Ölkə iqtisadiyyatında ən problemli vəziyyət bank sektorundadır

2014-cü ilin sonlarından etibarən dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra əksər neft ixrac edən ölkələr kimi Azərbaycanın da maliyyə sektorunda xoşagəlməz proseslər, mənfi tendensiyalar müşahidə edilməyə başladı. Yaranmış vəziyyətə uyğun olaraq bankların fəaliyyət göstərə bilməməsi bir neçə bankın sıradan çıxması, öz fəaliyyətini dayandırması ilə nəticələndi.

2014-cü ilin sonlarından etibarən dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra əksər neft ixrac edən ölkələr kimi Azərbaycanın da maliyyə sektorunda xoşagəlməz proseslər, mənfi tendensiyalar müşahidə edilməyə başladı. Yaranmış vəziyyətə uyğun olaraq bankların fəaliyyət göstərə bilməməsi bir neçə bankın sıradan çıxması, öz fəaliyyətini dayandırması ilə nəticələndi. Bəzi banklar isə mövcud şəraitə uyğun olaraq fəaliyyət göstərmək, müştərilərinə xidməti davam etdirmək üçün birləşmək məcburiyyətində qaldı. Bütün bunlara rəğmən banklar böhrana tam hazırlıqlı olmadığından hələ də bu sahədə problemlər qalmaqdadır. Mütəmadi olaraq hazırlanan hesabatlarda, reytinq cədvəlində də bu problem əksini tapır. Məlumat üçün qeyd edək ki, bu günlərdə "Standard & Poors" (S&P) Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli, xarici və milli valyutada suveren kredit reytinqini təsdiq edib. Agentlik ölkənin reytinqini dəyişməyərək "BB+/B" səviyyəsində saxlayıb.  Reytinq üzrə proqnoz isə bir daha "mənfi" olaraq müəyyən edilib.  Bununla bağlı Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, reytinqin sabit saxlanılmasına əsas səbəb kimi Azərbaycanın möhkəm fiskal mövqeyi, xüsusilə Azərbaycan Dövlət Neft Fondunun xarici valyutada ehtiyatlarının mövcudluğu göstərilir. Agentlik hesab edir ki, tədiyə balansına olan təzyiqlər aradan qalxarsa, ölkədə iqtisadi artım olarsa və bank sistemində vəziyyət sabitləşərsə, reytinq üzrə proqnoz "mənfi"dən "müsbət"ə  dəyişə bilər. Məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, "Standard & Poors" (S&P) Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli, xarici və milli valyutada suveren kredit reytinqini dəyişməyərək "BB+/B" səviyyəsində, başqa və sadə sözlə, "mənfi" olaraq saxlayıb. Bu da təbiidir: "O baxımdan ki, makroiqtisadi sabitlik əldə saxlanılsa da, tədiyyə balansına, valyuta bazarına təzyiq elementləri hələki "sağdır" və üstəlik, iqtisadi artım da qeyri-qənaətbəxş səviyyədədir. Lakin ölkə iqtisadiyyatında ən problemli vəziyyət bank sektorundadır. Yeganə təsəlliverici faktor məhz ondan ibarətdir ki, Beynəlxalq Bankın öhdəliklərinin könüllü restruktizasiya məsələsi xarici kreditorlar tərəfindən qəbul edilmişdir ki, bu da bütövlükdə bank sektorunun bataqlıqdan çıxa bilməsi üçün olduqca əhəmiyyətli məsələdir. Təsadüfi deyildir ki, "Moody's" beynəlxalq reytinq agentliyi məhz bundan sonra sözügedən qurumun reytinqlərinə yenidən baxaraq bəziləri üzrə yüksəliş edib". Pərviz Heydərov bildirib ki, ancaq bütövlükdə bank sektoru ölü vəziyyətdə qalmaqda davam edir: "Belə ki, problemli kreditlərin səviyyəsi azalmaq əvəzinə artır (1,7 milyard manatdan çoxdu), kreditləşdirmə yox səviyyəsindədir, depozit cəlbi fiasko vəziyyətdədir. Ümumiyyətlə, banklar nə pul verə bilir, nə də pul ala bilirlər ki, bu da onların faktiki iflas həddində olduğu deməkdir. Bütün bunların da əsas kökü məhz manata inamsızlıq məsələsində dayanır. Belə ki, banklar dollarla kredit verməyə böyük məmuniyyətlə hazırdırlar, qeyri-manatla ifadədə borc götürmək istəyən isə ümumiyyətlə, yox dərəcəsindədir. Bəs, bu vəziyyəti necə aradan götürməli ?!. Bank sektorunda mövcud vəziyyət aradan götürülməsə, heç bir reytinq agentliyi Azərbaycan iqtisadiyyatına dair hər hansı bir müsbət rəy verməyəcəkdir. Çünki bank sektorunda vəziyyət düzəlməsə, ümumiyyətlə, makroiqtisadi sabitlik həmişə təhlükə altında sayılacaq. Odur ki, Azərbaycan Beynəlxalq Bankında olduğu kimi hökumət bütövlükdə bank sektoruna yanaşmada da "çiynini qabağa" verməlidir. Və bu, müxtəlif aspektdə özünü göstərə bilər. Belə ki, ilk növbədə ya problemli kreditlərin bağışlanılması və yaxud satın alınmasıyla, milli valyutada müəyyən limitədək kredit verilməsinə dövlət zəmanəti və yaxud təminatının tədbiqiylə, istehlalk kreditlərinin verilməsinə qoyulmuş bütün növ məhdudiyyətlərin aradan qaldırılması yolu ilə və sair addımlar atmaq olar. Sözün qısası, əsas odur ki, banklar işlək vəziyyətə düşsünlər. Yoxsa, manatın məzənnəsi üçün bu özü də əlavə təzyiq elementi olaraq, təhlükə törətməkdə davam edəcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31