Aqrar sahənin inkişafı qarşıda duran əsas vəzifədir

Son illərdə ölkədə əksər sahələr kimi aqrar sahənin də inkişafında müsbət dinamika müşahidə edilir. Xüsusilə, 2014-cü ildən dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda bu sahənin inkişafı zərurəti ortaya çıxdı. Təqdirəlayiq hal ondan ibarətdir ki, ölkədə bu zərurət kifayət qədər ciddi nəzərə alınaraq qeyd edilən istiqamətdə sistemli və davamlı tədbirlər görülür, islahatlar həyata keçirilir.

Son illərdə ölkədə əksər sahələr kimi aqrar sahənin də inkişafında müsbət dinamika müşahidə edilir. Xüsusilə, 2014-cü ildən dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda bu sahənin inkişafı zərurəti ortaya çıxdı. Təqdirəlayiq hal ondan ibarətdir ki, ölkədə bu zərurət kifayət qədər ciddi nəzərə alınaraq qeyd edilən istiqamətdə sistemli və davamlı tədbirlər görülür, islahatlar həyata keçirilir.

Elə Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da bu qənaətdədir. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aqrar bölməni iqtisadiyyatın qeyri-neft sektorunun prioritet istiqaməti elan edib və bu sahədə islahatların daimi xarakter alması və getdikcə dərinləşməsi üçün konkret tədbirlər görür. Millət vəkilinin sözlərinə görə, prezidentin imzaladığı sənədlərə əsasən, kənd təsərrüfatı məhsul istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına, buğda, çəltik, pambıq və tütün səpininə, sortlu toxum və tinglərin istehsalına və satışına, mineral gübrələrin güzəştli şərtlərlə satışına, mal-qaranın cins tərkibinin yaxşılaşmasına, yerli at cinslərinin damazlıq özəyinin qorunmasına, müasir kənd təsərrüfatı texnikalarının və texnoloji avadanlıqların alınaraq istehsalçılara güzəştli şərtlərlə lizinqə verilməsinə, habelə aqrar sahibkarları güzəştli kreditlərlə təmin etməyə və bu kimi digər tədbirlərə hər il dövlət büdcəsindən yüz milyonlarla vəsait yönəldilir: "Bunun nəticəsidir ki, ötən on ildə ölkəmizdə bütün növ kənd təsərrüfatı məhsulları istehsalı xeyli artıb. O cümlədən taxıl istehsalı 41,0 faiz, şəkər çuğunduru 5,0 dəfə, ət 50,8 faiz, süd 53,7 faiz və yumurta istehsalı 77,8 faiz çoxalıb. Bu vəsait hesabına respublikamızda 39 quşçuluq müəssisəsi, 16 cins heyvandarlıq kompleksi, 7 süd və 7 ət istehsalı müəssisəsi açılib, 28 intensiv bağçılıq təsərrüfatı, 30 müasir istixana kompleksi və 15 meyvə-tərəvəz emalı müəssisəsi yaradılıb. Bu tədbirlər nəticəsində aqrar sektorun yeni texnika və texnologiyalara, qabaqcıl təcrübəyə və elmi nailiyyətlərə əsaslanan innovativ inkişafı üçün möhkəm təməl qoyulub". Millət vəkili bildirib ki, innovasiya elmi-texniki tərəqqinin yeni texnologiyada və məhsulda öz əksini tapması kimi anlaşıldığına və dərin islahatlar strategiyasının əsasını təşkil etdiyinə görə dünyanın qabaqcıl ölkələrində kənd təsərrüfatında istehsal olunan məhsulun daha çox elm tutumlu olması istiqamətində inkişaf edir: "Ona görə də Azərbaycan Respublikasında da aqrar-sənaye kompleksinin innovasiyalı inkişafı qarşıda duran əsas vəzifədir və onun həll olunması istiqamətində işlər aparılır. Kənd təsərrüfatında innovasiyaların yayılması təsərrüfat subyektləri tərəfindən informasiyaların qavranılması vəziyyətindən asılıdır. Hazırda aqrar islahatların aparılması nəticəsində ölkəmizdə 851 mindən çox ailə (3 milyon 500 min nəfər) torpaq payı alaraq kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olur. İxtisas təhsili olmayan çoxsaylı istehsalçıların kənd təsərrüfatı istehsalının təşkili, marketinq, biznes planlaşdırması, təsərrüfatın maliyyə və istehsal vasitələri ilə təminatı, yeni texnika və texnologiyalar, innovasiyalı məhsullar və bir çox digər məsələlər barədə informasiyalar almağa və müvafiq biliklərə yiyələnməyə böyük ehtiyacı vardır. Bu ehtiyacı ödəmək üçün kənd təsərrüfatında informasiya-məsləhət xidmətinin genişləndirilməsi və onun müasir tələblər səviyyəsində təşkili qarşıda duran əsas vəzifələrdən biri hesab edilir. Müasir dövrdə iqtisadiyyatın qeyri-neft sənaye sektorunun inkişafında sənaye və texnologiyalar parklarının yaradılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Gəncə Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Sumqayıt və Mingəçevir Yüksək Texnologiyalar Parkı, Neftçala Sənaye Məhəlləsinin yaradılması qərara alınmış və onlardan bir çoxu artıq fəaliyyət göstərir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sistem xarakterli islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanmış "Strateji yol xəritəsi"nin icrası nəticəsində yaxın vaxtlarda ölkəmizdə formalaşmış iqtisadi islahatlar və inkişafın Azərbaycan modeli mahiyyət etibarı ilə daha da inkişaf etdiriləcək və respublikamız daxili və xarici investorlar üçün ən cəlbedici ölkələrdən birinə çevrilməklə ölkə əhalisinin daha firavan yaşaması təmin ediləcəkdir. Beləliklə, Heydər Əliyev siyasəti Azərbaycanın parlaq gələcəyinin əsasını təşkil edir". Eldar İbrahimov deyib ki, belə uğurlu nəticələrin əldə edilməsi isə hər şeydən əvvəl ölkəmizdə düşünülmüş və gələcəyə istiqamətlənmiş neft strategiyası əsasında dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, yeni və müasir texnika və texnologiyalarla təchiz olunmuş müəssisələrin işə salınaraq çoxsaylı iş yerlərinin açılması ilə bağlıdır: "İqtisadiyyatın bazar prinsipləri əsasında inkişafının əsasını təşkil edən xüsusi mülkiyyətin bərqərar olması üçün iqtisadi islahatlara başlanması ölkənin sosial-iqtisadi inkişafı üçün geniş imkanlar yaratdı. "Əsrin müqaviləsi"nin uğurla həyata keçirilməsi nəticəsində ilbəil artan maliyyə ehtiyatları bu imkanlardan daha səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsini zəruri edirdi. Prezident İlham Əliyev cənablarının təşəbbüsü ilə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun və onun əsas sahələrindən biri olan aqrar sektorun inkişafı prioritet istiqamət kimi önə çəkildi".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31