Bankların məsələsi açıq müzakirələrdə ortaya qoyulmalıdır
Şəffaf mühit olmayacaqsa, bank sektorunu xilas etmək mümkün olmayacaq
4 May 2016 13:32 İqtisadiyyatKeçən ilin sonlarından dünyadakı neft qiymətlrinin aşağı düşməsi ölkənin maliyyə sektoru, xüsusilə də banklara təsirsiz ötüşmədi. Qısa müddət ərzində bir çox bankların illər uzunu yol verdikləri nöqsanlar, vətəndaşı hansı yollarla aldatdıqları üzə çıxdı. Gəlinən nəticə isə sonda həmin banklar üçün heç də ürəkaçan olmadı. Belə ki, qeyri-rentabelli işləyən banklar tədricən öz fəaliyyətini dayandırdı. Hazırda isə bir neçə bankı acı tale gözləyir.
İqtisadçılar deyirlər ki, beynəlxalq iqtisadiyyatda bu cür situasiya "balon partlaması" kimi xarakterizə edilir. İqtisadçı Rövşən Ağayev deyib ki, dünya fond və maliyyə bazarlarında sonuncu "balon partlaması" 2007-2008-ci ilə təsadüf edir: "Həmin illərdə ABŞ-da ipoteka bazarı ilə paralel maliyyə bazarlarını əhatə edən tarixçəni hamı xatırlayır. Spekulyativ qiymətlər - öz real dəyərindən yüksək qiymətə üfürdülmüş "balon qiymətləri" - əmlak bazarında yüksək qiymətlər yaratmışdı. Risk menecmentinə fikir vermədən həddən artıq böyük həcmdə ipoteka kreditləri ayrılmışdı, fond və maliyyə bazarlarında başlanan böhran əmlak bazarına keçən kimi qiymətlər sürətlə enməyə, ipoteka kreditlərinin qaytarılmasında kəskin problem yaranan kimi bu ölkədə tətbiq edilən bəzi ipoteka kreditləri çökməyə başladı". İqtisadçı hesab edir ki, Azərbaycanda isə "bank balonu"nun yüksək neft qiymətləri yaratdı: "2005-2014-cü ildə Azərbaycanın mənzil bazarında qiymətlər ən azı 6-7 dəfə bahalandı. 2000-2003-cü illərdə Azərbaycanda ildə maksimum 500-600 min kvadrat metr mənzil tikilirdi, 2006-2014-cü illərdə həmin göstərici 2-2.4 milyon kvadrat metr aralığında dəyişdi. Bank sektoru şişirdilmiş qiymətlərlə vətəndaşlara mənzil satan, ofis binası, ticarət-xidmət obyekti tikən tikinti şirkətlərini səxavətlə, amma sələmçi soyğunçuluğu ilə kreditləşdirməyə başladı. 2004-cü ilin sonuna olan məlumata görə, bankların inşaat sektoruna verdiyi kreditlər bütün kreditlərin 4 faizdən də bir az çox idi. Təxminən 200 milyon manat. Artıq 2014-cü ilin sonunda 15 faizə (təxminən 2.6 milyard manata) çatmışdı. Köpüyü yaradan ikinci mənbə isə istehlak kreditləri oldu. Böyük neft pullarının stimullaşdırdığı nəhəng tikinti layihələri, bu layihələrin yaratdığı müvəqqəti və ya mövsümi də olsa, çoxsaylı iş yerləri, həmin iş yerlərindən alınan əmək haqlarının səxavətlə üz tutduğu istehlak kreditləri. 2004-cü ildə istehlak kreditlərinin ölkənin əmək qabiliyyətli əhalisinin hər nəfəri hesabı ilə həcmi 300 manat ətrafında idi, 2014-cü ildə 1600 manatı ötürdü. 2004-də bütün kreditlərin 27 faizi, artıq 2014-də 42 faizi istehlak kreditinin payına düşmüşdü. Bir bank sektorunun ki, kreditlərinin 60 faizi spekulyativ və inhisarçı qiymətlərin formalaşdığı bazarlara məxsus məhsulların (və ya xidmətlərin) istehlakının genişləndirilməsinə xidmət edir, həmin bazarlardakı balonlar partlayan kimi, bank sektoru da onun ardınca partlamalıdır. Başqa alternativ yoxdur. Başqa alternativ o olardı ki, kreditlərin 100 manatından azı 60 manatı dəyər yaradan real sektoru maliyyələşdirmiş olsun".
Rövşən Ağayevin sözlərinə görə, illər uzunu yüksək faizlərlə insanları soyan "balonlar" indi də büdcənin üzərinə oturub: "Beynəlxalq Bankın "zəhərli aktivləri"ni təmizləmək üçün büdcədən 3 milyard manat yardım edildi. Söhbət var ki, əlavə 2-3 milyard manat da ayrıla bilər. Əlavə olaraq, Mərkəzi Bankın iri məbləğli mərkəzləşdirilmiş kredit resurslarını nasos kimi sorur. İndi bu bankın ölkə iqtisadiyyatına bu qədər ziyan vurması müqabilində verdiyi faydaları da keyfiyyət göstəriciləri əsasında hesabat olaraq təqdim edən hökumət lazımdır. İndi növbə daha bir banka yardım əlinin uzadılmasına çatdı. Söhbət "Standartbank"dan gedir. İlkin olaraq hökumətin banka 6 ay müddətinə 15 milyon manat borc verdiyi deyilir. Məsələ verilən borcun məbləğindn deyil, prosesin nə dərəcədə şəffaf getməsindədir. Problem ondadır ki, sağlamlaşdırmaya ehtiyac olan tək bu bank deyil. Ona görə də hökumət bank sektorunun sağlamlaşdırılması üçün parlamentdə və cəmiyyətdə müzakirə olunmaq şərtilə strategiyasını açıqlamalı, sağlamlaşdırmanın prinsip və meyarları, dəstəyin həcm və formalarıi, gözlənilən risklər və onların önlənməsi yolları, gözlənilən nəticələr həmin sənəddə dəiqiq əks edirilməli və əsaslandırılmalıdır. Ona görə də heç olmazsa indiki prosesdə cəmiyyət üçün bütün məqamlar açıq olmalıdır. Bank xilas olmaq üçün dövlətdən yardım almaq istəyirsə, rəsmi sahiblərini açıqlamağa borcludur. Problemli kreditlərinin həcmi, risk menecmentindən yol verilmiş yanlışlıqlar hesabat formasında ictimaiyyət üçün tam açıq olmalıdır". Rövşən Ağayev hesab edir ki, dövlətdən dəstək alan bankların yaxın 5 ildə kredit strategiyası, risk menecmentinə yanaşması, bank xidmətlərinin inkişafı istiqamətində atacağı addımlar açıq müzakirlərdə ortaya qoyulmalıdır. Belə şəffaf mühit olmayacaqsa, bank sektorunu xilas etmək mümkün olmayacaq".
Füzuli