Ölkənin iqtisadi dayanıqlılığına daha bir töhvə

Azərbaycanda sahibkarlığın inkiafı məqsədilə çoxsaylı tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər qanunvericilik sahəsinin təkmilləşdirilməsindən tutmuş yeni qurumların yaradılmasına qədər ən müxtəlif sahələri əhatə edir. Bir müddət öncə ölkə parlamenti “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik edərək sahibkarlıq subyektlərinin meyarlarına görə bölgüsü apardı. Belə ki, sözgedən qanuna əlavə edilən yeniliyə görə, sahibkarlıq subyektləri mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür.

KOS-un İnkişaf Agentliyi sahibkarlığın inkişafına təkan verəcək

Azərbaycanda sahibkarlığın inkiafı məqsədilə çoxsaylı tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər qanunvericilik sahəsinin təkmilləşdirilməsindən tutmuş yeni qurumların yaradılmasına qədər ən müxtəlif sahələri əhatə edir. Bir müddət öncə ölkə parlamenti "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna dəyişiklik edərək sahibkarlıq subyektlərinin meyarlarına görə bölgüsü apardı. Belə ki, sözgedən qanuna əlavə edilən yeniliyə görə, sahibkarlıq subyektləri mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu maddədə nəzərdə tutulmuş meyarlar əsasında aparılır. Ardınca Prezident İlham Əliyev kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında fərman imzaladı. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu "Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi" yaradılıb. Agentlik ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, KOS subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxs olacaq. Sənəddə vurğulanıb ki, Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən "Kiçik və orta sahibkarlıq evi" yaradılsın və onların fəaliyyəti "ASAN xidmət" mərkəzləri, "ASAN xidmət" mərkəzləri olmayan regionlarda isə İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçiriləcək. Bu zaman belə bir sual yaranır ki, yeni yaradılan qurum sahibkarlığın inkişafına necə təsir edəcək?
Əvvala onu qeyd edək ki, qurumda Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən və ictimai əsaslarla fəaliyyət göstərən 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılacaq. Müşahidə Şurası iqtisadiyyat nazirindən, maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinlərindən, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinindən və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarət tərkibdə formalaşdırılacaq. Şuranın sədri iqtisadiyyat naziridir. Təkcə bu fakt deməyə əsas verir ki, Agentliyin fəaliyyəti koordinasiya olunmuş şəkildə həyata keçiriləcək. Bu isə yarana biləcək hər hansı problemi operativ şəkildə həll etməyə imkan verəcək. Bununla da Kiçik və Orta Sahibkarlığın (KOS) İnkişafı Agentliyi kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyəcək, KOS subyektlərinə bir sıra xidmətlər göstərəcək, dövlət orqanlarının bu sahədə xidmətlərini əlaqələndirəcək və tənzimlənməni həyata keçirəcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Namiq Şalbuzov bildirib ki, bəzi KOS subyektləri qanunvericiliyin tələblərindən, biznes risklərindən, mövcud sektordakı vəziyyətdən xəbərsiz şəkildə fəaliyyətə başlayırlar ki, bu da bəzən onların uğursuzluqla üzləşmələrinə səbəb olurdu. KOS subyektlərinin məsləhət xidmətlərinə marağının az olmasının səbəblərindən biri onların bu barədə məlumatsızlığı, digəri isə biznes məsləhət xidmətlərinə çıxışın mürəkkəbliyidir. Azərbaycanda hazırda müxtəlif dövlət orqanları öz səlahiyyətləri çərçivəsində KOS subyektlərinə müxtəlif xidmətlər göstərirlər. Bununla belə, beynəlxalq təcrübəyə əsasən, KOS subyektlərinə belə xidmətlərin vahid mərkəzdən göstərilməsi onların həmin xidmətlərdən daha səmərəli istifadəsinə və beləliklə, inkişafına daha yaxşı imkan yaradır. Buna görə də KOS-un İnkişafı Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir: "Yaradılan yeni agentlik vasitəsilə KOS-lara, eyni zamanda bir neçə istiqamətdə xidmətlərin göstərilməsi planlaşdırılır ki, bunun da nəticəsində idarəetmənin təkmilləşdirilməsi, paralelliyin aradan qaldırılması, KOS-ların fəaliyyətinin səmərəliliyinin artırılması gözlənilir. Burada xüsusilə vurğulanmalıdır ki, agentliyin fəaliyyətinin funksional baxımdan da effektiv olacağı gözlənilir. Belə ki, qabaqcıl dünya təcrübəsinə əsaslanması və ölkənin bütün regionlarını əhatə etməsi effektiv fəaliyyətin təmin ediləcəyini söyləməyə əsas verir. Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən "Kiçik və orta sahibkarlıq evi" yaradılacaq və onların fəaliyyəti "ASAN xidmət" mərkəzləri, "ASAN xidmət" mərkəzləri olmayan regionlarda isə İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçiriləcək". Xatırladaq ki, KOS-un İnkişafı Agentliyi biznes assosiasiyaları ilə birlikdə müvafiq sektorlardakı müəssisələrin problemlərinin mütəmadi təhlilini həyata keçirəcək, onları müvafiq qurumlarda səsləndirəcək və həlli yollarını axtaracaqlar. KOS-un İnkişafı Agentliyi müvafiq dövlət qurumları və təhsil müəssisələri ilə əməkdaşlıq quracaq və tətbiqi elmlərin inkişafına xüsusi diqqət yetirəcək. Bu isə nəticə etibarilə ölkədə sahibkarlığın inkişafını təmin edəcək. Kiçik və orta sahibkarlığın inkişafı isə iqtisadiyyatın diversifikasiyası, rəqabətqabiliyyətliliyinin artırılması, məşğulluğun təmin edilməsi, istehlak mallarına olan tələbatın yerli resurslar hesabına ödənilməsi və iqtisadi inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, inkişaf etmiş ölkələrdə KOS-un ÜDM və məşğulluqdakı xüsusi çəkisinə nəzər saldıqda belə qənaətə gəlmək olur ki, Azərbaycanda da davamlı iqtisadi inkişafın təmin edilməsində KOS-un əsas hərəkətverici amilə çevrilməsi qarşıda duran əsas çağırışlardandır. Nəzərə almaq lazımdır ki, KOS-un inkişafı nəticəsində ölkədə rəqabətli bazar münasibətləri formalaşır ki, bu da bazarda tələb-təklif tarazlığının yaranmasına, qiymətlərin sabitləşməsinə, istehsal olunan mal və xidmətlərin rəqabətqabiliyyətliliyinin yüksəlməsinə, iqtisadi tənzimləmə alətlərinin effektiv tətbiqinə, iqtisadiyyatın dayanıqlılığına və xarici təsirlərin aradan qaldırılmasına şərait yaradır.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31