Keçən ilin əvvəlindən başlanan yeni islahatlar

Son illərin iqtisadi göstəriciləri və bu sahədə həyata keçirilən uğurlu tədbirlər Azərbaycan istehsalı olam mal və məhsulların sayının artması, onların daxili bazarın tələbatını ödəməkdə oynadığı mühüm rol, eləcə də bu prosesin bir qədər də genişləndirilməsidir.

Yerli istehsalın artırılmasına, ixracın genişləndirilməsinə əlavə stimul yaradıb

Son illərin iqtisadi göstəriciləri və bu sahədə həyata keçirilən uğurlu tədbirlər Azərbaycan istehsalı olam mal və məhsulların sayının artması, onların daxili bazarın tələbatını ödəməkdə oynadığı mühüm rol, eləcə də bu prosesin bir qədər də genişləndirilməsidir. Artıq "Made in Azerbaijan" brendi dünyaya tanınmaqdadır. Ancaq bu istiqamətdə görülən işlər o qədər də qaneedici sayıla bilməz və daha genişşaxəli tədbirlərin görülməsinə ehtiyac var. Elə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyev də bu məsələyə toxunaraq qeyd edib ki, Azərbaycan brendi indi dünyada təbliğ edilir: "Biz bir çox sərgilərdə iştirak etmişik və yenə də iştirak etməliyik. Müxtəlif ölkələrdə ticarət evləri yaradılır, ticarət-ixrac missiyaları həyata keçirilir. Müvafiq sərəncamlar verildi, vəsait ayrıldı. Xarici media vasitələrində reklam kampaniyaları aparılmalıdır ki, biz "Made in Azerbaijan" brendini tanıtdıraq".

Elə iqtisadçı ekspert Pərviz Heydərov da deyir ki, hazırda uğurla reallaşan islahatlardan biri "Made in Azerbaijan" brendi altında qeyri-neft məhsullarının istehsalının və xarici ölkələrə satılmasının təşviqidir. Onun sözlərinə görə, bu missiyanın davam etdirilməsi və son illərdə özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi yerli məhsullar istehsalını artırıb, ixrac imkanlarını genişləndirib: "Sahibkarlığın inkişafı məqsədilə son dövrlərdə atılan addımlar, sənaye zonalarının, aqroparkların yaradılması ilə bağlı işlərin intensivləşdirilməsi və keçən ilin əvvəlindən başlanan yeni islahatlar yerli istehsalın artırılmasına, ixracın genişləndirilməsinə əlavə stimul yaradıb. Bütün bunların nəticəsi olaraq, getdikcə xarici iqtisadi fəaliyyət iştirakçılarının və ixrac olunan məhsul çeşidlərinin sayı artmaqdadır.Yeri gəlmişkən, ölkədə istehsal olunan mallara dair vahid məlumat bazasının yaradılması haqda Prezident İlham Əliyevin 2016-cı ilin sentyabrın 21-də imzaladığı sərəncam daha böyük əhəmiyyət daşıyır. Bu sənəd ilə Azərbaycan mənşəli mallar haqda məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) 3 ay müddətində əlverişli platforma yaratmaq tapşırığı verildi ki, bu da "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi, realizəsi üçün olduqca vacib məsələ sayılırdı. İİTKM yeni yaradılmış qurum kimi ölkənin dayanıqlı iqtisadi inkişafını təmin etmək istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaq məqsədilə fəaliyyət göstərir. Qurum analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaq, dövlət orqanları ilə qurumları həmin proqnozlarla təmin etmək, iqtisadiyyatın müxtəlif sahələrində ölkənin nailiyyətlərinin təbliği ilə məşğuldur. Onun missiyası iqtisadi islahatların əhatə dairəsini genişləndirmək və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etməkdir". Pərviz Heydərov bildirib ki, qurum tərəfindən ölkədə istehsal olunan mallar və bunların istehsalçıları barədə məlumatları əks etdirən Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən "azexport.az" adlı internet portalı Azərbaycan mallarını xaricdə sərgiləmək üçün dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunub: "Portal dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-loqistika şirkətləri və ödəmə sistemləri ilə əlverişli şəkildə əlaqələndirilmişdir. Sayt mütəmadi olaraq yenilənməklə bərabər, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli, əlverişli, hər yerdə və daimi xarakter daşımaqla, "Made in Azerbaijan" brendini alıcılara daha da yaxınlaşdırır".

Məlumat üçün bildirək ki, "VISA", "MasterCard" və "American Express" kart sahiblərinin portal üzərindən tam təhlükəsiz və sürətli ödəmələr həyata keçirə bilmələri üçün bütün standartlar təmin olunub. Pərviz Heydərovun sözlərinə görə, bu işdə "azexport.az" saytı bir növ tamamlayıcı xarakter daşıdı və fəaliyyətə başladıqdan cəmi 1 ay ərzində xeyli həcmdə sifarişlər əldə olunub və bu, prosesin "relsə düşdüyünü" göstərir: "Təkcə 2017-ci ilin yanvar ayı ərzində portala yerli məhsulların ixracı üçün müxtəlif ölkələrdən 4 milyon 630 min ABŞ dolları dəyərində sifariş daxil olub. Bu təkliflər Rusiya, Türkiyə, İraq, Bolqarıstan, Liviya, Moldova və digər ölkələrdən edilib. Məsələn, Bolqarıstan ümumi dəyəri 4 milyon ABŞ dolları məbləğində 4 min ton qırmızı mərci sifariş edib. Türkiyə, İraq, Liviya və Qana, Nigeriyadan ümumi həcmi 180 ton, dəyəri 350 min ABŞ dolları olan toyuq əti sifariş olunub. Moldovadan 20 min dollarlıq 20 min ədəd limonad, Fransadan isə nar şirələrinin distribütorluğu üçün sifariş gəlib. Bu sayt fəaliyyətə başladıqdan sonra Azərbaycan məhsullarının beynəlxalq platformalarda, o cümlədən "Alibaba.com"da təmsil olunma səviyyəsi fevral ayı da daxil olmaqla son 3 ay ərzində 50 dəfə artıb. Qonşu ölkələrlə müqayisədə beynəlxalq portallarda Azərbaycan məhsullarının təmsil olunması ilə bağlı vəziyyət sürətlə yaxşılaşır. Çünki "azexport.az" portalı yüzlərlə "Made in Azerbaijan" brendini qlobal və regional səviyyəli elektron ticarət portallarında sərgiləyir".

Üeyd edək ki, tezliklə portalda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verən "Azərbaycan rəqəmsal ticarət qovşağı" ("Digital Trade Hub of Azerbaijan") bölməsi də yaradılacaq.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31