Ticarət evləri Azərbaycana nə vəd edir?
Dünya bazarında neftin qiymətinin aşağı düşmçəsi nəticəsində bu sahədən gələn gəlirin azalması Azərbaycanda qeyri-nef sektorunun inkişafını labüd edir. Etiraf edilməlidir ki, artıq ölkəmizdə bu istiqamətdə ciddi addımlar atılmaqdadır.
8 İyun 2017 13:37 İqtisadiyyatDünya bazarında neftin qiymətinin aşağı düşmçəsi nəticəsində bu sahədən gələn gəlirin azalması Azərbaycanda qeyri-nef sektorunun inkişafını labüd edir. Etiraf edilməlidir ki, artıq ölkəmizdə bu istiqamətdə ciddi addımlar atılmaqdadır. Dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin iqtisadiyyata təsirini neytrallaşdırmaq, ölkənin davamlı inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli islahatlar həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, eləcə də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, istehsal və ixrac potensialının genişləndirilməsi kimi strateji məsələlərlə bağlı verdiyi tapşırıqların icrası müsbət nəticələrini verməkdədir. Bu islahatların əsas istiqaməti məhz qeyri-neft sektorunun inkişafıdır və islahatların uğurlu icrası sayəsində ciddi dönüş əldə edilib, Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin olunub. Konkret olaraq makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, xarici sərmayənin cəlb edilməsi ilə bağlı daha fəal iş aparılması, kənd təsərrüfatı və sənaye istehsalının, xüsusilə ixracyönümlü məhsulların həcminin artırılması, hər bir rayonda sənaye zonasının yaradılması, ənənəvi ixrac bazarlarına daha geniş çeşiddə məhsulların çıxarılması və yeni ixrac bazarlarına çıxışın təmin edilməsi, logistik mərkəzlərin yaradılması, aqropark və təsərrüfatların müasir texnologiyalar əsasında qurulması, bölgələrdə məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılmasının davam etdirilməsi sahəsində uğurlar əldə edilib. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin I rübündə 40 mindən çoxu özəl sektor tərəfindən olmaqla 85 min yeni iş yeri yaradılıb. Hazırda qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə sənaye parkları və sənaye zonalarının yaradılması davam etdirilir. Hazırkı dövrdə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, ixrac məhsullarının çeşidinin və həcminin artırılması, ixrac coğrafiyasının genişləndirilməsi prioritet istiqamətlərdəndir.
Eyni zamanda, ixrac bazarlarında ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi məqsədilə dövlət başçısının müvafiq Fərmanına əsasən, səfirlik və konsulluqlarda ticarət nümayəndələrinin təyin edilməsi ilə bağlı tədbirlərin icrası davam etdirilir. Azərbaycanın ilk ticarət nümayəndəsi qeyri-neft məhsulları üzrə əsas ticarət tərəfdaşımız olan Rusiya Federasiyasına təyin olunub. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi təyin edilib. Bu, Azərbaycanın ticarət nümayəndəsi təyin olunduğu 3-cü xarici ölkədir. Bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" Fərmanı ilə verilmiş tapşırıqların icrası olaraq, Rusiya Federasiyasında və Çin Xalq Respublikasında Azərbaycanın ticarət nümayəndəsi təyin edilib. Nazirlikdən bildirilib ki, ticarət nümayəndələrinin təyin olunması ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafinda, qeyri-neft ixracının genişləndirilməsində, "Made in Azerbaijan" brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqində və həmin ölkələrin investisiyalarının cəlb olunmasında önəmli rol oynayacaq. Paralel olaraq xarici ölkələrdə Azərbaycan ticarət evlərinin yaradılması istiqamətində çiddi şəkildə iş aparılır. Artıq Belarusda "Azərbaycan Ticarət Evi" yaradılıb. Azərbaycan Ticarət Evi "Made in Azerbaijan" brendinin Belarus bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərəcək, Belarusda satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Artıq Azərbaycan Ticarət Evi tərəfindən bu işlərə başlanılıb. Ticarət Evində daimi fəaliyyət göstərən sərgidə 25-dən çox Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar (şərab və konyak, meyvə şirələri, kompotlar, mineral sular, tərəvəz, mürəbbələr, turşular, konservlər, bitki yağları, çay, xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və s.) nümayiş olunur. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Ukrayna, Rusiya, Qazaxıstan, Asiya qitəsi və Körfəz ölkələrində də Azərbaycanın Ticarət Evlərinin yaradılması istiqamətində işlər aparılır. Ümumilikdə Azərbaycan yerli istehsal mallarının ixracında irəliləyişə nail olmaq məqsədilə Aİ və MDB ölkələrinin bəzi paytaxtlarında ticarət evləri açmağı planlaşdırır. Bundan başqa, Azərbaycan məhsullarının təbliği məqsədilə xarici KİV-də reklamların yerləşdirilməsi istiqamətində də müvafiq işlər görülür. Nazirlikdən onu da bildiriblər ki, Prezident İlham Əliyev Azərbaycanın xaricdə logistik mərkəzlərin yaradılması məsələsini də vəzifə olaraq qarşıya qoyub. Bununla əlaqədar Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Azərbaycanın xaricdəki ilk Logistik Mərkəzi də məhz qeyri-neft sektorunun inkişafına, ölkəmizin ixrac və tranzit imkanlarının genişləndirilməsinə xidmət edir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib ki, Azərbaycanda aparılan iqtisadi islahatların mühüm istiqamətlərindən biri ixrac potensialının artırılması və ixraca yönəlik sahələrin inkişafıdır. İxrac fəaliyyətinin əsas hissəsi xarici bazarlara çıxış, bazar araşdırmaları, xarici bazarların ələ keçirilməsi, xarici bazarlarda milli sahibkarların maraqlarının qorunması və ticarət maneələrinin aşılmasıdır: "Bu baxımdan, Azərbaycan Prezidentinin fərmanı ilə xaricdə Azərbaycanın ticarət nümayəndələrinin təyin edilməsi yaradılacaq güclü ixrac potensialının reallaşmasına hesablanıb. Xarici bazarlarda çox güclü rəqabət var. Azərbaycan ixracatçılarının bu rəqabətdə rəqiblərinə qalib gəlməsi üçün bir tərəfdən keyfiyyətli məhsul istehsal etməsi tələb olunursa, digər tərəfdən də güclü marketinq və təbliğat işlərinin aparılması, ixrac olunan ölkələrin qanunlarının mənimsənilməsinə ehtiyac var. Ticarət nümayəndələri bütün bu məsələlərdə milli ixracatçıların maraqlarını qoruyaraq ümumilikdə ölkənin iqtisadi maraqlarını təmin edəcəklər". Ümumilikdə iqtisadi ekspertlər hesab edirlər ki, xarici ölkələrdə Azərbaycanın yerli ixracatçılarının iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması üçün səfirlik və konsulluqlarımızda ticarət nümayəndəliklərinin təsis və təyin edilməsi olduqca əhəmiyyətlidir.
Zəka