Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində münbit şərait yaradılıb

Bütün beynəlxalq risklər və təhdidlərə baxmayaraq Azərbaycan öz inkişaf yolunu davam etdirir. İstər ötən ilin yekunları, istərsə də cari ilin birinci rübünün göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycan düzgün yoldadır və bu yol ölkəmizə yalnız uğurlar gətirir. Bunu şərtləndirən başlıca amil isə ölkədə düzgün həyata keçirilən siyasətdir.

Eldəniz Səlimov: "Yeni iqtisadi şəraitdə Azərbaycanın üstün inkişafını hədəflədiyi sahələrdən biri də aqrar sektordur"

Bütün beynəlxalq risklər və təhdidlərə baxmayaraq Azərbaycan öz inkişaf yolunu davam etdirir. İstər ötən ilin yekunları, istərsə də cari ilin birinci rübünün göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycan düzgün yoldadır və bu yol ölkəmizə yalnız uğurlar gətirir. Bunu şərtləndirən başlıca amil isə ölkədə düzgün həyata keçirilən siyasətdir. Elə millət vəkili Eldəniz Səlimov da bu qənaətdədir. O, bildirib ki, Azərbaycanda son illərdə qlobal məkanda müşahidə edilən mənfi proseslərin, o cümlədən də dünyada neftin qiymətinin kəskin ucuzlaşmasının milli iqtisadiyyatımıza təsirlərini neytrallaşdırmaq və ölkənin davamlı inkişafını bundan sonra da təmin etmək məqsədilə ötən ildən başlayaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkədə iqtisadi aktivliyin artırılması, o cümlədən də biznes mühitinin optimallaşdırılması, bütün sahələrdə şəffaflığa nail olunması, idarəetmənin təkmilləşdirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi və digər istiqamətlər üzrə genişməzmunlu islahatlar həyata keçirilib, iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiqlənib: "Görülən tədbirlər artıq öz nəticəsini verir. Belə ki, milli iqtisadiyyatımızda sabitlik təmin edilib və cari ilin ötən dövründə ayrı-ayrı istiqamətlər üzrə müsbət nəticələr əldə olunub. Yeni şəraitdə isə qarşıya qoyulan əsas vəzifələrdən biri ixracın şaxələndirilməsi ilə bağlıdır. Azərbaycan xarici istehlak bazarlarına qeyri-neft məhsullarının ixracını artırmağı hədəfləyib. Prezident İlham Əliyevin ötən ilin sonlarında imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilib. Bu isə azı üç dəfədən çox artım deməkdir. Bütövlükdə hesab edirəm ki, qarşıya qoyulan hədəflərə qısa müddətdə nail olunacaq. Bunun üçün həm dövlətimizin siyasi iradəsi, həm də iqtisadi potensialı mövcuddur". Eldəniz Səlimov deyib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun inkişafının təmin edilməsi prioritet istiqamət təşkil edir: " Bu sahənin inkişaf etdirilməsinə göstərilən davamlı dövlət qayğısının nəticəsidir ki, son illərdə ölkənin iqtisadi inkişaf dinamikasında qeyri-neft sektorunun çəkisi getdikcə artır. Sevindirici haldır ki, artıq ölkəmizdə istehsal olunan ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi neft sektorunu xeyli üstələyir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə neft gəlirlərinin uğurla modern, innovasiyalara əsaslanan sənaye quruculuğuna yönəldilməsi

siyasəti həyata keçirilir. Son illərdə bu sahənin intensiv inkişafının təmin edilməsi məqsədilə mükəmməl infrastruktur yaradılıb, ayrı-ayrı mövcud müəssisələr müasir texnologiyalar əsasında yenidən qurulub, yerli xammalla işləyən, eyni zamanda, ixrac potensialına malik olan yeni istehsalatlar yaradılması məqsədilə əməli tədbirlər həyata keçirilib. Bu gün Sumqayıtda müasir, böyük sənaye kompleksi yaradılıb və proses davam etdirilir. Dövlət başçısının qərarları əsasında ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Mingəçevirdə, Neftçalada sənaye zonaları və məhəllələri yaradılır. Təbii ki, bütün bunlar ölkəmizdə qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayır. Digər tərəfdən isə ölkəmizdə istehsal olunan məhsulların ixracı məsələləri də diqqət mərkəzindədir. Sənayedə və kənd təsərrüfatında mövcud olan geniş potensial, ölkənin coğrafi mövqeyi, tranzit-nəqliyyat imkanlarının genişlənməsi qeyri-neft ixracının həcmini əhəmiyyətli dərəcədə artırmaq üçün fundamental amillər qismində çıxış edir". Millət vəkili deyib ki, yeni iqtisadi şəraitdə Azərbaycanın üstün inkişafını hədəflədiyi sahələrdən biri də aqrar sektordur: "Ölkəmizin malik olduğu əlverişli coğrafi-iqlim xüsusiyyətləri, fəal məşğul əhalinin 40 faizdən çoxunun bölgələrdə yaşaması bütün respublikaboyu kənd təsərrüfatının qarşısında geniş inkişaf perspektivləri açır. Dövlət tərəfindən göstərilən davamlı siyasi və maddi-texniki dəstək hesabına aqrar sektorun geniş potensialından maksimum səmərə ilə istifadə etməklə yeni şəraitdə ölkənin qeyri-neft məhsulları üzrə ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün hörmətli Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi aqrar siyasət kursunun nəticəsi olaraq bu sahədəki boşluqlar aradan qaldırılıb, kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm sənədlər, o cümlədən, ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı haqqında dövlət proqramları təsdiq olunub. Bu proqramlar Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış mühüm addımlardır. Bu gün ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsi ölkə əhalisini təmin edəcək həcmdə məhsulun istehsalı və emalı potensialının mövcudluğu, ölkə əhalisi tərəfindən istehlak edilən ərzağın keyfiyyəti, dövlət əhəmiyyətli strateji ərzaq məhsullarının ölkədaxili istehsalı kimi komponentləri özündə birləşdirir. Yeni iqtisadi şəraitdə dövlət başçısı tərəfindən bir sıra kənd təsərrüfatı məhsullarının istehsalını əhəmiyyətli dərəcədə artırmaq vəzifəsi qarşıya qoyulub və bu yöndə fermerlərə, iş adamlarına güzəştlər edilir. Xüsusilə, pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq və digər məhsulların istehsalını artırmaq və ixrac etmək yönündə ciddi addımlar atılır. Artıq bu istiqamətdə müsbət nəticələr əldə olunmaqdadır. Belə ki, adıçəkilən sahələrdə istehsalın artırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı məhsullarının xaricə ixracı prosesində də artım müşahidə edilir. Şübhə yoxdur ki, bu yöndə vəziyyət ildən-ilə daha da

yaxşılaşacaq. Eyni zamanda regionlarda kənd təsərrüfatının inkişafının təmin olunmasında həyata keçirilən Dövlət proqramlarının mühüm rolu var. Belə ki, 2004-cü il fevralın 11-də təsdiqlənmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. Belə ki, məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramında qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Bunun ardınca isə 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. Hazırda isə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Sözsüz ki, bu Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanda bir sıra sahələrdə sıçrayışlı inkişafa da təkan verib. Digər tərəfdən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, kənd təsərrüfatının inkişafına zəmin yaradıb. Son illərdə ölkənin regionlarında aqrar sektorun davamlı inkişafına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması bu kimi tədbirlər sırasındadır. Bütün bunlarla yanaşı, yeni təsərrüfatçılıq metodlarının tətbiqi, müasir aqrar-sənaye müəssisələrinin yaradılması sayəsində regionlarda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31