Dolların məzənnəsi enir, qiymətlər isə artmaqda davam edir

Mərkəzi Bankın açıqladığı rəsmi məlumata görə, bu gün 1 manat 1,7201 dollar səviyyəsində müəyyən olunub. Artıq 1 aya yaxındır ki, mili valyuta dollar qarşısında dayanıqlılıq göstərir. Amma devalvasiyadan sonra və bayramqabağı artan qiymətlər enmək bilmir.

 "Bazardakı şişirdilmiş qiymətlərin qarşısı alınmalıdır"

Mərkəzi Bankın açıqladığı rəsmi məlumata görə, bu gün 1 manat 1,7201 dollar səviyyəsində müəyyən olunub. Artıq 1 aya yaxındır ki, mili valyuta dollar qarşısında dayanıqlılıq göstərir. Amma devalvasiyadan sonra və bayramqabağı artan qiymətlər enmək bilmir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, milli valyutanın məzənnəsinin sabit saxlanması doğru deyil: "Bir müddət əvvəl 1 manat 1 .90 dollar səviyyəsinə qədər ucuzlaşmışdı. Mərkəzi Bankın yürütdüyü bu siyasət nəticəsində nəzarət mexanizmi bir qədər də gücləndirilib. Hazırda 1 manat 1,7201 dollar səviyyəsindədir. Bu sabitlik müəyyən qədər effekt verə bilər. Amma uzun müddət üçün bu, manat qıtlığının artmasına, manat ətrafında ajiotaja səbəb ola bilər. Mən düşünürəm ki, ilkin olaraq manata etibarlılığı artırmaq lazımdır. Hazırda manatın neftdən asılılığı qalır. İdxal-ixrac əməliyyatlarındakı problemlər müəyyən qədər öz həllini tapsa da, konkret olaraq nəticə yoxdur. Bu səbəbdəndir ki, pul qıtlığı yaranıb, banklar kredit verə bilmir. Bütün bunlar gələcəkdə iqtisadiyyatın artımına müəyyən ziyan vuracaq. Bu gün manat öz həqiqi bazar dəyərini tapmalıdır. Əks halda, real sektor, cənab prezidentin 11 sahə üzrə qəbul etdiyi strateji yol xəritəsi inkişaf etməsə, gələcəkdə çox pis vəziyyət yarana bilər. Ona görə də manatı bu vəziyyətdə qoruyub saxlamaq lazım deyil. Nəzarət mexanizmi-xaricə valyuta axının qarşısının alınması, idxal-ixrac əməliyyatlarında nəzarət güclənməsi vacibdir. Həm də real sektoru inkişaf etdirmək lazımdır ki, oradan gələn gəlirlər artsın. Manata etibarın artması Azərbaycan iqtsadiyyatı üçün çox önəmlidir". Manatın uzuclaşması, həm də bayramla əlaqədar bahalaşan qiymətlərə gəlincə, deputat bunun obyektiv və subyektiv səbəblərinin olduğunu qeyd edib: "Elə qiymətlər var ki, məhsul ölkədə istehsal olunsa da, bayram gələn kimi qalxır. Məsələ burasındadır ki, həmin qiymətlər bayramdan sonra da düşmür. Bu gün bəzi meyvələrin qiyməti bahalaşıb. Bunlar subyektiv səbəblərdir. Amma obyektiv səbəblər də var. Belə ki, bir çox məhsullar, onların komplektləri xaricdən dollarla alınır. Digər tərəfdən, dollar ucuzlaşır, manat bahalaşır, amma qiymətlərə təsir etmir. Bu vaxt da istehsalçı şirkətlər deyir ki, "biz anbarlarda olan məhsulları satırıq. Onu dollar baha olanda almışıq. Hələlik yeni mal almamışıq, satdıqlarımız köhnə qiymətə aldıqlarımızdır".

