Fransada etirazların siyasi nəticələri: Makronun partiyasını nə gözləyir?-ÖZƏL

Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo ölkədə baş verən kütləvi iğtişaşlara görə prezident Emmanuel Makronu günahlandıraraq onun istefasını tələb edib. Filippo böhranın səbəbini hökumətin yanlış siyasətində, xüsusilə miqrasiya məsələsinə yanaşmasında görür. Ölkənin müxtəlif şəhərlərində keçirilən etirazlarda "Makron, istefa ver!" şüarları səsləndirilib. Aksiyalar zamanı Parisdə 850-dən çox, Lionda 160, Lilldə 69, Limojda isə 17 nəfər saxlanılıb.

Fransada baş verən iğtişaşlar Makron hakimiyyəti üçün hansı siyasi nəticələrə səbəb ola bilər? Makronun istefası tələblərinin siyasi dəstək qazanmaq ehtimalı nə qədərdir?
Bu hadisələr Fransada sağçı siyasi qüvvələrin mövqelərini gücləndirə bilərmi?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:

"  Fransada baş verən kütləvi etiraz aksiyaları 800 il öncə baş verən hadisələri xatırlatmaqdadır. Əslində, hər iki etiraz aksiyasının səbəblərinə baxdıqda, onların böyük ölçüdə eyni olduğunu görürük. Bunlar bahalaşma, işsizlik, əməkhaqlarının az olması, sosial vəziyyətin kifayət qədər gərgin olması, o cümlədən təhsildəki problemlər, məktəb binalarının vəziyyəti, müəllim çatışmazlığı və digər məsələlərdir. Bütün bunlar etiraz aksiyalarını körükləyən əsas amillərdir.

Şübhəsiz ki, hər bir siyasi hadisənin müəyyən nəticələri olur. Doğrudur, 2018-2019-cu illərdə baş verən "Sarı jiletlilər" hərəkatı Makronun hakimiyyətini laxlatdı, lakin onun devrilməsinə gətirib çıxarmadı.
Hesab edirəm ki, bu hadisələrin nəticələri bir müddət sonra özünü göstərəcək. Çünki Fransa hökuməti də müəyyən addımlar atmaq məcburiyyətində qalacaq. Etirazların siyasi nəticələrinə gəlincə, şübhəsiz ki, Makronun reytinqi kifayət qədər azalıb və onun partiyasının da reytinqi aşağıdır. Bu baxımdan, gələcək seçkilərdə onun partiyasının və partiyada onu əvəz edəcək şəxsin uğur qazanması ehtimalı kifayət qədər aşağıdır.
Nəzərə alsaq ki, Makronun prezidentlik müddəti gələn il başa çatır və o, növbəti seçkilərdə iştirak edə bilməyəcək, deməli, özündən sonra partiyasına siyasi irs qoyub gedə bilməsi məsələsi də aktuallaşır. Onun nüfuzu ciddi şəkildə zəifləyib və bu zəiflik eyni zamanda partiyasının reytinqinə də təsir edib. Makronun gedişi ilə onun partiyasının siyasi ömrünün də qısa olacağı ehtimalı böyükdür.
Bu baxımdan, baş verən hadisələr miqrasiya siyasəti və hərbi xərclərlə bağlı məsələlərlə də əlaqəlidir. Bütün bunlar Fransada sağ millətçi qüvvələrin mövqelərinin güclənməsinə gətirib çıxara bilər.

Nəzərə alsaq ki, əvvəlki seçkilərdə Makronun əsas rəqibi Marin Le Pen olub və hazırda onun siyasi fəaliyyətinə qadağa qoyulsa da, bu siyasi düşərgə Fransada mövqelərini qoruyur və populyarlığını artırır. Onlar solçu qüvvələrə qarşı əsas alternativ kimi çıxış edirlər.
Ümumiyyətlə, hazırda Avropada baş verən hadisələr göstərir ki, Avropa qitəsi getdikcə sağa meyillənir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31