Bank sektorunda rəqabət yoxdur
Azərbaycan Beynəlxalq Bankı ətrafında qeyri-müəyyən vəziyyət davam edir. Bu gün hər kəsi düşündürən məsələ bankın borclarının taleyinin necə olması ilə bağlıdır. Bu arada Beynəlxalq Bankın İdarə Heyətinin sədri mediaya açıqlamasında bildirib ki, bankın borclarının restrukturizasiyasının müştərilərə təsiri yoxdu
17 May 2017 14:18 İqtisadiyyatAzərbaycan Beynəlxalq Bankı ətrafında qeyri-müəyyən vəziyyət davam edir. Bu gün hər kəsi düşündürən məsələ bankın borclarının taleyinin necə olması ilə bağlıdır. Bu arada Beynəlxalq Bankın İdarə Heyətinin sədri mediaya açıqlamasında bildirib ki, bankın borclarının restrukturizasiyasının müştərilərə təsiri yoxdu. Məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Rövşən Ağayev deyib ki, bankın İdarə Heyətinin sədri əslində doğru deyir, amma bu gün müzakirə mövzusu istər birinci mərhələdə 10 milyard manat həcmində problemli aktivlərin, istərsə ikinci mərhələdə 5 milyard manat ekvivalentində xarici öhdəliyin hökumətin üzərinə götürməsindən müştərilərin nə və hansı miqyasda zərər görə biləcəyi deyil: "Hər kəs arxayın ola bilər ki, 32 milyard dollar xarici valyutada ehtiyat aktivi olan hökumətin arxasında durduğu dövlət bankının indi düşdüyü vəziyyətdən müştəri olaraq insanlar zərər görməyəcək. Bu gün müzakirə olunan mövzu bizim müştəri kimi yox, vətəndaş kimi itirdiklərimizdir. 15 milyard manat dövlət dəstəyi bizim indiki ölçülərlə 10 illik təhsil büdcəmizdir. Biznes adamları 15 milyard manatla indiki normativlə (minimum 50 milyon manat nizamnamə kapitalı) 300 yeni bank təsis edə bilərdi. Bir də bank rəhbəri çox optimistdir. Ümid edir ki, problemli aktivlərlə və öhdəliklərdən azad olan bankın bir qayğısı olacaq, o da inkişaf haqda düşünmək". İqtisadçı deyib ki, bank yalnız inkişafda olan iqtisadiyyatın bazasında inkişaf edə bilər: "Biznes yalnız o zaman inkişaf edir ki, müştərisi - özü də tədiyyə qabiliyyətli tələblə təmin olunan müştəri kontingenti olur. Təsəvvür edin, məhsul istehsalına sərmayə qoymusunuz, bahalı texnologiyalara milyonlar yatırmısınız, amma məhsulunuzu sata bilmirsiniz, necə inkişaf edəcəksiniz? Bankın da əsas məhsulu puludur.Kimə satacaq o pulu? Rəqabət mühiti, rəqabət və ixrac qabiliyyətli məhsulu olmayan, daxili tələb məhdudluğundan əziyyət çəkən iqtisadiyyat bu bankı necə ayaq üstə qoyacaq, böyüdəcək? İbrətamiz misal ölkənin ən imkanlı 2-3 bankından biri olan Paşabankdır. 3.3 milyard manat aktivi var, amma bu qədər aktivin cəmi 25 faizini müştərilərə kredit kimi verib. Şübhə yoxdur ki, biznesin riski çox aşağı, krediti istehlak qabiliyyəti və rəqabətli məhsulun (xidmətin) timsalında əlavə dəyər yaratmaq potensialı yüksək olsa idi, bu bankın da aktivlərinin ən azı 60-70 faizi kreditləşməyə yönəlmişdi. Bank rəhbərinin indiki nikbinliyini o zaman bölüşərdim ki, bank sektorunun real sektora yönəltdiyi hər manatı azı 3-4 manata çevirən biznes sektoru və yüksək alıcılıq qabiliyyətinə malik ev təsərrüfatları olaydı. İndi bizdə bu rəqəm 40-50 qəpikdir". Rövşən Ağayev ona da ümidlə yanaşıb ki, normal şərtlərdə ABB-nin yeni rəhbərliyi peşəkar bankirlərdir: "Amma mövcud şərtlər onları ürəklərində istəmədiklərini danışmağa vadar edir. Deyə bilərsiniz şərtlər əlverişli deyil, bu görəvə sahiblənməsinlər. O artıq başqa müzakirənin mövzusudur. Yəni peşəkarlıqla bağlı olmayan məsələdi". İqtisadçının sözlərinə görə, bu gün bank sektorunda rəqbət yoxdu, əksinə bank kapitalı həddən artıq kiçik bir iqtisadi qrupun əlində təmərküzləşib: "Bankları idarə edən şəxslər yalnız həmin kapitala sahib olan oliqarxların göstərişlərini yerinə yetirirlər. Müstəqil qərar qəbul edən, risk menecmenti quran menecerlər deyillər; Həmçinin iqtisadiyyatda real inflyasiya faizinin 15 faizdən az olduğu şəraitdə bank faizinin yüksək olması qaçılmazdır.
İqtisadçı ekspert Əkrəm Həsənov isə deyib ki, dövlət Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinə görə cavabdeh deyil. Onun sözlərinə görə, Mülki Məcəllənin 98.4-cü maddəsinə uyğun olaraq səhmdar, səhmdar cəmiyyətinin öhdəlikləri üçün cavabdeh deyil: "Yalnız iki istisna var. Əvvəla, Azərbaycan Beynəlxalq Bankında dövlətimizin payı 50 faizdən çox olduğu üçün Mülki Məcəllənin 950.1-ci maddəsinə əsasən ABB-dəki fiziki şəxslərin əmanətlərinin qaytarılmasına görə məsuliyyət daşıyır. Bir də dövlət ABB-nin hər hansı borcuna görə ayrıca zəmanət verdiyi hallarda həmin borca görə məsuldur Buna görə də dövlətimiz ABB-nin xarici borclarını üzərinə götürməyib ABB-ni müflis də edə bilərdi. Bu halda fiziki şəxslərin əmanətləri bankın hesabına qaytarılacaqdı və dövlətin üzərinə heç bir yük düşməyəcəkdi. Bankın digər borclarının əksəriyyəti isə sadəcə batacaqdı. Lakin bunun iki mənfi nəticəsi olacaqdı: Birincisi, dövlətimizin beynəlxalq nüfuzu və reytinqinə xələl gələcəkdi. Eyni zamanda SOCAR və digər dövlət şirkətlərimizin xarici kreditorları da borcların dərhal bağlanmasını tələb edəcəkdi. İkincisi, bank sistemimizə etimad tam sarsılacaqdı".
Füzuli