Bunların hamısı spekulyativ qiymətlərdir. Aidiyyatı orqanlar bunun üzərində işləməlidir. Bazardakı şişirdilmiş qiymətlərin qarşısı alınmalıdır. Əks halda bütün bunlar sosial narazılıqlara səbəb ola bilər. Qiymətlər obyektiv səviyyədə müəyyən olunmalıdır". Millət vəkili ölkədə fəaliyyət göstərən bankların bağlanması məsələsinə də toxunub. "Maliyyə Bazarlarına Nəzarət Palatası artıq bir ildir ki, fəaliyyət göstərir. Palata fəaliyyətə başlayan zaman bankların diaqnostikasını aparıb. Bu diaqnostika nəticəsində banklarda yaranmış vəziyyətlə geniş tanış olub. Keçən müddət ərzində 42 bankdan 10-a yaxını bağlanıb. Hazırda Azərbaycanda 31-32 bank fəaliyyət göstərir. 10 bankın bağlanması Azərbaycanın bank sistemində müəyyən problemlər yaradıb. Biz millət vəkili, iqtisadçı olaraq həmişə qeyd etmişik ki, bankların bağlanmasının tərəfdarı deyilik. Bu Azərbaycan iqtisadiyyatına və vətandaşlarına çox ziyan vurur. Mən bu müddət ərzində görmədim ki, hansısa bankların  səhmdarları yığışsınlar və müəyyən birləşmə mexanizmləri həyata keçirsinlər". Deputat bildirib ki, bildirib ki, bankların bağlanmasındansa, birləşib fəaliyyət göstərməsi daha məqsədəuyğundur: "Gəlin, 15-20 iri bank saxlayaq ki, sektorda problem olmasın. Çox təəssüf ki, bankların birləşdirilməsi ilə bağlı konkret iş görülmür. Əvəzində bankları bağlayırıq, insanlara deyirik ki, gedin problemlərinizi banklarla həll edin. Çox təəssüflər olsun ki, biz bu gün bankları bağlayırıq. Rüfət müəllim, sizə də mən "paçka" ilə məktublar göndərmişəm. Mən minlərlə insandan depozitlərini banklardan götürə bilməməsinə görə müraciət almışam. Bankların əksəriyyətləri ilə də söhbətlər etmişəm. Xahiş etmişəm ki, insanlara depozitlərin, kreditlərin ödənilməsinə köməklik göstərsinlər. Mən təklif edirəm ki, bankların sağlamlaşdırılması zamanı onların birləşdirilnməsinə müəyyən meyllər artırılsın. Onsuz da hamı bilir ki, bu banklar kimindir.. Kimlərə məxsusdur... Bu özbaşına yaranan şey deyil axı". Vahid Əhnədov qeyd edib ki, o və həmkarları dəfələrlə məsələ qaldırıblar ki, vaxtı keçmiş kreditlərin məsələsini həll etmək lazımdır: "Artıq bu rəqəm 1,5 milyard manata yaxınlaşıb. Vəsait artmaq üzrə də davam edir. Bu gün Azərbaycanda bank sistemi fəaliyyətsizdir. Bank sistemi kredit vermir. Bunun da müəyyən hissəsini Maliyyə Bazarlarına Nəzarət Palatasının üstünə atırlar. Banklar deyirlər ki, bu Maliyyə Bazarlarına Nəzarət Palatasının xüsusi tapşırığıdır".  İqtisadçı ekspert Vüqar Bayramob qeyd edib ki, öncədən proqnozlaşdırıldığı kimi, martın sonundan etibarən dollara tələbin artması müşahidə edilməkdədir. Bu özünü dünənki rəsmi kursda və eləcə də sonuncu hərracın nəticələrində göstərdi: "Son 2 gündə valyuta bazarımızda dolların manata kursu cüzi olsa da bahalaşıb. Bu da banklarda dollar satışının artması ilə əlaqədardır. Banklarda dollara olan tələb birbaşa hərrac məzənnəsinə və eləcə də rəsmi kursa təsir göstərməkdədir. Qeyd edək ki, bir sıra kommersiya bankları da dolların alış kursunu artıq artırıblar. Aprel ayında dövlət büdcəsinin investisiya istiqamətində xərcləmələr olacaqsa o zaman dollara tələbin artması davam edəcək. Bütövlükdə, gələn aydan etibarən idxalın həcmində və eləcə də büdcə xərcləmələrində atımlar gözlənilir. Bu isə xarici valyutaya tələbin artmasının davam etməsinə səbəb ola bilər. Aydındır ki, Mərkəzi Bank hərraclar vasitəsi ilə tələbi ödəməklə məzənnəyə təsir imkanlarını qoruyub saxlayır. Amma o da görsənir ki, Mərkəzi Bank bu ilin yanvar ayından etibarən valyuta bazarının məzənnəyə təsir imkanlarını artırmaqla bazar kursunu formalaşdırmağa çalışır. Bununla belə, hələlik manatın öz bazar dəyərini aldığını söyləmək mümkün deyil".

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31