Körfəzdə gərginlik və Azərbaycanın maraqları: Sabitlik nədən asılıdır? – ÖZƏL

"Körfəz Əməkdaşlıq Şurasının İranla bağlı mövqeyi bölgədə təhlükəsizlik arxitekturunun, dövlətlərarası münasibətlərin və beynəlxalq hüquqi məsuliyyət məsələsinin yeni müstəvidə müzakirəsi imkanıdır. Burada söhbət raket və dron hücumlarının doğurduğu maddi zərərdən başqa, həm də dövlət suverenliyinin toxunulmazlığından, bölgəsəl təhlükəsizliyin təminatından və beynəlxalq dəniz yollarının açıq saxlanılmasından gedir".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, biz üç önəmli məqamı fərqləndirək: Körfəz ölkələrinin İranla münasibətlərində diplomatik güvənin zəifləməsi, təhlükəsizlik sahəsində daha sıx koordinasiyaya ehtiyacın artması və Tehrana qarşı beynəlxalq hüquqi-siyasi təzyiq mexanizmlərinin gündəmə gəlməsi. Bununla belə, Körfəz dövlətlərinin çıxarlarının tamamilə eyni olmadığı bəllidir. Onların bir qismi İranla iqtisadi və diplomatik bağların qorunmasında maraqlıdır. Ona görə də sərt açıqlamaların avtomatik olaraq vahid antiiran blokunun formalaşmasına, yaxud birbaşa hərbi qarşıdurmaya gətirib çıxaracağını düşünmək doğru olmaz. Əsas məsələ bölgədə təhlükəsizliyin qarşılıqlı güvən və beynəlxalq hüquq əsasında təmin olunmasıdır. Hörmüz boğazında naviqasiya azadlığı isə artıq qlobal enerji təhlükəsizliyi və beynəlxalq ticarət baxımından da strateji önəm daşıyır. Tehrandan təzminat tələb edilməsi isə ilk növbədə siyasi açıqlamadan beynəlxalq hüquqi məsuliyyət müstəvisinə keçid cəhdi kimi qiymətləndirilməlidir. Körfəz Əməkdaşlıq Şurasının 18 oktyabr tarixli rəsmi kommünikesində də İranın məsuliyyətə cəlb olunması və ziyanın ödənilməsi üçün BMT Təhlükəsizlik Şurasına müraciət edilir. Ancaq tələbin irəli sürülməsi ilə onun icrası fərqli məsələlərdir; bunun üçün hücumların konkret mənşəyinin, dövlət məsuliyyətinin və vurulmuş ziyanın miqyasının hüquqi baxımdan əsaslandırılması, müvafiq beynəlxalq mexanizmlərin işə salınması lazımdır. İranın belə bir öhdəliyi könüllü qəbul etməməsi və Təhlükəsizlik Şurasında böyük dövlətlərin mövqelərinin fərqlənməsi prosesin nəticə verməsini çətinləşdirə bilər. Bununla yanaşı, təzminat tələbinin önəmi yalnız real ödənişin əldə olunması ilə ölçülmür; həmin tələb gələcək diplomatik danışıqlarda, mümkün sülh razılaşmalarında və beynəlxalq məsuliyyət mexanizmlərinin formalaşdırılmasında ayrıca müzakirə predmetinə çevrilə bilər. Diqqətəlayiq məqam odur ki, Körfəz ölkələri İranın hərəkətlərini kəskin şəkildə pisləməklə yanaşı, diplomatik çözüm yolunu da açıq saxlayır. Rəsmi açıqlamada İranın nüvə və raket proqramları, PUAlar və həmçinin bölgəsəl silahlı qruplarla bağlantıları da mümkün danışıqların gündəliyinə daxil edilir. 

"Beləliklə, burada iki paralel proses müşahidə olunur: bir tərəfdən, İranın bölgəsəl fəaliyyətinə görə siyasi və hüquqi məsuliyyətinin gündəmə gətirilməsi, digər tərəfdən isə böhranın daha genişmiqyaslı qarşıdurmaya çevrilməsinin qarşısını almaq səyləri. Azərbaycan üçün də bu proseslər önəmsiz sayılmır. Biz İranla həmsərhəd olan, Körfəz ölkələri ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirən, beynəlxalq yükdaşıma və bağlantı layihələrində iştirak edən ölkəyik; bizə görə bölgədə sabitliyin qorunması, dövlətlərin suverenliyinə sayğı və mübahisələrin beynəlxalq hüquq çərçivəsində çözümü prinsipial önəm daşıyır.
İranın qonşuları ilə münasibətlərində qarşılıqlı təhlükəsizlik təminatlarının və beynəlxalq hüququn əsas götürüldüyü münasibətlər sisteminə ehtiyac getdikcə daha aydın görünür. - Əslində, məsələnin ən önəmli tərəfi elə budur", - deyə ekspert bildirib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31