Azərbaycanın yeni ixrac hədəfləri müəyyənləşdirilir

Son illər Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı ölkənin simasını da əsaslı dərəcədə dəyişib. İndi təkcə paytaxt deyil, eləcə də bölgələr bu iqtisadi inkişafdan öz faydasını götürür. Nəticə etibarilə regionlarda yeni infrastruktur layihələri həyata keçirilir, istehsal müəssisələri yaradılır, daxili istehsal artır və işsizlik problemi aradan qaldırılır.

Son illər Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı ölkənin simasını da əsaslı dərəcədə dəyişib. İndi təkcə paytaxt deyil, eləcə də bölgələr bu iqtisadi inkişafdan öz faydasını götürür. Nəticə etibarilə regionlarda yeni infrastruktur layihələri həyata keçirilir, istehsal müəssisələri yaradılır, daxili istehsal artır və işsizlik problemi aradan qaldırılır. Artıq respublikanın hər bir regionu sürətli inkişaf dövrünü yaşayır, hər bir bölgə üzrə spesifik olan sahələrin inkişaf etdirilməsi bu prosesə təkn verir. Elə əksər ekspertlər, ictimai-siyasi xadimlər, millət vəkilləri də bu qənaətdədir. Millət vəkili Sevinc Hüseynova deyib ki, ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində reallaşdırılan layihələr yalnız paytaxt Bakıda və yaxud iri şəhərləri deyil, respublikanın bütün bölgələrini əhatə edir. Onun sözlərinə görə, ölkənin potensialından daha səmərəli istifadə olunur, regionlarda iqtisadi aktivlik artır və işsizlik problemi həllini tapır, insanların sosial təminatları getdikcə güclənir: "Artıq respublikamızda paytaxt Bakı ilə bölgələr arasında fərq minimuma enib, bütün bölgələrin sakinləri həm yüksək iş şəraiti, həm də bütün kommunal rahatlıqlarla təmin olunublar. Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası bölgələrimizin simasını dəyişdirib və yeni müsbət reallıqlar yaradıb. Nəzərdə tutulan genişmiqyaslı tədbirlərin reallaşdırılması sayəsində respublikanın regionları da iqtisadi güc amilinə çevrilib. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14 dəfədən çox artıb".Millət vəkili Eldar İbrahimov bildirib ki, son illərdə həm regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları, həm də yeni nəsil iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq ölkəmizin bölgələrində ixracyönümlü məhsul istehsalına maraq əhəmiyyətli dərəcədə artıb. O, bildirib ki, hərtərəfli dövlət dəstəyindən, o cümlədən güzəştli kreditlərdən, subsidiyalardan, ixracın təşviqi mexanizmindən, daxili istehsalın dəstəklənməsindən bəhrələnən fermerlər onlara məxsus torpaq sahələrindən daha səmərəli istifadə etməyə, məhsuldarlığı artırmağa və xarici bazarlara daha böyük həcmlərdə rəqabətqabiliyyətli məhsul çıxartmağa çalışırlar: "Azərbaycanın yeni ixrac hədəfləri müəyyənləşdirilərkən ölkənin reallıqları əsas götürülüb. Bir tərəfdən respublikamızın coğrafi-iqlim xüsusiyyətləri elədir ki, burada yüksək rəqabət qabiliyyətinə malik məhsul yetişdirmək üçün hər cür imkan vardır. Digər tərəfdən, geniş ixrac bazarları ilə əhatə olunması ölkəmizin böyük üstünlüyüdür. Bu bazarlarda Azərbaycanın keyfiyyətli meyvə-tərəvəz məhsullarını yaxşı tanıyır və yüksək qiymətləndirirlər. Respublikamızın qarşıya qoyduğu məqsəd isə həm ənənəvi satış bazarlarında mövqelərini daha da möhkəmləndirməkdən, həm də yeni bazarlara çıxmaqdan ibarətdir. Son vaxtlar Azərbaycandan uzaq xarici ölkələrə göndərilən ixrac missiyaları həmin ölkələrin bazarlarını araşdırır, eyni zamanda meyvə-tərəvəz, emal sənayesi məhsullarımızı tanıdırlar. Yerli sahibkarların da qatıldıqları belə missiyalar son olaraq Dubaya və Ciddəyə təşkil olunub. Bütövlükdə, "Made in Azerbaijan" brendinin təşviqi məqsədi ilə vacib tədbirlər həyata keçirilir. Bütün bunlar gələcəkdə ixrac imkanlarını daha da genişləndirəcək". Millət vəkili Ziyad Səmədzadə isə deyib ki, Azərbaycanda prioritet hədəf kimi reallaşdırılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri məhz sənayeləşmə və qeyri-neft sənayesinin inkişafıdır. Onun sözlərinə görə, "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilən proseslər artıq öz bəhrəsini verməkdədir: "Bütün bunlar dövlət başçısının regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü proqram və layihələrin tərkib hissəsidir. Sənayenin inkişafına dair dövlət proqramının əsas istiqamətlərindən biri sənaye və texnologiyalar parklarının, eləcə də sənaye məhəllələrinin yaradılmasıdır. Prezident İlham Əliyevin uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parkları və sənaye məhəllələrinin yaradılması prosesi davam edir". Millət vəkili deyib ki,  sənaye parklarının yaradılması ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından da əhəmiyyətlidir.

 Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31