Vətəndaş özünü müflis elan edə bilərmi?
Hüquqi şəxslərin, şirkətlərin özünü müflis elan edə bilməsindən hamı xəbərdardır. Əmlakı borcundan azdırsa, özünü məhkəmə qaydasında müflis elan edir. Həmin şirkətin borcu olduğu kreditorlar isə əlacsız qalır. O cümlədən banklar da əmanətləri və digər borclarını qaytara bilməyəndə belə edir.
19 May 2017 12:37 İqtisadiyyatHüquqi şəxslərin, şirkətlərin özünü müflis elan edə bilməsindən hamı xəbərdardır. Əmlakı borcundan azdırsa, özünü məhkəmə qaydasında müflis elan edir. Həmin şirkətin borcu olduğu kreditorlar isə əlacsız qalır. O cümlədən banklar da əmanətləri və digər borclarını qaytara bilməyəndə belə edir.
İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, 10-dan çox bankımız belə edib. Rəsmi qurumlar da əmanətçilərə və digər kreditorlara açıq deyir ki, bankın əmlakı azdır, olanı da elə rəsmi qurumlara çatacaq: "Beynəlxalq Bankı isə dövlətimiz müflislikdən hətta xilas da etdi. Məsələn, təsəvvür edin ki, borc içində boğulursuz, cəmi 20000 dollar borcunuz var və bu anda sizə kimsə gəlib 60000 dollar hədiyyə edir ki, borcunu da ödə, qalanını da xərclə. Təbii, heç kəs sizə belə hədiyyə etməyəcək. Bunun üçün Beynəlxalq Bank olmaq və milyardlarla vəsaiti talamaq lazımdır. Bəs bu halda nə etməlisiz? Vətəndaş özünü müflis elan edə bilərmi? Bilər. Əsaslandırmaya keçməzdən öncə bir məqamı xüsusi vurğulamaq istərdim. Fiziki şəxslə hüquqi şəxsin müflisliyinin yeganə fərqi yalnız odur ki, hüquqi şəxs müflis olan kimi ləğv edilir, vətəndaş isə yaşamağa davam edir. Yəni məhkəmənin müflis elan etdiyi vətəndaşın bütün borcları silinir, onları ondan tələb etmək olmaz. Əksər xarici ölkələrdə bu halda sadəcə vətəndaş müəyyən dövr ərzində bəzi məhdudiyyətlərə məruz qalır: bəzi fəaliyyət növləri ilə məşğul ola bilməz, hansısa vəzifələri tuta bilməz, adı müflislər siyahısında dərc olunur və s. Lakin bizim qanunvericilikdə belə məhdudiyyətlər yoxdur". Əkrəm Həsənov qeyd edib ki, Azərbaycanda hələ 1997-ci ildən "Müflisləşmə və iflas haqqında" Qanun var. Onun sözlərinə gör, uzun illər həmin Qanuna görə yalnız hüquqi şəxslər və fərdi sahibkar olan fiziki şəxslər ("VÖEN-i olan"lar) özünü müflis elan edə bilərdi: "Qanunda hətta belə bir kazus da var idi Həmin müddəa indi də var, amma daha kazus yaratmır. 57-ci maddənin 4-cü bəndində ki, fərdi sahibkar müflis elan edildikdə uşaqların saxlanması üçün alimentlər və xərclik istisna olmaqla bütün borcları da silinir. Yəni, məsələn, fərdi sahibkarın biznes kreditləri üzrə 1000 manat, fiziki şəxs kimi isə 10000 manat istehlak krediti üzrə borcu var. O özünü fərdi sahibkar kimi müflis elan edərək bütün borclarından, o cümlədən qeyri-sahibkarlıq fəaliyyəti üzrə borclarından da canını qurtara bilər. Təbii, bu məntiqsiz və ədalətsiz idi. Belə çıxırdı ki, fiziki şəxs müflis olmaq üçün yalnız fərdi sahibkar olmalıdır. Bu isə fiktiv sahibkarlıq fəaliyyətinə yol açır. Müflis olmaq istəyən yalandan sahibkar kimi qeydiyyatdan keçib bir az sonra özünü müflis elan edə bilərdi. Vəziyyət 2015-ci ilin oktyabrında dəyişdi. Beləliklə də fiziki şəxslərin də özünü müflis elan edə bilməsi nəzərdə tutuldu. Düzdür, konkret mexanizmlər Qanunda detallaşdırılmır. Ümumiyyətlə, bu Qanun köhnəlib və geniş təkmilləşdirilməsi zəruridir. Lakin hər bir halda Qanun fiziki şəxsin müflis ola bilməsini nəzərdə tutursa, deməli, həmin Qanunun müvafiq prosedurları ona da aiddir. Yeri gəlmişkən, "Banklar haqqında" Qanun da fiziki şəxsin müflis ola bilməsini nəzərdə tutur. Belə ki, həmin Qanunun 1.0.19-cu maddəsi "vətəndaş qüsursuzluğu"nu tərif edərək o cümlədən fiziki şəxsin "məhkəmə qaydasında müflis elan edilməsi faktının olmaması"nı da ehtiva edir. Deməli, fiziki şəxs müflis ola bilər. Daha sonra, həmin Qanuna bu ilin aprel ayında (yəni ən son yenilik!) aşağıdakı məzmunda 57-10.6-cı maddə daxil edilib: "Bankın inzibatçılarının qanuna zidd qərarları, digər hərəkətləri və hərəkətsizliyi nəticəsində bankın müflis olduğu və ya ödəmə qabiliyyətini itirdiyi müəyyən edilərsə və onların bu öhdəliklərini ödəmə qabiliyyəti olmazsa məhkəmə müvəqqəti inzibatçının müraciəti əsasında "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq banka vurduğu zərər həddində bu şəxsləri müflis elan edə bilər". Yenə də belə çıxır ki, fiziki şəxslər məhkəmə qərarı ilə müflis elan oluna bilər". Bu zaman ortaya maraqlı bir sual çıxır. Vətəndaş özünü necə müflis elan etsin? İqtisadçı deyir ki, sadəcə yaşadığı yer üzrə rayon məhkəməsinə ərizə ilə müraciət etməlidir: "Odur ki, banklara və digər şəxslərə borcu olan və onu ödəyə bilməyənlərə özlərini müflis elan etməyi tövsiyə edirəm. Necə ki, banklar özlərini müflis elan edib borcların ödənilməsindən yaxa qurtarır, siz də belə edin. Bütün dediklərim fərdi sahibkarlara və hüquqi şəxslərə də aiddir".
Süleyman