Valyuta uçqunu geri qayıdır
10 Fevral 2016 07:19 İqtisadiyyatSon bir neçə onillik, bəlkə də, yüzilliklər ərzində valyuta bazarında volatillik (dəyişkənlik, qeyri-sabitlik) müşahidə olunmaqdadır. 1970-ci illərin əvvəlində Bretton-Vud sisteminin dağılmasından sonra valyuta məzənnələrinin kəskin surətdə dəyişməsi beynəlxalq maliyyə bazarlarının ayrılmaz hissələrindən biri oldu, əsasən 1980-ci illərdə inflyasiyanın bütün dünyada hökm sürdüyü bir dövrdə meqadevalvasiyalar adi hal aldı. Lakin 1990-cı və 2000-ci illərin əvvəlində belə dünyanın 10-20% ölkəsi böyük devalvasiya və ya valyuta uçqununu hiss etmədi.Daha sonra qəfildən sükut çökdü. 2008-ci ilin sonunda və 2009-cu ilin əvvəlində qlobal maliyyə böhranının törətdiyi xaos istisna olmaqla valyutanın çökməsi 2004-2014-cü illər ərzində çox nadir hallarda müşahidə oluna bilən bir hadisə oldu. Bununla belə, son zamanlar baş verən hadisələr ehtimal edir ki, bu onillik ərzində valyuta uçqununun olmaması qaydanı təsdiqləyən istisna kimi xatırlanacaq. 2004-2014 illər ərzində valyuta uçqununun ümumiyyətlə olmaması ilk növbədə aşağı və sabit beynəlxalq faiz dərəcələri, inkişaf edən ölkələrə əhəmiyyətli kapital axını və əmtəə qiymətlərinin qalxması ilə yanaşı (bir çox hallarda) maliyyə böhranından qaça bilən ölkələrdə sabit iqtisadi inkişafın nəticəsidir. Nəticə etibarı ilə, bir çox ölkənin bu illər ərzində əsas qayğısı onların məzənnələrinin Amerika dollarına və digər ticarət tərəfdaşlarının valyutalarına nisbətən davamlı şəkildə güclənməsinin qarşısını almaq idi.Məşhur politoloq və ekspert, Harvard Universitetinin nəzdindəki Con Kennedi İdarəetmə Məktəbinin beynəlxalq maliyyə sistemi kafedrasının (International Financial System at Harvard University's Kennedy School of Government) professoru Karmen Reynhart "The Return of the Currency Crash" (Valyuta uçqunu geri qayıdır) məqaləsində bildirir ki, vəziyyət 2014-cü ildə, yəni qlobal şəraitin pisləşməsi ilə əlaqədar olaraq valyuta uçqununun kütləvi şəkildə baş verməsi ilə dəyişdi. Qrafikə daxil olan 179 ölkənin təxminən yarısında bir il ərzində 15 faizdən çox devalvasiya qeyd olundu. Bəli, çevik valyuta məzənnəsi rejimi sabit və ya qeyri-sabit məzənnə kursundan imtina etməyin nəticəsi olaraq yaranan dramatik problemlərdən xilas edir. Lakin hazırda bu devalvasiyaların iqtisadi inkişafa canlandırıcı təsir göstərdiyini təsdiqləyən çox az nəsə mövcuddur - sözügedən inkişaf yetərincə zəif olaraq qalır.2014-cü ilin yanvar ayından 2016-cı ilin yanvarınadək orta kumulyativ devalvasiyanın həcmi Amerika dollarına nisbətən 35% təşkil etdi. Devalvasiyanın daha çox hiss olunduğu bir çox ölkələrdə mübadilə kursunun zəifləməsi xarici valyuta ilə götürülmüş borclarla əlaqədar olan cari problemləri daha da çətinləşdirdi. Bundan başqa, qarşılıqlı əlaqəli dünyada valyuta uçqununun effekti onun baş verdiyi ölkə ilə kifayətlənmir. 1994-cü ildə Çin çoxsəviyyəli mübadilə kurslarının sistemlərini vahid şəklə salaraq və yuanı 50% devalvasiyaya uğradaraq valyuta tənzimlənməsinin islahatını keçirdi. Məhz Çin devalvasiyasının Tailand, Koreya, İndoneziya, Malaziya və Filippinin rəqabət qabiliyyətinin itirməsinə səbəb olmasına dair əsaslı dəlillər mövcuddur. Bu ölkələrin valyutaları ABŞ dollarından asılı idi (və ya qismən asılı idi). Öz növbəsində, bu məzənnələrin kumulyativ güclənməsi 1997-ci ildə yaranmış Asiya böhranının müqəddiməsini yaratdı.Artırılmış məzənnə kursları maliyyə böhranının ən yaxşı qabaqlayıcı göstəricilərindən biridir. Bu məcrada, görünür, biz 1994-1997-ci illərdə baş verənlərlə yenidən üzləşirik. Ancaq bu dəfə rollar dəyişilib. 2014-cü ilin əvvəlindən yuan dollara nisbətən cəmi 7,5% devalvasiyaya uğradı, avro - təxminən 25%, bir çox inkişaf edən ölkələrin məzənnələri isə daha da zəiflədi. İqtisadiyyatın istehsala əsaslandığı təqdirdə, məsələn, Çində, artmış kurs və iqtisadi inkişaf arasındakı əlaqəyə qiymət verməmək olmaz. Ötən ilin avqust ayında Çin mötədil devalvasiya keçirəcəyini açıqladı, daha sonra isə yuanın mübadilə kursunun tədricən çevikləşməsinə dair planlarından söz açdı. Bazarlara əminlik qaytarmağa cəhd edən ölkə rəhbərliyi bildirdi ki, Çin bu istiqamətdə mərhələlərlə hərəkət edəcək. Bununla belə, Asiya böhranlarının xəbərdaredici dərsi ondan ibarətdir ki, mərhələli yanaşmaların da öz riskləri var.Əlbəttə, "qonşunun müflis olmasının" son iki ildə valyuta uçqununun səbəb olduğu potensial effekti yalnız Çinə aid deyil. O, sabit məzənnə kursunun az, ya da çox saxlanıldığı istənilən ölkəyə təsir göstərə bilər (bu ölkələrin kateqoriyalarına iri neft hasilatçıları da daxildir).Lakin Çini digərlərindən fərqləndirən onun iqtisadiyyatının dünya ÜDM-də böyük paya malik olması və xammal təchizatçılarından başlayaraq Çinin maliyyələşdirməsindən və ya birbaşa investisiyalardan asılı olan bir çox ölkələrə təsir göstərə bilməsidir. Daha geniş xülasə isə belədir: inkişaf edən ölkələrin payına dünya ÜDM-nin 60 faizi düşür, 1980-ci illərin əvvəlində bu göstərici təxminən 35% təşkil edirdi. Dünyanın rifahını bərpa etmək üçün öncəkindən daha geniş coğrafi bazaya ehtiyac var. Valyuta uçqununun qaytarılması bu məqsədə nail olmağı daha da çətinləşdirə bilər.