Ucuzlaşan neft və rubl: bundan sonra nə olacaq?

Səudiyyə Ərəbistan reallığı dərk etməyə başladı. Bəs Rusiyanın bu reallığı anlaması üçün nə qədər vaxta ehtiyacı var? Bu sual növbəti on il ərzində ən maraqlı suallardan biri olacaq, çünki dünyanın ən nəhəng "neftverən" ölkələrindən biri neftin qiymətlərinin aşağı düşməsilə əlaqədar olaraq müasirləşməyə cəhd edir, ikincisi isə çoxsaylı problemləri həll etməyə çalışır. Səudiyyə Ərəbistanda dövlət xərcələrin azaldılması, su, elektrik enerjisinin qiymətlərinin qaldırılması və ərköyün əhalidən alınan verginin artırılması qismində kiçik inqilab başladı.

Hakimiyyətin cəvahiratının satışa çıxarılması

Məşhur analitik Tim Tridqold "The Forbes"də dərc olunmuş "Low Oil Prices Start A Revolution In Saudi Arabia. Russia Next?" məqaləsində bildirir ki, lakin təsdiqini almamış ən vacib addım-krallığın əsas cəvahiratının - "Saudico Aramco" şirkətinin hissələrinin satışına dair plandır. Digər halda isə, bir sıra neft emal edən müəssisələrin hissələrinin satışı nəzərdə tutulub.

Saudi Aramco şirkətinin birjaya çıxarılacağı təqdirdə, o dəyəri bir milyondan üç milyon trilyonadək ölçülən dünyanın ən iri şirkəti ola bilər. Bütün bunlar onun 260 milyard barel dəyərində olan neft rezervləri və gündəlik qaydada hasil etdiyi 10 milyon barel sayəsindədir.

Bu iqtisadi dəyişikliklər arxasında dayanan siyasət də kifayət qədər maraq doğurur. Belə ki, İranın şiə təriqətindən olan din xadiminin edam edilməsi İslam aləminin iki əsas ölkələri arasında Yaxın Şərqə xas bir qarşıdurma ilə nəticələndi. Səudiyyə Ərəbistanda baş verən hadisələri izah etməyə cəhd etsək, qeyd edə bilərik ki, o, həmkarlar ittifaqına qarşı sənaye müharibəsində qalibiyyət əldə etdikdən sonra Britaniyanın mərhum baş naziri Marqaret Tetçer tərəfindən həyata keçirilən "tetçer inqilabına" hazırlaşır.

Tetçer uğrunda

Tetçer hakimiyyətinin nəticəsində Britaniyanın iqtisadiyyatı müasirləşdi. Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda dəyişiklilərin aparılmasına dair təşəbbüslərin irəli sürülməsi müşahidə olunur. İslahatçılar arasında ilk sırada şahzadə Məhəmməd ibn Salman gəlir. O bildirdi ki, yüksək neft qiymətlərinin dövrü başa çatdı və bir neçə onilliklərdən sonra bu qiymətlər əvvəlki səviyyəyə qalxa bilər, əlbəttə ki, əgər, ümumiyyətlə, bu baş verərsə. Səudiyyə Ərəbistan hakimiyyətinin gəlirlərinin 90 faizi neftin hasilatından və satışından daxil olur, buna görə də neftin qiymətlərinin bu dərəcədə aşağı düşməsi milli iqtisadiyyata ağır zərbə vurdu, büdcənin defisiti isə ÜDM-dan 15 faizədək qalxdı.

Pullara dair təşvişlər

Neft böhranının yaratdığı şəraitdə Səudiyyə Ərəbistan təxminən 550 milyard dollar təşkil edən məzənnə rezervləri sayəsində, hələ ki, yaşaya bilər. Problem ondadır ki, ötən ilin ortalarında bu göstərici 650 milyard dollara bərabər idi. Ər-Riyadın hakim siniflərini, o cümlədən, əsasən, dövlət müəssisələrində çalışan əhalini təşvişə salan digər həyəcan siqnalları da yarandı. Qeyd etmək lazımdır ki, bu ölkədə fəaliyyət göstərən mərkəzləşdirilmiş planlaşdırılma iqtisadiyyata boğucu təsir göstərir.

Müəyyən mənada Səudiyyə Ərəbistan və Rusiyanın problemləri oxşardır. Rusiyada neftdən hədsiz dərəcədə olan asılılıq ölkəni çıxılmaz vəziyyətə saldı, Ukraynaya edilən müdaxilə və son zamanlar Suriyada aparılan hərbi əməliyyatlar nəticəsində Qərb tərəfindən tətbiq edilən sanksiyalar isə problemləri daha da gərginləşdirdi.

Rusiyanın neft böhranı

Aşağı neft qiymətləri, sanksiyalar, o cümlədən ölkənin prezidenti Vladimir Putinin başçılıq etdiyi siyası elitaya yaxın biznesmenlərin iqtisadi təzyiqi Rusiyada faciəli vəziyyətin yaranmasına gətirib çıxardı, belə ki iqtisadiyyatın çökməsi və məzənnənin süqutu göz önündədir. Neftin qiymətinin 40 dollardan aşağı olduğu müddətdə Rusiya və Səudiyyə Ərəbistan daha acınacaqlı vəziyyət gözləyir. Qiymətlər 30 dollardan aşağı düşəcəyi təqdirdə isə vəziyyət, sadəcə, təhlükəli olacaq. Səudiyyə Ərəbistan bu təhlükəni dərk etdi və müasirləşmə yolu ilə getməyə qərar verdi və yığılmış əmanətlərindən istifadə edərək, eyni zamanda əlavə vergi mənbələrini axtararaq, yeni sahələri inkişaf etdirə bilər. Görünür, Rusiya bu imkanlara sahib deyil, çünki onun məzənnə rezervləri 100 milyard dollaradək azalıb, neftin qiymətinin 30 dollardan aşağı düşəcəyi və səviyyənin saxlanılacağı təqdirdə isə gələcəkdə bu rezerv, ümumiyyətlə, yox ola bilər. Digər fərqli cəhət isə ondan ibarətdir ki, Səudiyyə Ərəbistanın onun iqtisadiyyatına neft böhranından çıxmağa yardım edə biləcək zəngin və nüfuzlu dostları var. Rusiyanın belə dostları yoxdur.

Bundan sonra nə baş verəcək?

Bundan sonra baş verəcək hadisələr mühüm əhəmiyyət kəsb edirlər. Səudiyyə Ərəbistan "Tetçer inqilabı"nı həyata keçirməyə müvəffəq olsa, Yaxın Şərqdə liderə çevrilə bilər, bu isə Qərbin, xüsusilə də ABŞ-ın ürəyincə olacaq. Rusiya neft gəlirlərindən olan asılılıqdan əl çəkməsə, indikindən də daha təhlükəli və təcrid edilmiş bir ölkəyə çevriləcək. Hadisələrin irəliləməsinin əsas açarı neftin qiymətləridir. Səudiyyə Ərəbistan və Rusiya bu qiymətlərin qalxması üçün hərəsi bir cür dua edir. Lakin Rusiya daha çox dualar edir.

Orxan Hun
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31