Mərkəzi Bank hələ də yubanır
İqtisadçı alim Vüqar Bayramov maraqlı faktlarla çıxış edib
2 Fevral 2016 07:32 İqtisadiyyat"İllik büdcəsi cəmi 1.3 milyard dollar olan Qırğızıstan bu gün məbləği 40 min dollaradək ipoteka kreditləri götürənlərə kompensasiya verilməsi haqda qərar qəbul edib".
ANS PRESS-in məlumatına görə, bu barədə tanınmış iqtisadçı-alim Vüqar Bayramov "Facebook" səhifəsində ölkəmizin ipoteka siyasətinə dair fikirlərini paylaşarkən bildirib.
"İpoteka sahibləri indiki deyil, 2015-ci ilin iyununa olan məzənnə ilə ödənişləri edəcəklər. Qeyd edim ki, hal-hazırda 1 dollar 75 somdur və ötən ilin yayında kurs 62 som idi. Məzənnə fərqi böyük olmasa da kasıb ölkə olan Qırğızıstan üçün bu heç də kiçik məbləğ deyil.Maraqlıdır ki, son bir ildə 8 milyard dollara yaxın dolları xərcləyən və mövcud rezervlərinin həcmi Qırğıstanın büdcəsindən 4 dəfə çox olan Azərbaycan Mərkəzi Bank "maliyyə intizamının pozulacağı" şüari ilə kredit götürənlər üçün yaranan əlavə 3.8 milyard manat xərci hələ də kompensasiya etməkdə yubanır. Belə görünür, bizim baş bankdan başqa dünyada heç bir ölkəsində "maliyyə intizami" haqda düşünmürlər. Amma əsas ritorik sual yenə də açıq qalır: maliyyə intizamı devalvasiya nəticəsində kredit götürənlər üçün əlavə xərc yaradanda pozulur, yoxsa onlara kompensasiya ödədikdə?",- deyə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadiyyat doktoru Vüqar Bayramov qeyd edib.
Azərbaycanda ən geci bu ay ipoteka kreditləri yeni əsasda veriləcək. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib. E.Rüstəmov bildirib ki, Maliyyə Nazirliyi tərəfindən ipoteka kreditlərinin güzəşt və kommersiya hissələrinin genişləndirilməsi üzərində işlər aparılır. İpoteka kreditlərinin verilməsi üzrə digər ölkələrin təcrübəsi nəzərdən keçirilir və araşdırmalar aparılır. Yəqin ki, yaxın zamanda, ən geci gələn ay ipoteka kreditlərinin yeni əsasda verilməsinə başlanılacaq.
Bu barədə maliyyə naziri Samir Şərifov da məlumat vermişdi. Nazir qeyd edib ki, Prezident tərəfindən müvafiq sərəncam imzalanmışdı ki, ipoteka fondunun fəaliyyəti yenidən qurulsun. Nazirlər kabinetinə tapşırıq verilib və artıq bütün sənədlər hazırdır. İpoteka fondu artıq səhmdar cəmiyyət şəklində fəaliyyət göstərəcək. Samir Şərifov əlavə edib ki, gözlənilən digər dəyişiklik, ipoteka kreditləri məbləğinin müəyyən edilməsidir. Bu da artıq fondun, müşahidə şurasının ixtiyarına verilir.
"Hal-hazırkı məbləğlər indiki şəraitin reallığını əks etdirmir. Şübhəsiz ki, məbləğlərin artırılması zərurəti yaranıb. O cümlədən devalvasiya da nəzərə alınmaqla. Artıq bütün sənədlər hazırdır. Mən hesab edirəm ki, Ədliyyə Nazirliyində son ekspertizadan keçir və üç-dörd günün söhbətidir. Çox çəkməməlidir", - deyə nazir əlavə edib.