Aqrar sahədə də müasir iqtisadi inkişaf modelindən istifadə olunur
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin sosial-iqtisadi mənzərəsi geniş şəkildə öz əksini tapdı. İclasda verilən məlumatlar göstərdi ki, qarşıda duran vəzifələr yerinə yetirilib. Buna baxmayaraq, dövlət başçısı aqrar sahənin inkişafı ilə bağlı fikirlərini bildirdi və müvafiq tapşırıqlar verdi. Maraqlıdır, hazırda ölkənin aqrar sektorunun inkişaf tempi hansı səviyyədədir?
28 İyul 2017 14:43 İqtisadiyyatEldar İbrahimov: Kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar müsbət nəticəsini verməkdədir
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin sosial-iqtisadi mənzərəsi geniş şəkildə öz əksini tapdı. İclasda verilən məlumatlar göstərdi ki, qarşıda duran vəzifələr yerinə yetirilib. Buna baxmayaraq, dövlət başçısı aqrar sahənin inkişafı ilə bağlı fikirlərini bildirdi və müvafiq tapşırıqlar verdi. Maraqlıdır, hazırda ölkənin aqrar sektorunun inkişaf tempi hansı səviyyədədir?
Millət vəkili, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, qlobal iqtisadi çətinliklər fonunda ölkəmizdə aqrar sektorun inkişafının güclü şəkildə dəstəklənməsi təsadüfi deyil: "Azərbaycan kənd təsərrüfatının inkişafı sahəsində tarixən güclü ənənələrə malik olan ölkədir. Dövlət başçısı bir sıra digər sahələrlə yanaşı, aqrar sektorun üstün inkişafının təmin olunmasını da prioritet istiqamət kimi bəyan edib. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Eyni zamanda, həyata keçirilən səmərəli siyasət sayəsində Azərbaycanın iqtisadi potensialının və maliyyə imkanlarının artması respublikamızda kənd təsərrüfatı sahəsində mövcud olan imkanlardan istifadə edilməsinə münbit zəmin yaradır. Ölkə əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir. Ölkəmizdə kənd təsərrüfatına praktiki müstəvidə geniş maliyyə və texniki dəstək göstərilir, eyni zamanda, bu sahədə hədəflənən yüksək nəticələrin əldə olunması məqsədilə institusional islahatlar həyata keçirilir, qanunvericilik bazası möhkəmləndirilir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Eyni zamanda, iri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Hazırda aqrar sahənin daha da inkişafı xüsusi diqqət mərkəzindədir. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev vurğulayıb ki, aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir. Bu günə qədər dövlətin təşəbbüsü və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılıb. İndi 38 böyük aqropark yaradılır. Dövlət başçısının vurğuladığı kimi, tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaq. Ölkə rəhbəri qeyd edib ki, qeyri-neft sektoru məhsullarının ixracı 27 faiz artıb. Bu məhsullar sırasında kənd təsərrüfatı məhsulları da üstünlük təşkil edir. Amma vəzifəmiz bununla bitmir. Çünki qarşıya vəzifələr qoyulub ki, bu sahədə daha böyük nəticələr əldə olunsun. İclasda Prezident İlham Əliyev pambıqçılıq, taxılçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, fındıqçılıq, zeytunçuluq və digər ixrac potensialı yüksək olan məhsulların istehsalının daha da artırılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verdi. İnanırıq ki, yaxın gələcəkdə bu istiqamətdə əhəmiyyətli dərəcədə yüksək nəticələr əldə olunacaq".
