Bank və lombard işbirliyi hansı fəsadlara yol açır?
Fikrət Yusifov: “İnsanlar lombardların vasitəsilə bankların girovuna çevrilirlər”
29 Mart 2016 12:31 İqtisadiyyatKeçən ilin sonlarında dünyada neftin qiymətlərinin kəskin aşağı düşməsi nəticəsində ölkənin maliyyə bazarı, xüsusilə bank sektorunda yaşanan arzuedilməz situasiya əhalinin bu sektora olan inamını azaltdı. Həmin ərəfədə bir sıra bankların yaranmış vəziyyətdən çıxış yolu məqsədilə hökumətə dəstək vermək əvəzinə, daha çox qazanc götürmək, süni ajiotaj yaratmaq cəhdələri haqlı olaraq bu sahədə radikalı islahatların həyata keçirilməsini zəruri etdi. Qısa zamanda onlarla bankın qeyri-səmərəli fəaliyyətinə görə lisenziyadan məhrum edilməsi, fəaliyyətlərinin dayandırılması yaranmış situasiyanı bir qədər normallaşdıra bildi. Ancaq hazırda da bankların bir çoxunun fəaliyyəti qanedici sayıla bilməz. Məhz bu səbəbdəndir ki, son zamanlar cəmiyyətdə özəl bankların fəaliyyəti çox haqlı olaraq bütün səviyyələrdən ciddi şəkildə tənqid olunur.
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, İqtisad elmləri doktoru Fikrət Yusifov deyir ki, tənqidin əsas səbəbl, bankların vətəndaşlara bahalı kreditlər verməsi, onları kreditləri milli valyutada deyil, xarici valyutada götürməyə təhrik etmələridir. İqtisadçı bildirir ki, digər səbəb, xarici valyutada olan kreditlər üzrə yaranmış məzənnə fərqi məsələsində öz müştərilərinə güzəştə getmək istəməmələridir: "Apardığımız araşdırmalar göstərir ki, bankların fəaliyyətində bunlardan dolayı, cəmiyyəti narahat edə biləcək daha ciddi məqamlar mövcuddur. Belə ki, son zamanlar banklar borca ehtiyacı olan müştərilərə kreditləri daha çox lombardlar vasitəsilə, onların zinət əşyalarını iki dəfə ucuz qiymətə girov götürməklə və iki dəfə baha faizlə (ən azı 60-70%) təklif edirlər. Bununla da bank bir tərəfdən özü üçün təminatsız kredit problemini həll etmiş olur, digər tədəfdən isə öz qazancını azından iki dəfə artırır. Nəticə etibarıilə, ehtiyac içində olan və öz problemini həll etməyin yolunu yalnız zinət əşyalarını girov qoymaqla lombardlardan kredit götürməkdə görən insanlar lombardların vasitəsilə bankların girovuna çevrilirlər.
Bu insanların heç xəbəri də olmur ki, onların lombarda girov qoyduqları zinət əşyaları əslində bankların özündə saxlanılır. Lombard burada sadəcə, vasitəçi rolunda olur. Elə bu səbəbdəndir ki, kimsə imkan tapıb, öz zinət əşyalarını lombarddan geri almaq istəyəndə, o ciddi problemlərlə üzləşir. Çünkü bahkın kredit şərtləri ilə lombardın verdiyi borcun şərtləri fərqlidir və bu fərqlilik müştəri öz zinət əşyasını lombarddan geri almaq istəyəndə problemlər yaradır. Bütün hallarda vətəndaşlar incidilir, onlar praktik olaraq müflüs olmaq həddinə çatdırılır və nəticə etibarilə baş verənlər insanların hakimiyyətdən narazığına gətirib çıxarır. Belə özbaşınalıqlarla üz-üzə qalan vətəndaş, tək lombardı və ya bankı deyil, eyni zamanda hakimiyyəti günahkar bilir". Fikrət Yusifovun sözlərinə görə, keçən ilin sonlarından lombard fəaliyyətinə verilən lisenziyaların ləğv edilməsi isə bir neçə ay ərzində onların sayının, yağışdan sonra göbələk kimi artmasına gətirib çıxardı: "Bəzi hesablamalarla indi ölkə ərazisində 1500 -ə qədər lombard fəaliyyət göstərir və onların fəaliyyəti heç bir qanunla tənzimlənmir. Yəni bu gün bu sahədə tam özbaşınalıq hökm sürür. Lombardlar müştərilərlə istədikləri kimi davranırlar. Bu səbəbdən də təcili olaraq "Lombard fəaliyyəti haqqında" qanun qəbul edilməlidir. Biz bundan əvvəlki açıqlamalarımızda təklif etmişdik ki, ölkədə lombard kimi fəaliyyət edən banklar dərhal bağlansın. Bu bankların fəaliyyəti cəmiyyətdə narazılıq və qarşıdurma yaratmağa köklənib. Lombard xisləti ilə fəaliyyət göstərən banklardan ölkənin real sektoru nə fayda götürə bilər? Belə banklar bizə lazımdırmı? Ölkə Prezidenti dəfələrlə onları real sektora üz tutmağa səsləsə də, əslində onlar bu gün daha yüngül üsullarla, daha çox qazanmaq uğrunda bir-biri ilə yarışa giriblər. İndi də sırf lombard donuna bürünüb, küllü qazanc xatirinə əhalini hakimiyyətdən narazı salmaqla məşğuldurlar". Mərkəz rəhbərinin sözlərinə görə, bank fəaliyyətinin bu qədər eybəcər bir formaya düşməsi Azərbaycanda bank sisteminin kökündən sökülüb yenidən qurulmasını zəruri edir: "Biz artıq xeyli vaxtdır ki, bankları verdikləri kreditin taleyini yalnız girov götürməkdə gördükləri üçün qınayırıq. Bu gün girovunu hər hansı bir formada alan bankı, götürülən kreditin necə qaytarılacağı praktik olaraq düşündürmür. Bank, müştərinin real gəlirlərinin vəziyyətini və ya onun kredit aldığı layihənin nə qədər real olduğunu heç üzdən də araşdırmır. Çünkü, ikiqat girov götürməklə o, verdiyi krediti artıqlaması ilə sığortalaya bilir və bununla da vəzifəsini bitmiş hesab edir. Çünkü bank arxayındır ki, borcu olan vətəndaşın evini, maşınını, bağını, başqa əmlakını da əlindən asanlıqla almaq olar. Əslində isə bank, kredit verdiyi tərəfin maddi imkanlarını və ya layihənin gerçəkliyini on dəfə ölçüb-biçdikdən sonra bu krediti verməlidir". İqtisadçı hesab edir ki, bank sistemində yaranmış bu vəziyyət bank islahatlarının digər islahatlardan daha sürətlə aparılmasını zəruri edir: "Çünkü ölkə iqtisadiyyatının neftdən asılılığının optimallaşdırılması yolunda real sektora real dəstək də banklardan gəlməlidir. Fikrimizcə Azərbaycanda ilkin mərhəllədə 10-a qədər bankın olması və sonradan onların da sayının iki dəfə azaldılması ən optimal seçim olardı. On milyona yaxın əhalisi olan Azərbaycana, geniş şəbəkəsi olan, sahə maraqlarına istiqamətlənmiş 4-5 bank tam kifayət edər. Lombard -dükan xislətli bankları isə onların nizamnamə kapitalına olan təlabatı 10 dəfə artırmaqla sıradan çıxarmaq lazımdır. Belə olarsa, onda müştərilər banka üz tutanda, onlara lombard xidməti deyil, sivil bank xidməti göstəriləcəkdir".
Füzuli