“Made in Azerbaijan” brendi dünya bazarlarında

Dünya iqtisadiyyatında qeyri-müəyyənliyin müşahidə edildiyi bir məqamda qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amillərdən birinə çevrilib.

Sahibkarlar da fəal olmalı, öz məhsullarını təbliğ etməlidirlər

Dünya iqtisadiyyatında qeyri-müəyyənliyin müşahidə edildiyi bir məqamda qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amillərdən birinə çevrilib. Məhz bu iqtiqamətdə görülən işlərin nəticəsidir ki, son illər ərzində uğurla həyata keçirilmiş dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan verib. İndi Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də yerli brend məhsullarının xarici bazara çıxarılması ilə ölkəyə valyuta axınının təmin edilməsidir. Məlumat üçün qeyd edək ki, artıq bu istiqamətdə xeyli iş görülüb. Ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanan  5 oktyabr 2016-cı il tarixli fərmanla xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, eləcə də "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi ilə bağlı qaydalar təsdiqlənib. Qaydalarda "Made in Azerbaijan" brendi ilə xarici bazarlara çıxarılan qeyri-neft məhsullarının keyfiyyət və qiymət sarıdan rəqabətqabiliyyətli olması qarşıda əsas məqsəd kimi dayanır.

Ölkənin ixrac imkanlarının aşkar edilməsi və yeni bazarlara çıxmaq üçün əlavə şəraitin yaradılması, xarici ticarət tərəfdaşları ilə münasibətlərin genişləndirilməsi, beynəlxalq standartlara cavab verən rəqabətədavamlı yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsi baxımdan sahibkarlara əlavə dəstək verilməsi məqəsədilə (www.export.az) portalı və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yaradılıb. Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını reallaşdırmaq, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir. Azərbaycan Prezidenti İlham Əliyevin 16 mart 2016-cı il tarixli sərəncamı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiq edilməsi də   məhz bu məqsədi daşıyır. Məhz sözügedən strategiyada keyfiyyət infrastrukturu sahələrinin inkişafına yeni yanaşma Azərbaycan məhsullarının dünya bazarlarına çıxışı üçün etibarlı təminat yaradır.
 

Prezident İlham Əliyev Sabirabadda pambıqçılıqla bağlı keçirilən ümumirespublika müşavirəsində qeyd edib ki, "Made in Azerbaijan" brendi artıq dünyaya yayılıb: "Biz bir neçə ölkədə artıq ticarət evləri yaradırıq. "Made in Azerbaijan" brendi artıq dünyaya yayılıbdır. İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır. Sahibkarlar özləri də fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar. Onsuz da Azərbaycan dövləti bunu təşkil edir. Biznes forumlar keçirilir, hökumət nümayəndə heyətlərinin tərkibində artıq iş adamları da həmişə təmsil olunurlar. Onlar da fəal olmalıdırlar, öz məhsullarını təbliğ etməlidirlər, çalışmalıdırlar ki, bu imkandan istifadə edib öz məhsullarını daha çox xarici bazarlara satsınlar".

Artiq Azərbaycan məhsulları ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən   "Gulfood 2017" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunub. Sərgi çərçivəsində Azərbaycanın "Azprotein" şirkəti ilə BƏƏ-nin "General Tradeing Company" şirkəti arasında Dubaya ət ixracına dair Müqavilə imzalanıb. Bundan başqa, Azərbaycanın "Asico" şirkəti Küveytə meyvə-tərəvəz, "AHEC" şirkəti Misir, Əfqanıstan və Səudiyyə Ərəbistanına fındıq ixracına dair təkliflər alıb, "Astara tea" və "Kercom" isə Dubaya çay və bal ixracına dair ərəb şirkətləri ilə danışıqlara başlayıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin davamı olaraq, Belarus Respublikasının paytaxtı Minsk şəhərində "Azərbaycan Ticarət Evi" MMC yaradılıb və 20 fevral 2017-ci il tarixində Minsk Şəhər İcraiyyə Komitəsi tərəfindən qeydiyyata alınıb. İxracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi artıq tətbiq olunmaqdadır. İndiyədək bu mexanizm çərçivəsində şərab, pambıq ipliyindən məmulatlar, konservlər, sular, şirələr, fındıq və digər məhsullar üzrə Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və s. ölkələrə ixrac edilib. Ukraynada da belə ticarət evinin yaradılması, Rusiya və bir sıra digər ölkələrdə isə ticarət nümayəndələrinin fəaliyyəti nəzərdə tutulur. Prezident İlham Əliyev tərəfindən həmçinin böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi, pambıq sahələrinin genişləndirilməsi, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub. Heç şübhəsiz ki, bu sahələrdə də sahibkarlar maraqlı olmalıdırlar. Onlar həm yeni bazarların artırılması, həm də keyfiyyətli brend məhsullarının tanıdılmsı iatiqamətində ciddi iş aparmalıdırlar. Nəzərə almaq lazımdır ki, Azərbaycanın brend məhsullarının xarici bazarlara çıxarılması ölkənin tanıdılması ilə yanaşı, sahibkarlığın da inkişafına təkan verə bilər.

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31