Manatın taleyi necə olacaq?
Artıq 2017-ci ili başa vurmağımıza sayılı günlər qalıb desək yanılmarıq. İl ərzində iqtisadi sahədə baş verən inkişaf dinamikası, iqtisadiyyatın müxtəlif sahələrində qeydə alınan müsbət göstəricilər qarşıdan gələn 2018-ci ilin də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olacağından xəbər verir. Bunu cari ilin 9 ayının sosial-iqtisadi göstəriciləri də təsdiqləyir. Amma nəzərə çarpan müsbət dinamika ilə yanaşı, bəzi problemlər də yox deyil. Bu problemlər isə ölkənin maliyyə sektoru ilə bağlıdır.
1 Dekabr 2017 15:26 İqtisadiyyatMəzənnə sabitliyi 2018-ci ildə də nəzarətdə saxlanılacaq
Artıq 2017-ci ili başa vurmağımıza sayılı günlər qalıb desək yanılmarıq. İl ərzində iqtisadi sahədə baş verən inkişaf dinamikası, iqtisadiyyatın müxtəlif sahələrində qeydə alınan müsbət göstəricilər qarşıdan gələn 2018-ci ilin də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olacağından xəbər verir. Bunu cari ilin 9 ayının sosial-iqtisadi göstəriciləri də təsdiqləyir. Amma nəzərə çarpan müsbət dinamika ilə yanaşı, bəzi problemlər də yox deyil. Bu problemlər isə ölkənin maliyyə sektoru ilə bağlıdır. Daha doğrusu iki il bundan əvvəl dünyada neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda milli valyutanın Amerika dollarına nisbətən ucuzlaşmasından sonra maliyyə bazarlarında hələ də davam edən qeyri-müəyyən vəziyyətlə. Cari il ərzində bir neçə dəfə cüzi fərqlə Amerika dollarına nisbətən artıb-azalan milli valyutamızın aqibətinin 2018-ci ildə necə olacağı günümüzdə hər kəsi düşündürən əsas suallardan biridir? Görəsən. Qarşıdan gələn ildə milli valyuta hansı səviyyədə olacaq, onun dəyəri dollara nisbətən artacaqmı? İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, manatın 2 il öncə, - 2015-ci ildə iki dəfə devalvasiyaya uğraması nəticəsində əyani göründü ki, makroiqtisadi sabitliyimiz ondan asılıdır. İqtisadçı bildirib ki, keçən il də manatın dəyəri tədricən 15 faizə qədər ucuzlaşmışdı: "İnflyasiya 2015-ci il ərzində 4% qeydə alınmışdısa, 2016-cı ildə 12,4 faiz təşkil etdi. İnvestisiyaların həcmi azaldı. Beləliklə də, ölkədə makroiqtisadi sabitlik qorunub saxlansa da, kövrək hala düşdü. Keçən il isə hökumətin həyata keçirdiyi bir sıra tədbirlər - iqtisadiyyatın idarəetmə sisteminin təkmilləşdirməsiylə bərabər, bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişdirilməsi, ölkədə pul-kredit siyasətini daha da sərtləşdirməsi və s. nəticəsində, həm də xarici iqtisadi faktorların təsirlərinin ilin 2-ci yarısından etibarən yumşalması, xüsusən də neftin qiymətinin sabitləşməsi 2017-ci ilin elə ilk ayından atmosferi dəyişdirdi. Manatın dollara qarşı dəyərinin yanvarda 8,23 faiz civarında ucuzlaşmasına baxmayaraq, valyuta bazarında "alov" tədricən yatmağa başladı. Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatlarının həcmi də 2017-ci il fevralın 1-nə ilin əvvəli, yəni yanvarın 1-nə olan rəqəmlə müqayisədə 352,8 milyon dollar və ya 8,88 faiz artdı. Bu, çox müsbət bir hadisə olmaqla, manatın ucuzlaşması prosesinin dayanacağına işarə idi. Uyğun tendensiya fevralda da davam etdi. Belə ki, 2017-ci il yanvar-fevral aylarında ölkədə ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 10042,6 milyon manat təşkil etdi ki, üstəlik manat da uzun fasilədən sonra möhkəmlənməyə başladı". Pərviz Heydərov deyib ki,
