Dollar qıtlığı və...Rüstəmov nə etsin?!
10 Yanvar 2016 23:10 İqtisadiyyatMərkəzi Bank tənzimlənən üzən məzənnə siyasətinə keçidi elan edəndən sonra valyuta bazarında vəziyyəti heç cür tənzimləyə bilmir. Nəticədə dollar gah kəskin sıçrayışla bahalaşır, gah inzibati müdaxilə nəticəsində eyni sürətlə nisbi ucuzlaşır.
İkinci devalvasiyadan sonra valyuta bazarında gedən proseslərin təhlili göstərir ki, Mərkəzi Bankın dekabrın üçüncü ongünlüyündə elan etdiyi yeni məzənnə çox davam gətirmədi. Banklar çox keçmədən güclü ajiotaj qarşısında tələbatı ödəməkdə çətinlik çəkdilər və qısa müddət ərzində dollar qıtlığı yarandı. Ardınca isə 90-cı illərin ortalarında hökm sürən vəziyyətin ilk əlamətləri özünü göstərməyə başladı: Bakının 28 May metrosu həndəvərində 1 ABŞ dollarını az qala 2 manata satan qara bazar alverçiləri peyda oldu.
Doğrudur, Yeni il ərəfəsində hüquq-mühafizə orqanları yenicə vüsət götürməyə başlayan qara bazara tez müdaxilə etdilər və dollar alverçilərindən bir neçəsi saxlanıldı. Nəticədə belələri 28 May metrosunun həndəvərindən yoxa çıxmağa başladı, yaxud gizli fəaliyyətə keçdi. Buna baxmayaraq Yeni ilin ilk günlərində ölkənin əsas ticarət qapılarından birində-İranla sərhəd cənub bölgələrində dolların hətta 3 manata satılması barədə xəbərlər gəlirdi.
Yeni il ərəfəsində Mərkəzi Bankın bankların dollara tələbatını ödəmək üçün öz ehtiyatlarından daha 100 milyon dollar ayırması da vəziyyəti dəyişməyə kömək etməmişdi. Elman Rüstəmovun banklara ayırdığı bu məbləğ də qısa müddət ərzində satılıb qurtardı. Hamı yanvarın 5-ni-tətil günlərindən sonra ilk iş gündə Mərkəzi Bankın hansı məzənnəni elan edəcəyini gözləməyə başladı.
İş günləri başlayanda Mərkəzi Bank dekabrda müəyyən edilmiş məzənnədən kəskin fərqlənməyən yeni məzənnəni elan etsə də bu dəfə valyuta dəyişmə məntəqələrində rəsmi məzənnə ilə real məzənnə arasında kəskin fərqlər müşahidə edilməyə başladı. Valyutadəyişmə məntəqələrində dollar Mərkəzi Bankın elan etdiyi kursdan az qala 15-20 faiz baha alınıb-satılırdı. Çox keçmədən inzibati müdaxilə oldu və valyutadəyişmə məntəqələrində dolların satış məzənnəsi xeyli geriləyərək Mərkəzi Bankın müəyyən etdiyi həddə yaxınlaşdı.
Əvəzində bu dəfə kommersiya bankları dollar satışını dayandırdılar, yaxud kəskin məhdudlaşdırdılar. Mərkəzi Bank banklara təzyiqi bir qədər yumşaldaraq onlara dolları rəsmi məzənnədən əvvəl olduğu kimi 2 faiz deyil, 4 faiz baha alıb-satmağa icazə verən məktub göndərdi.
Lakin heç bir gün keçmədi ki, valyuta dəyişmə məntəqələri yenidən rəsmi məzənnədən kəskin fərqlənən məzənnələr müəyyən etməyə başladılar. Yanvarın 8-də Bakının valyuta dəyişmə məntəqələrində 1 ABŞ dollarının satış qiyməti az qala 1.90 AZN-ə yaxınlaşırdı. Alış qiyməti də rəsmi məzənnədən kəskin yuxarı idi-təxminən 1.75-1.80 AZN arası. Baxmayaraq ki, həmin gün Mərkəzi Bank dolların sonrakı 3 gün üçün məzənnəsinin 1.5642 AZN olacağını elan etmişdi.
Beləliklə, faktiki olaraq dolların bir-birindən ciddi fərqlənən iki məzənnəsi formalaşmışdı. Bu gün yanvarın 9-da isə görünür Mərkəzi Bankın növbəti inzibati müdaxiləsindən sonra valyuta dəyişmə məntəqələri kursu kəskin aşağı endiriblər. Aparılan müşahidələr göstərirdi ki, gün ərzində bəzi banklar 1 ABŞ dollarını 1.62 manata satmağa başlayıblar. Eyni zamanda satış həcmini kəskin məhdudlaşdırıblar. Nəticədə bankların, valyutadəyişmə məntəqələrinin qarşısında yenidən növbələr yaranıb. Bəzi banklar adambaşına 200 dollardan artıq valyuta satmırdı. Bəziləri isə "dollar qurtardı" deyə satışı dayandırıb.
Bu vəziyyət ikinci devalvasiyadan sonra valyuta bazarında xaotik vəziyyət hökm sürdüyünü, manatın üzmədiyini, bah batıb gah çıxdığını deməyə əsas verir. Belə görünür ki, Mərkəzi Bank vəziyyətdən çıxmaq üçün valyutadəyişmə məntəqələrinin fəaliyyətini tamamilə dayandırmağa, dollar satışına ancaq banklarda və onların filiallarında icazə verməyə hazırlaşır. Ancaq bu inzibati tənzimləmə vəziyyətdən çıxış yoludurmu? Dollara tələbatın kifayət qədər yüksək olduğu bir vaxtda onun satıldığı nöqtələrin sayının kəskin məhdudlaşdırılması Mərkəzi Banka nə verəcək?
Bir tərəfdən belə görünür ki, bazarda hökm sürən xaosdan valyuta dəllalları yaxşıca qazana bilir. Əgər dolların stabil olduğu günlərdə valyutadəyişmə məntəqələri 100 ABŞ dollarının satışından cüzi məbləğ-təxminən 50 qəpik-1 manat arası gəlir götürürdüsə indi onlar kursun kəskin aşağı-yuxarı hərəkət etməsi sayəsində 100 ABŞ dollarından hətta 20-25 manat gəlir əldə edə biliblər.
Bu baxımdan valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması belə spekulyasiyaların qarşısını almağa kömək edə bilər, ancaq vəziyyətdən çıxış yolu olmayacaq. Ölkədə ixracın 97 faizini neft təşkil etdiyi və neftin barrelinin 34 dollara düşdüyü bir vaxtda Mərkəzi Bank tələbatı ödəməkdə yenə də çətinlik çəkəcək. Onun kritik səviyyədə azalmış ehtiyatlarının isə bundan sonra da əriməsinə yol verəcəyini gözləmək olmaz.
O zaman Elman Rüstəmov dolları haradan alsın ki, bankların hamısının tələbatını ödəsin? Axı o, ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Cannet Yellen deyil ki, istədiyi qədər dollar çapına sərəncam versin. Deməli vəziyyətdən tək çıxış yolu qalır: ölkədən neftdən başqa da nəsə aparıb satmaq və daha çox dollar gətirmək, başqa sözlə, qeyri-neft sektorunda ixrac potensialını sürətlə genişləndirmək..