Bahalı dollar siyasəti gələn il də davam edəcək
ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 1% - 1,25% səviyyəsindən 1,25% - 1,50 faizədək artırıb. Bunun əsas səbəbi makroiqtisadi göstəricilər üzrə proqnozlaşdırılan nəticələrin əldə edilməsidir.
18 Dekabr 2017 12:41 İqtisadiyyatABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 1% - 1,25% səviyyəsindən 1,25% - 1,50 faizədək artırıb. Bunun əsas səbəbi makroiqtisadi göstəricilər üzrə proqnozlaşdırılan nəticələrin əldə edilməsidir. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, bu gün ABŞ-da iqtisadi aktivlik kifayət qədər yüksəkdir, əmək bazarı isə çox yaxşı göstəricilər nümayiş etdirir: "Bu fonda bahalı dollar siyasətinin gələn ildə və ondan sonrakı illərdə də davam etdiriləcəyi gözlənilir. İlkin proqnozlara görə 2018-ci ildə uçot dərəcəsinin 2,100%-ə, 2019-cu ilin sonuna 2,700%-ə, 2020-ci ilin sonuna isə 3,100%-ə yüksəldilməsi nəzərdə tutulur". İqtisadçı deyib ki, uzun illər aparılan ucuz dollar siyasəti ABŞ iqtisadiyyatında nəzərdə tutulan yüksəlişin əldə olunması ilə nəticələndi və məhz bundan sonra mərhəllələr üzrə dolların bahalanması siyasəti yürüdülməyə başlandı: "Bu çox düşünülmüş və ardıcıl şəkildə həyata keçirilən uğurlu bir siyasətdir. Bu siyasətin başlıca məqsədi ABŞ iqtisadiyyatına daha çox investisiyalar cəlb etmək yolu ilə onun sürətli inkişafına nail olmaqsır. Prezident D.Trampın siyasi müstəvidə nümayiş etdirdiyi bütün çılğınlıqlara baxmayaraq, investorların ABŞ iqtisadiyyatına güvəni azalmadı və onun prezidentliyinin biri ili iqtisadi müstəvidə daha çox uğurların əldə olunması ilə yadda qaldı.
Uçot dərəcəsinin bu şəkildə qaldırılması dünyanın bir saylı valyutasının başqa valyutalara nisbətən möhkəmlənməsi ilə nəticələnəcək - bu qaçılmazdır. Lakin burada digər milli valyutaların özlərini necə apara bilməsi həmən ölkələrin iqtisadi durumundan və ixrac imkanlarından bilavasitə asılı olacaqdır. İqtisadiyyatı neftlə bağlı olan ölkələr bu sırada iqtisadiyyatın real sektorunun sürətli inkişafına çalışmalı və bu sektordan ixracın həcminin artırılmasına nail olmalıdırlar. Biz də bu yolu tutmalıyıq. Çünki milli valyutamızın taleyi bundan çox asılıdır".