Razi Abbasbəyli: “Neft ixracında azalma tendensiyası 2030-cu ildə pik həddə çatacaq” – ÖZƏL
16:28 İqtisadiyyat2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan xam neft ixracından gəlirlərini 13% artıraraq 10,1 milyard dollara çatdırıb. İxrac həcmi 7% azalsa da, ABŞ-İran münaqişəsi fonunda neftin bahalaşması ölkəyə əlavə 1,16 milyard dollar gəlir qazandırıb.
"Gəlirlərin artması neftin qiymətinin yüksək olması ilə bağlıdır. Yaxın Şərqdə baş verən gərginliklər, Körfəz ölkələri ətrafındakı silahlı toqquşmalar, eyni zamanda, ABŞ-İran münasibətlərindəki mövcud gərginlik dünya birjalarında neft qiymətlərinin yüksəlməsinə səbəb olur. Bu vəziyyət artıq uzun müddətdir davam edir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. İqtisadçı bildirib ki, Azərbaycanın dünya bazarına neft satışını həyata keçirmək üçün alternativ imkanları mövcuddur. Alternativ marşrutlar vasitəsilə dünya bazarına hər hansı bir fasilə və ya logistik çətinlik yaşamadan satışları həyata keçirə bilərik. İxracın azalması, əlbəttə ki, neft hasilatı ilə bağlıdır. Azərbaycanda neft hasilatı azalmağa başlayıb və bununla bağlı rəsmi açıqlamalar da var. Hasilatın azalması ixracın da aşağı düşməsinə səbəb olur. Nəticə etibarilə, neftin qiymətinin yüksək olması əldə edilən gəlirlərin artmasına şərait yaradır. Eyni zamanda, hasilatın azalması ixracın da azalmasına gətirib çıxarır. Belə olan təqdirdə, gəlirlər artsa da, neft ixracımız azalır. Bu azalma tendensiyası ən yüksək həddə 2030-cu ildə çatacaq. Həmin il Azərbaycanın neft hasilatı təxminən yarıbayarı azalacaq. Təbii ki, bu zaman neft ixracı da aşağı düşəcək. İxracın azalması fonunda növbəti illərdə Azərbaycanın gəlirləri də azalmağa başlayacaq. Hazırda gəlirlərin yüksək olmasının əsas səbəbi neft qiymətlərinin proqnozlaşdırılan səviyyədən təxminən iki dəfə yüksək olmasıdır.
Səidə Ramazanova