İran və Körfəz ölkələri arasında gərginlik daha da arta bilər - ÖZƏL
20:35 Siyasət" İran körfəzinin ərəb dövlətlərinin oktyabrın 18-də Manamada keçirilən zirvə toplantısında İrana ünvanladıqları tələblər regional gərginliyin səngiməsinə deyil, əksinə, daha da güclənməsinə səbəb ola bilər. Məsələ burasındadır ki, hələ bu ilin aprelində İran körfəzin ərəb dövlətlərinə ünvanladığı tələblərində onları öz ərazilərindən ABŞ-nin İrana zərbələr endirməsinə şərait və imkan yaratmaqda ittiham etmiş, BMT Baş Assambleyasına ünvanladığı müraciətində körfəz ölkələrindəki ABŞ hərbi bazalarından İrana endirilən zərbələrin doğurduğu dağıntılara görə 140 milyard dollar kompensasiya ödənilməsini tələb etmişdir".
Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib:
"İranın bu tələbi Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya, İraq, Küveyt və digər ərəb dövlətlərinə yönəlmişdi.
İran yuxarıda adları çəkilən dövlətlərdən öz ərazilərindəki ABŞ hərbi bazalarının çıxarılmasını tələb etmiş, əks təqdirdə, bu dövlətlərin ərazilərinə cavab zərbələri endirməyin özünün müstəqil hüququ olduğunu bildirmiş, onun infrastrukturunu daim təhdid edən tərəflə mübarizə aparmaq hüququnun olduğunu bəyan etmişdir. Körfəz dövlətlərinin İranı BMT Təhlükəsizlik Şurası vasitəsilə məsuliyyətə cəlb etmək, onu dəymiş ziyana görə kompensasiya ödəməyə məcbur etmək səyləri də səmərə verməyəcək.
Bəllidir ki, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi İrana qarşı hər hansı qərarın bu müstəvidə qəbul olunmasının qarşısını alacaq. Körfəz ölkələrinin Yəmən husilərinin zərərsizləşdirilməsi üçün Qərbdəki müttəfiqləri ilə əməkdaşlığının da konkret səmərə verməyəcəyi bəllidir. Zira, İranla konkret məsələlər ətrafında ortaq məxrəcə gəlmədən Yəmən husiləri ilə bağlı məsələlərdə kompromis varianta nail olmaq da qeyri-mümkündür".
Zeynəb Mustafazadə