Banklar dollar bataqlığını dərinləşdirir
15 Mart 2016 15:41 İqtisadiyyatHazırda ölkənin bank sistemində mövcud olan 43,8 milyard manat əmanət və kreditin 29,6 milyard manatı xarici valyutadadır. Bu bank sistemində olan əmanət və kreditlərin 67,5 faizi deməkdir. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən iqtisad elmləri doktoru Fikrət Yusifov deyib ki, bank sistemini düşdüyü bu durumdan xilas etmək üçün kordinal tədbirlər görülməsi tələb olunan bir dönəmdə isə banklar müştəriləri yalnız dollar kreditləri götürməyə təhrik etməklə, düşdükləri bataqlığı daha da dərinləşdirirlər: "Bu yazı mətbuatda işıq üzü görənə qədər təşkilatımızın əməkdaşları manatla istehlak krediti almaq üçün 20-yə qədər banka müraciət etsələr də onlara yalnız dollarla kredit təklif olunub. Hesab edirik ki, öz qazanclarını düşünməkdən başqa heç nəyin fərqində olmayan, yüngül yolla varlanmagı özlərinə seçim etmiş bu banklara, milli valyutamızı belə aşağılamaq imkanı vermək olmaz". Fikrət Yusifov deyib ki, Prezident manatın nüfuzunu bərpa etmək yolunda ciddi addımlar atdığı bir dönəmdə, bankların bu özbaşınalığı başa düşülən deyil: "Manat bu dövlətin milli valyutasıdır, dövlətçiliyimizin rəmzidir. Onu əcnəbi valyutaların ayaqları altına atmaq ən azı vicdansızlıqdır. Milli valyutaya hər kəs hörmətlə yanaşmağa borcludur və bu işdə hamıdan daha çox borclu olan da elə banklar özləridirlər. Lakin bu gün kredit verdikləri müştərilərlə münasibətlərdə bütün oyun qaydalarını birtərəfli qaydada öz xeyirlərinə müəyyən etmiş banklar,bir tərəfdən yeni kreditləri yalnız xarici valyutada təklif edir, digər tərəfdən isə xarici valyutada kredit götürmüş müştəriləri müxtəlif üsullarla aldadırlar. Bank sistemindəki mövcud durum onun iflasına, əhali arasında isə ciddi narazılığa gətirib çıxara bilər. Odur ki, yaranmış vəziyyətdən çıxmaq üçün ən qısa vaxtda banklar tərəfindən xarici valyutada kreditlərin verilməsi qadağan edilməli, manatın iki kəskin devalvasiyasından sonra xarici valyuta ilə verilən kreditlərin ödənişini həyata keçirə bilməyən müştərilərin işi banklar tərəfindən məhkəmə müstəvisinə çıxarıldığı hallarda, vaxtıilə ölkə Kostitutsiyasının tələblərini kobud şəkildə pozaraq həmin müştərilərə heç bir seçim qoymayan və onları yalnız xarici valyutada kredit götürməyə təhrik etmiş bank rəhbərləri məsuliyyətə cəlb olunmalıdır.