bu günlərdə Milli Məclisin plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov qeyd etdi ki, manat ilin əvvəlindən 4 faiz, fevral ayının sonundan isə 11,5 faiz möhkəmlənib: "Ümumiyyətlə, son 9 ayda milli valyuta əlavə möhkəmlənmə təzyiqi altında olub. Və ilin sonunadək də məhz belə olacaq. Bəs, növbəti ildə vəziyyət necə olacaq?! Başqa sözlə, 2018-ci ildə manatı nə gözləyir?. Bu suala cavab verməmişdən öncə qeyd edim ki, AMB sədri E. Rüstəmov da təsdiqləyib ki, manatın məzənnəsinin sabitləşməsində tədiyyə balansının profisitə keçməsi mühüm rol oynayıb. Məlumdur ki, son 2 ilə yaxın müddət ərzində o, pozulmuşdu. Bunun da başlıca səbəbi neftin dünya bazar qiymətlərinin enməsində idi. Ümumiyyətlə, müvafiq açıqlamalarımda da həmişə vurğulamışam ki, Azərbaycan manatının dəyərinin arxasında bilavasitə neftin qiyməti dayanır. AMB hansı ehtiyatlara malik olursa-olsun, neftin qiymətinin bir döşəmə həddi var - 35-40 dollar, ondan aşağı düşərsə, məzənnəni 3 aydan artıq saxlamaq mümkün deyil. Heç bir xarici valyutanın dünya kursundakı dəyişikliyin də manatın məzənnəsinə aidiyyəti yoxdur, neftin qiymətindən başqa. Düzdür, ilin əvvəlində qeyd etdiyim kimi, milli valyutamızın möhkəmlənməyə başlanmasına həm neftin dünya bazarlarında qiymətlərinin bundan hələ bir neçə ay öncə sabitləşməsi səbəb oldu. Həm də ümumiyyətlə, cari ilin yanvarından iqtisadi tənəzzüldə dönüşün yaranması, idxalın məhdudlaşdırılması və ölkədən kənara valyuta axınına nəzarətin gücləndirilməsi tədbirləri effekt verdi. Söhbət valyuta bazarımızda mübadilə qaydalarının dəyişdirilməsi, "qara bazar"ın, spekulyasıya elementlərini aradan qaldırmaq məqsədilə banklar üçün müəyyən edilmiş mənfi-müsbət 4 faizlik marjanın ləğvi kimi addımlardan gedir". İqtisadçı deyib ki, bütün bunlar gələn il də qüvvəsini saxlayacaq: "Odur ki, AMB rəhbərliyi inamla və birmənalı şəkildə bəyan edir ki, məzənnə sabitliyi 2018-ci ildə də nəzarətdə olacaq. Çünki iqtisadiyyatda yenidən balanslaşdırma proseslərini monetar siyasətlə aktiv dəstəkləmək üçün 2018-ci ildə də Mərkəzi Bank əsasən dayanıqlı artımın stimullaşdırılmasını və maliyyə sabitliyinin təmin olunması üçün ölkədə makroiqtisadi sabitliyi qorumağı diqqətdə saxlayacaq. Baş bankir özü də etiraf edib ki, ölkədə makroiqtisadi sabitliyin dayaqları hələ zəifdir: "Bu, təxminən 9 ayı əhatə edir. Biz qəti arxayınlaşmamalıyıq. Hökumət, Mərkəzi Bank 2018-ci ildə və ortamüddətli dövrdə vəzifələri yaxşı dərk edir. Hesab edirik ki, biz bu vəzifələrin öhdəsindən gələcəyik",- deyə, E.Rüstəmov qeyd edib". Pərviz Heydərovun sözlərinə görə, dünyadakı iqtisadi-siyasi tendensiyalar neftin qiymətinin gələn il 60 dollar civarında olacağını göstərir: "Bu isə Azərbaycan iqtisadiyyatında sabitliyin, manatın məzənnəsinin saxlanması üçün yetərlidir. Bununla belə, rəsmən də etiraf edilir ki, bütövlükdə neftin qiyməti ilə ehtiyatlı davranmalıyıq. Neftin qiyməti artan kimi xərcləri artırmamalıyıq. Və eyni zamanda, əks proses baş verəndə də ehtiyatlı olmaq tələb edilir. Bunun üçün də güclü maliyyə intizamı, makroiqtisadi siyasətin qanadlarının sıx koordinasiya olunması, bütövlükdə qiymət sabitliyinə nail olmaq üçün həyata keçirilən makro antiinflyasiya tədbirləri ilə təbii inhisarların tariflərinin, qiymətlərin liberallaşdırılması siyasətinin sıx əlaqələndirilməsi qarşıda duran vacib vəzifələrdən hesab edilir".
Füzuli