İnşaat sektorunda tənəzzül dərinləşir
Neft qiymətləri daha çox bu sahəni vurub
4 May 2016 13:30 İqtisadiyyatDünya bazarlarında neftin qiymətinin aşağı düşməsi əksər neft istehsal edən ölkələr kimi Azərbaycana da təsirsiz ötüşmədi. Milli valyutanın bir qədər dəyərdən düşməsi, dolların bahalaşması nəticə etibarilə iqtisadiyyatda mənfi tendensiyalara gətirib çıxardı. Etiraf etmək lazımdır ki, baş vermiş böhran Azərbaycanda yüzlərlə iş yerlərinin bağlanmasına da səbəb oldu. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə dair iclasında da açıq şəkildə bildirdi. Ancaq onu da qeyd etmək lazımdır ki, dövlət başçısı həmçinin bu problemin aradan qaldırılması, yeni iş yerlərinin açılması barədə də öz tapşırıqlarını verdi ki, ötən müddət ərzində bu istiqamətdə kifayət qədər işlər görülüb.
Aparılan araşdırmalardan aydın olur ki, dünya bazarlarında neft qiymətlərinin sürətlə aşağı düşməsi və iqtisadiyyatda yaranmış arzuedilməz vəziyyətdən daha çox zərbə alan sahələrdənb biri də ölkənin tikinti sektorudur. Elə əksər iqtisadçılar da bu qənaətdədir. İqtisadçı ekspert Qubad İbadoğlu da hesab edir ki, Azərbaycanın sənaye və ticarət sektorundan sonra üçüncü böyük bölməsi olan tikintidə böhran getdikcə dərinləşir. Onun sözlərinə görə, bunu rəsmi statistik məlumatlar təsdiq edir: "Dövlət Statistika Komitəsinin son açıqlamasına görə cari ilin birinci rübündə tikinti sektorunda məhsul və xidmətlər istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb. Belə ki, 2016-cı ilin yanvar-mart aylarında əsas kapitala 2,88 milyard manat məbləğində vəsait yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,2 faiz azdır. Müşahidələr və təhlillər göstərir ki, tikintidəki tənəzzülün əsas səbəbi təkrar maliyyələşmə fazasının zəifləməsi, bank sektorunda kapital qıtlığının yaranması və dövlət sifarişlərinin kəskin azalmasıdır. Rəsmi məlumatlara görə, məhdudlaşdılmış fiskal siyasət nəticəsində daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 31,3 faizini təşkil edib. Halbuki, ötən ilin eyni dövründə müvafiq göstərici indikindən 2 dəfə çox idi". Qubad İbadoğlu bildirib ki, hazırkı şəraitdə inşaat sektorunda müşahidə olunan durğunluq tikinti materialları və inşaat texnikası bazarlarına da əhəmiyyətli dərəcədə mənfi təsir göstərməkdədir: "Tamamlayıcı və əlavə aksessuarlar, eləcə də mebel sənayesi, hətta pərdə-tül istehsalı da inşaat sektorundakı böhranın əsas qurbanlarından sayıla bilər. Bununla yanaşı, tikintidəki böhranın mənfi nəticələrindən biri də inşaat bölməsində mövcud iş yerlərinin sürətlə bağlanmasıdır. Təhlillər göstərir ki, son 1 il ərzindən ən böyük işçi ixtisarı tikinti sektorunda qeydə alınıb. Onun da başlıca səbəblərindən biri dövlət büdcəsindən investisiya xərclərinin maliyyələşdirilməsinin məhdudlaşdırılması və ölkədə ümumi iqtisadi durğunluğun mövcudluğudur". İqtisadçı deyib ki, hazırda daha çox
regionlarda və hətta Bakı şəhərində də tikinti işlərinin əksəriyyəti dayanıb, işçilər öz hesablarına məzuniyyətə buraxılıb: "Odur ki, inşaat sektorda hər hansı bir müsbət dəyişikliklər baş verməzsə bu işgüzar fəallığa və işziliyə ciddi şəkildə mənfi təsirlərini göstərəcək. Son aylarda reallaşan Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması yaxşı təşəbbüs olsa da gecikmişdir. Bu agentliyin fəaliyyət konsepsiyası mənzil problemlərinin sosial həlli üzərində köklənsə də hələ bu sahədə əhəmiyyətli dəyişikliklərə imza atılmayıb". İqtisadçı əmin olduğunu bildirib ki, qısa müddətdə bu sahədə ciddi şəkildə müsbət dəyişikliklər müşahidə ediləcək.
Füzuli