“Böhrana hazırlıq, iqtisadi gərginliklərə qarşı mübarizə..”
“Ölkə rəhbərliyinin birbaşa müdaxiləsi nəticəsində daha effektiv oldu”
29 Aprel 2016 13:08 İqtisadiyyatDünyanın əsas neft istehsalçılarının diqqətinin yönəldiyi Doha görüşündən sonra birjalarda müəyyən hərəkətlilik müşahidə edilməkdədir. Düzdür, sözügedən görüşdə neft istehsalçıları onun qiymətinin tənzimlənməsi istiqamətində ümumi razılığa gələ bilməsələr də, hər halda son günlər dünya bazarlarında müşahidə edilən proseslər müəyyən mənada ümidlər yaradır. Nəzərə alsaq ki, dünya bazarlarında neftin qiymətinin nisbətən bahalaşması manatla Amerika dolları arasında da yeni fərqlərə səbəb olur. O halda bu prosesin Azərbaycana təsirsiz ötüşməyəcəyini söyləmək mümkündür.
İqtisadçı ekspert Pərviz Heydərov da deyir ki, hazırda neftin qiymətində artım müşahidə edilir: "Azərbaycanda isə manatın dollara nisbətdə məzənnəsi cüzi də olsa düşür. Xatırladım ki, bir müddət əvvəl neft düşür, manat isə qalxırdı. Sual yaranır: bu, bir daha nəyi göstərir?. Birincisi, manat əvvəllər də qeyd etdiyim kimi üzən məzənnə rejimində deyil. İkincisi, manatın dəyərini birbaşa olaraq, heç neft də müəyyən etmir. Üçüncüsü isə, manatın dəyərini müəyyən edəcək müvafiq bazar özü belə demək olar ki, ümumiyyətlə, yoxdur. Odur ki, manat əslində, real dəyərini tapmalıdır deyənlərə soruşuram: bu, harda, necə və nəyə əsasən baş verməlidir?". İqtisadçının sözlərinə görə, qeyd olunanlar baxımından da, Mərkəzi Bankın (AMB) hazırki siyasəti ikiəlli alqışlanmağa layiqdir: "Hesab edirəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının da fəaliyyətinin yaxın perespektivdə əsas nəticələrindən birini məhz onun nəzarət edəcəyi bazarın özünün hələ "düz-əməlli" formalaşıb başa çatması təşkil etməlidir. Bunun üçün isə birincisi, bazarın normal iştirakçıları yaranmalı və ortaya çıxmalıdırlar. İkincisi və paralel olaraqsa, sözsüz ki, manatın bir pul vahidi olaraq ifadə və yaxud təmsil edəcəyi milli məhsul qrupu və yaxud da deyək ki, kütləsi və həcmi də yaradılmalı - təşəkkül tapmalıdır. Yalnız, bundan sonra Azərbaycan Mərkəzi Bankı manatı sərbəst buraxa bilər. Bütün bunlara qədər isə, ölkə iqtisadiyyatı dollarla nəfəs aldığına görə, onun qalxıb-düşməsi də kənar deyil. Bilavasitə necə deyərlər real iqtisadi vəziyyətimizlə əlaqədar olacaqdır. Vəziyyət isə ondan ibarətdir ki, ilk olaraq 2014-cü ilin dekabrından etibarən itirməyə başladığımız xarici valyutamızın yerini təcili olaraq doldurmaq və onu bərpa etmək lazımdır".
Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Analitik Mərkəzinin rəhbəri, ekspert Azər Verdiyev də ölkənin maliyyə sektorunda müşahidə edilən hərəkətliliklə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, artıq ölkə rəsmiləri də dəfələrlə qeyd ediblər ki, dünyada baş verən iqtisadi kataklizmlərlə əlaqədər bizim manat idarə olunan üzən məzənnə rejimindədir: "Neftin qiymətinin az qala hər saat içində dəyişməsi, dünyada baş verən iqtisadi kataklizmlər, birmənalı şəkildə dünya ölkələrinin milli valyutalaraına da ciddi şəkildə təsir etməkdədir. Hesab edirəm ki, bu proses hələ bir müddət davam edəcəkdir". Azər Verdiyev təssüf hissi ilə qeyd edib ki, iqtisadi problemlərin böyük əksəriyyəti siyasi münasibətlərin məntiqi nəticəsidir. ASGA Analitik Mərkəzinin rəhbəri hesab edir ki, böyük güclərin sanksiya oyunu bu işdə bilavasitə böyük rola malikdir: "Ölkəmizdə böhrana hazırlıq, iqtisadi gərginliklərə qarşı mübarizə ölkə rəhbərliyinin birbaşa müdaxiləsi nəticəsində daha effektiv oldu. Sahibkarların ölkədə daha münbit şəraitlə təmin edilməsi bütün iqtisadi gərginlikləri birmənalı şəkildə üstələmiş oldu. Hesab edirəm manatın dollara nisbətən güclənmə prosesi neftin qiymətindən asılıdır. Neftin qiyməti artsa çox güman ki manatın dəyəri də artacaqdır. Lakin son bir ildə baş verən proseslər onu göstərdi ki, manat-dollar rəqabəti ilə bağlı yüz faizlik diaqoz vermək olduqca çətindir. Lakin yaxın bir ildə hansısa kəskin dəyişmədən söhbət belə gedə bilməz".
Gründüyü kimi, mövcud vəziyyətin hələlik davamlı olub-olmayacağını indidən söyləmək mümkün görünmür. Hər halda yaxın günlərdə proseslərin hansı istiqamətə doğru cərəyan etdiyini görə biləcəyik.
Süleyman