sektoru üzrə 2,5 faiz təşkil edib. Qeyri-neft sənayesi isə 3,1 fazi artıb. Bu, respublikada aparılan düzgün sosial-iqtisadi siyasətin və hərtərəfli düşünülmüş iqtisadi islahatların nəticəsində əldə olunub. Bu ilin 9 ayı ərzində 226 min yeni iş yerləri yaradılıb ki, onlardan 171 mini daimi iş yeridir. Əsas infrastruktur layihələri uğurla icra olunur. Sosial infrastrukturla bağlı layihələr yerinə yetirilir. İlin əvvəlindən 700 kilometrdən çox su xətti çəkilmiş, qazlaşdırma 93 faiz səviyyəsindədir. Bu dövrdə 100-ə yaxın məktəb tikilib və təmir edilib, 27 tibb ocağı tikilib və təmir olunub". Millət vəkili qeyd edib ki, keçən il daha bir tarixi hadisə baş verdi ki, bu da Cocuq Mərcanlı kəndinin bərpa olunması idi: "Bu, böyük qaydışın başlanğıcı deməkdir. Başa vurduğumuz il ərzində həmçinin, ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən iki istiqamət üzrə- energetika və nəqliyyat sahəsində böyük əhəmiyyətə malik tədbirlər həyata keçirildi. Azəri-Çıraq-Günəşli yataqları üzrə kontraktın müddəti 2050-ci ilə kimi uzadıldı. Nəqliyyat sahəsində də tarixi bir uğura imza atıldı, Bakı-Tibilisi-Qars dəmir yolu istifadəyə verildi. Bu, tarixi İpək Yolunun bərpası istiqamətində reallaşan ən böyük beynəlxalq nəqliyyat lahiyəsidir. Qeyd olunan layihənin həyata keçirilməsi Azərbaycana həm iqtisadi həm də siyasi fayda gətirəcəkdir. Onu da qeyd edim ki, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan daha iki pillə yüksələrək 35 yerdə qərarlaşıb. Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-nü geridə qoyaraq, MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geri qalır". Rauf Əliyev deyib ki, artıq Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib: "Ötən ilin iyun ayında Bakıda 500 milyonluq aiditoriyası olan "Formula-1" yarışı çox yüksək səviyyədə keçirilib. 2017-ci ildə ilk dəfə olaraq IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda, Bakı şəhərində keçirildi. İslam dünyasını təmsil edən 54 ölkədən 3 mindən çox idmançı beynəlxalq standartlara cavab verən idman obyektlərində yarışdılar. Azərbaycan idmançıları Avropa Oyunlarından sonra növbəti tarixi uğura imza atdılar. Yığmamız ümumi komanda hesabında 1-ci yeri tutaraq 162, o cümlədən 75 qızıl, 50 gümüş və 37 bürünc medal əldə ediblər. Bakı-2017 İslam Həmrəyliyi Oyunları böyük idman uğurları ilə yanaşı, eyni zamanda İslam dünyasında həmrəyliyin, xalqlar və dövlətlər arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm bir addım oldu. Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq fəaliyyəti nəticəsində Bakı-2017 İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil olundu və böyük uğurla başa çatdı. Azərbaycan növbəti tarixi uğura imza atdı. Ötən il Bakıda növbəti IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da keçirildi. Bu Forumda dünyanın 120 ölkəsindən rəsmi, 39 beynəlxalq təşkilatdan, 50-dən çox QHT-nin nümayəndələri, ümumilikdə 800-dən çox xarici nümayəndə iştirak edib. Qeyd etmək lazımdır ki, artıq 4-cü dəfədir ki, bu tədbir "Bakı prosesi" təşəbbüsü çərçivəsində təşkil olmuşdur. Artıq "Bakı prosesi" dünyanı narahat edən qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrilib". Millət vəkili keçən ilin Azərbaycan idmançıları üçün də uğurlu bir il olduğunu söyləyib: "İlk növbədə idmançılarımızın IV İslam Həmrəyliyi Oyunlarındakı tarixi qələbəsini qeyd etmək lazımdır. 2017-ci il şahmatçılarımız üçün xüsusilə uğurlu oldu. Azərbaycan şahmatçıları ötən il növbəti tarixi uğura imza atdilar. Milli komandamız 3-cü dəfə Avropa çempionatının qalibi oldular. Bu dəfə şahmatda, intellektual idman növündə qazanılmış bu qələbə xüsusi əhəmiyyət kəsb edir. Bu qələbə Azərbaycan xalqının istedadına, intellektinə əsaslanan qələbədir". Cari ildən olan gözləntilər barədə danışan millət vəkili deyib ki, 2017-ci ildə sosial-iqtisadi və digər sahələrdə əldə olunan müsbət inkişaf dinamikası 2018-ci ildə də davam etdiriləcək. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində büdcə gəlirləri 20,1 milyard manat, xərcləri isə 21,047 milyard məbləğində təsdiq edilib: "2017-ci ilə nisbətən büdcə gəlirləri 20%, xərcləri isə 17.3 faiz artımla nəzərdə tutulur. 2018-ci ilin büdcəsi sosialyönümlü büdcə olaraq əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsini təmin etmək məqsədi ilə bir çox sosial proqramların həyata keçirilməsi nəzərdə tutulur. 2018-ci ilin dövlət büdcəsinin xərclərində sosialyönlü xərclərin (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) xüsusi çəkisi 33,5 faiz olmaqla, 7004,8 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2017-ci illə müqyisədə 147,9 milyon manat və ya 2,2 faiz çoxdur. 2018-ci ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 5371,7 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2017-ci ilə nisbətən 80,8 milyon manat və ya 1,5% çoxdur. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 25,7% təşkil edəcək".
Füzuli
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş siyasət, ölkədə aparılan iqtisadi islahatlar, sosial - iqtisadi inkişaf sahəsində əldə olunan inkişaf səviyyəsi imkan verəcək ki, 2018-ci ildə də Azərbaycan daha böyük nailiyyətlər əldə etsin.