Gənc nəsil maarifləndirilir
İstehlakçı hüquqları sahəsində
28 Aprel 2016 11:40 İqtisadiyyatİqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir. Nazirlikdən verilən məlumata görə, Dövlət Xidmətinin təşkilatçılığı ilə "İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda növbəti belə tədbir Bakı Rabitə və Nəqliyyat Kollecində keçirilmişdir. Təhsil müəssisəsinin 200-dən çox müəllim və tələbələrinin iştirak etdiyi seminarda iştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilmiş, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır. "İstehlakçıların hüquqları və onların qorunması sahəsində görülən işlər", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir" mövzusunda mühazirələrlə çıxış edən Dövlət Xidməti əməkdaşları istehlakçıların hüquqlarının müdafiəsi, eyni zamanda istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin xüsusi əhəmiyyətindən danışmış, Dövlət Xidməti tərəfindən bu sahədə həyata keçirilən işlər barədə məlumat vermişlər. Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılmış, onlara istehlakçı hüquqlarına dair müxtəlif maarifləndirici materiallar paylanmışdır.