Neftin bahalaşmasının səbəbləri – İran hadisələri, İŞİD-lə mübarizə və...
Dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir. Hazırda "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,65 dollar və ya 0,93% artaraq 70,54 dollar təşkil edib. WTI neftinin qiyməti 1 barelə görə 61,96 dollar təşkil edib. Brent markalı neftin 1 bareli isə 68,01 dollardan satılır.
5 Yanvar 2018 15:22 İqtisadiyyatDünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir. Hazırda "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,65 dollar və ya 0,93% artaraq 70,54 dollar təşkil edib. WTI neftinin qiyməti 1 barelə görə 61,96 dollar təşkil edib. Brent markalı neftin 1 bareli isə 68,01 dollardan satılır.
Neftin bahalaşması ilə bağlı danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, neftin qiymətinin bahalaşmasına təsir edən bir neçə faktor mövcuddur: "Bunlardan biri də İranda baş verən proseslərdir. Dünyanın böyük neft istehsalçısı olan İranda siyasi proseslərin gərginləşməsi qiymətlərə təsir edə bilər. Bu da investorlar tərəfindən hazırda qiymətləndirilir. Bu məqamda neftin qiymətində təbii ki artımları şərtləndirir. Amma, bununla yanaşı nəzərə almaq lazımdır ki, neftin qiymətində bahalaşma trendi 2017-ci ilin 4-cü rübündə daha da sürətlənib. Bahalaşmaya daxil olan faktorlardan biri OPEC və OPEC-ə üzv olmayan ölkələrin neft hasilatının tənzimlənməsi sazişinin müddətinin 2018-ci ilin sonuna qədər uzatmasıdır. Bundan başqa, 2017-ci ilin sonlarında İŞİD-lə mübarizənin effektivliyi və dünya bazarlarına əlavə qaynaqların daha aşağı qiymətə neft təklifinin həcminin azalması faktoru da öz təsirini göstərib".
Ekspert qeyd edib ki, bununla yanaşı, fundamental faktorların üzərində dayanmağın yeri var: "Belə ki, OPEC-in açıqladığı hesabatında məlum olur ki, artıq kommersiya əhəmiyyətli neft rezervlərində 2017-ci ilin əvvəlindən etibarən azalma başlayıb. Eyni zamanda, hasilatın tənzimlənməsi sazişi nəticəsində dünya bazarlarında təklif edilən neftin həcmi ilə tələb arasında müəyyən tarazlıq yaranıb. Hətta, son aylarda təklif tələbi üstələyir ki, bu da qiymətlərin artımını şərtləndirən faktor kimi nəzərdə tutulmalıdır. 2018-ci ilin proqnozlarında təxminən gündəlik 0,1 milyon barrel daha artıq neftin təklif olunacağı gözlənilsə də, hazırda bazarlarda təklif daha çoxdur. Bu da qiymətlərin artımını şərtləndirir".
R. Həsənovun sözlərinə görə, enerji bazarları hər zaman ABŞ-ın enerji sektoruna diqqətlə yanaşır: "Son bir neçə həftədə ABŞ-da rezervlərin həcmində azalma baş verir. Bununla paralel olaraq son həftədə ABŞ-ın gündəlik neft hasilatının həcmində də azalma dinamikası qeydə alındı. Beləliklə, dünya bazarları hazırda qeyd edilən ən müxtəlif faktorların təsiri nəticəsində qiymətlərin bahalaşması prosesi istiqamətində dinamika nümayiş etdirilir. Burda spekulativ davranışları da gözardı etmək doğru deyil. Düşünürəm ki, prosesin daxilində spekulativ davranışlar da var. 2017-ci ilin 4-cü rübündə iri neft alışlarını həyata keçirən tərəflər bu gün neftin bahalaşmasında maraqlıdırlar. Onlar hansısa formada nefti bahalaşdıran davranışları ilə növbəti dövrlərdə, xüsusilə mart-aprel aylarında bazara böyük neft müqavilələri təklif edəcəklər. Bu da neft qiymətlərində azalmanı şərtləndirəcək. Təbii ki, bugünkü qiymətlərin daxilində balonu da görmək mümkündür. Buna baxmayaraq, qlobal maliyyə qurumlarının, enerji şirkətlərinin də proqnozları bazara öz təsirini göstərir. Çünki, əksər proqnozlarda 2018-ci il üçün neft qiymətlərinin bahalaşacağı gözlənilir. Bu isə təbii ki, tələbi artıran faktor kimi hazırda çıxış edir". Azadinform.az