Komitə sədri bildirib ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi ölkəmizin aqrar sahəsində də zamanın çağırışlarına uyğun olaraq iqtisadi inkişaf modellərindən istifadə olunur. Hazırda aqrar sahəni innovasiyalar tətbiq etmədən inkişaf etdirməyi təsəvvür etmək çox çətindir. Bunu nəzərə alaraq ölkə başçısının tapşırığı əsasında aqrar sahədə innovasiyanın tətbiqi istiqamətində geniş işlərə başlanmışdır: "İnnovasiya elmi-texniki tərəqqinin yeni texnologiyada və məhsulda öz əksini tapması kimi anlaşıldığına və dərin islahatlar strategiyasının əsasını təşkil etdiyinə görə dünyanın qabaqcıl ölkələrində kənd təsərrüfatı, istehsal olunan məhsulun daha çox elmi tutumlu olması istiqamətində inkişaf edir. Ona görə də Azərbaycan Respublikasında da aqrar-sənaye kompleksinin innovasiyalı inkişafı qarşıda duran əsas vəzifədir və onun həll olunması istiqamətində işlər aparılır. Qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun, xüsusilə onun ölkəmizdə ənənəvi sahələri olan pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın inkişaf etdirilməsi, bu sahələrə dövlət dəstəyinin göstərilməsi barədə ölkə Prezidentinin xüsusi göstərişləri olmuş və müvafiq sənədlər imzalanmışdır. Prezidentimiz İlham Əliyev gələcəkdə bu uğurları daha da genişləndirmək və dərinləşdirmək üçün müvafiq proqramların hazırlanması barədə 2016-cı il 16 mart tarixli "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında" Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq 11 istiqamət üzrə strateji yol xəritələri hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin ideyalarından bəhrələnən yeni islahatlar kursunun əsasını təşkil edən bu yol xəritələri iqtisadiyyatın və ictimai həyatımızın müxtəlif istiqaməti üzrə qarşıdakı 10 il və sonrakı dövr üçün iqtisadi fəaliyyət məramnaməsi sayılır".
Onun sözlərinə görə, "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi" də bu istiqamətlərdən biridir. Bu Strateji Yol Xəritəsinin ümumi məqsədi Azərbaycan Respublikasında kənd təsərrüfatı sektorunun yüksək rəqabət qabiliyyətinə və dayanıqlı inkişafına nail olmaqdır: "Strateji yol xəritəsində ölkəmizin kənd təsərrüfatı məhsullarının istehsalında və emalında istifadə olunan istehsal vasitələri və bu sektorda həyata keçirilən xidmətlə təminat məsələləri də dərindən araşdırılmış və bütün bu məsələlərin yaxşılaşdırılması üçün görülməsi vacib olan istiqamətlər müəyyən edilmişdir. Strateji yol xəritəsində onun əsas məqsədlərindən biri olan əhalinin ərzaq və qida təhlükəsizliyinin təmin olunması çox geniş və əhatəli formada təhlil edilərək görüləcək işlər müəyyən edilmişdir. Bu məqsədlə Ərzaq Təhlükəsizliyi Komissiyasının və Qida Təhlükəsizliyi Agentliyinin yaradılması, beynəlxalq normalara uyğun rasional fizioloji istehlak normalarının hazırlanması, ölkənin, həmçinin hər bir regionun və inzibati rayonun ərzaq məhsulları üzrə tələbatı bu normalar əsasında dəqiqləşdirilərək, ərzaq ehtiyatlarının çeşid və həcm göstəriciləri üzrə yaxın, orta və uzunmüddətli proqnozların hazırlanması nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, artıq bu istiqamətdə konkret işlər görülür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı və Fərmanı ilə "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır. Strateji yol xəritəsinin hər bir bölməsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün tələb olunan vəsaitin müəyyən edilib əks olunması onu deməyə əsas verir ki, bu proqramın icrası tam təmin ediləcəkdir. Belə bir Proqramın qəbul edilməsi və onun icrası üçün həyata keçirilən tədbirlər aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyinin bariz nümunəsidir. Biz qətiyyətlə inanırıq ki, Heydər Əliyev siyasətinin davamçısı olan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistem xarakterli dərin islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanmış "Strateji yol xəritəsi"nin icrası nəticəsində ölkəmizdə formalaşmış iqtisadi islahatlar və inkişafın Azərbaycan modeli mahiyyət etibarı ilə daha yüksək vüsət alacaq və ölkə əhalisinin daha firavan yaşaması təmin ediləcəkdir".
Zəka