Bəhruz Quliyev: "Fransadakı etirazlar Paris üçün ciddi mesajdır" – ÖZƏL
16:28 Siyasət"Fransada baş verən son hadisələr Makron hakimiyyəti üçün ciddi siyasi sınaqdır. Küçə etirazları, kütləvi saxlanılmalar və miqrasiya siyasəti ətrafında artan mübahisələr ölkədə sosial-siyasi gərginliyin dərinləşdiyini göstərir. Florian Filippo kimi siyasi fiqurlar yaranmış vəziyyətə görə Emmanuel Makronun istefasını tələb edirlər. Bu isə Fransada hakimiyyətə qarşı narazılığın siyasi mübarizənin əsas mövzularından birinə çevrildiyini göstərir. Eyni zamanda, bu etirazların avtomatik olaraq Makronun istefasına gətirib çıxaracağını söyləmək olmaz. Bunun üçün siyasi qüvvələrin mövqeyi, cəmiyyətin reaksiyası və hakimiyyətin böhrana verəcəyi cavab həlledici olacaq".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, digər mühüm məsələ isə sağçı qüvvələrin mövqelərinin güclənməsi ehtimalıdır. Miqrasiya, təhlükəsizlik, milli kimlik və sosial problemlər ətrafında narazılıq sağçı siyasi dairələrin əsas arqumentlərini gücləndirə bilər. Lakin bu narazılığın seçkilərdə hansı nəticəyə gətirib çıxaracağını indidən qəti söyləmək düzgün deyil. Burada başqa bir məqama da diqqət çəkmək istəyirəm. Fransa uzun illərdir başqa dövlətlərə demokratiya, insan hüquqları və siyasi idarəçilik məsələlərində iradlar bildirir, bəzi ölkələrin daxili proseslərinə münasibət göstərir. Ancaq bu gün Fransanın özündə ciddi sosial narazılıq və küçə qarşıdurmaları yaşanır. Belə olan halda, Parisin öz problemlərinə yanaşması da sual doğurur.
"Mənim fikrimcə Fransa anlamalıdır ki, demokratiya yalnız başqa dövlətlərdən tələb edilən prinsip deyil. Demokratiya, ilk növbədə, öz ölkəndə vətəndaşların hüquqlarını qorumaq, sosial problemləri həll etmək və cəmiyyətin etimadını qazanmaq deməkdir. Hesab edirəm ki hadisələr Paris üçün ciddi bir mesajdır ki, başqa dövlətlərdə problem axtararkən öz daxilindəki problemləri görməzdən gəlmək olmaz. Əgər Fransa beynəlxalq aləmdə demokratik prinsiplərin müdafiəçisi kimi çıxış etmək istəyirsə, ilk növbədə, həmin prinsiplərə öz siyasətində də ardıcıl əməl etməlidir. Çünki beynəlxalq nüfuz bəyanatlarla deyil, real siyasət və ikili standartlardan uzaq münasibətlə qazanılır", - deyə B.Quliyev əlavə edib.
Səidə Ramazanova